Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2473/2022 13.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 25 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay onun xeyrinə tutulması müəyyən edilmiş 120 manat aliment məbləğinin artırılaraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsini və həmin aliment məbləğinin iddia ərizəsinin verildiyi gündən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon Məhkəməsinin 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə nikahları pozulmuş və birgə nikahlarından olan 25 mart 2014-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılmış və hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, onun maddi vəziyyəti aşağıdır və cavabdehdən tutulması qət edilən 120 manat məbləğində aliment usağın saxlanılması üçün kifayət etmir. Hazırda o uşağın geyim, qida və digər zəruri xərclərini qarşılamaqda çətinlik çəkir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o yeni ailə qurmuş və həmin nikahdan bir övladı var. Aldığı əmək haqqı ailənin tələbatlarını ödəmir. Ona görə də, hər ay iddiaçının xeyrinə 140 manat sabit pul məbləğində aliment ödəməyə etirazının olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdən görünür ki, İmişli Rayon Məhkəməsinin 02 iyun 2015-ci il tarixli, 2(036)- 266/2015 saylı qətnaməsi ilə 25 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Republikası Kontitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının 1-ci bəndinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Republikası Ailə Məcəlləsinin 76.2 və 78.8-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğının iddiaçının üzərinə düşməsini, tərəflərin maddi və ailə vəziyyətini, o cümlədən yuxarıda qeyd olunan qanunvericilik aktı normalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay tutulmalı olan alimentin miqdarı 140 (bir yüz qırx) manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş aliment üzrə bir illik ödəmənin məcmusu 1000 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 81.2-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumunun miqdarı 36,8 manat məbləğində müəyyən edilməli və iddiaçı aliment tələbinə dair iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün həmin məbləğ cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Beləliklə, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallarla yanaşı uşağın əvvəlki təminatının səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 02 iyun 2015-ci il tarixli, 2(036)- 266/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, 25 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 140 (bir yüz qırx) manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233-234, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 02 iyun 2015-ci il tarixli, 2(036)-266/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 25 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 140 (bir yüz qırx) manat aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2473/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2473/2022
13.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver