Məhkəmə qərarları › İş №2(036)-2548/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2548/2020

20.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2548/2020 20.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin bağladığı su yolunun bərpa edilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh bağladığı su yolunun öz hesabına bərpa edilməsi, oradan İmişli rayonunun Soltanmuradlı Bələdiyyəsindən icarəyə götürdüyü bir hektar torpaq sahəsindəki əkininə vurduğu maddi zərərin əvəzi olaraq 2590 manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, İmişli rayonunun Soltanmuradlı Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli, 17 saylı qərarına və aralarında həmin tarixdə bağlanmış müqaviləyə əsasən İmişli rayonunun Soltanmuradlı Bələdiyyəsindən kəndlərinin yaxınlığında yerləşən 1 hektar torpaq sahəsini 20 il müddətinə icarəyə götürmüşdür. Həmin torpaq sahəsini ailə üzvləri ilə birlikdə əkinə yararlı hala salıb hər il müxtəlif bitkilər əkirlər. Keçmişdən əkin sahələrini həmin ərazidə yeləşən arxla gələn su ilə suvarmışlar. Lakin Cavabdeh əkin sahələrinə gələn su arxını bağlamış və əkin sahəsini suvarmaqda ona mane olur. Bu mövsüm həmin sahədə arpa əkmişdir. Lakin Cavabdeh su arxını bağladığına və sahəni sulamaqda ona mane olduğuna görə pambıq bitkiləri məhv olmuşdur. Cavabdeh sahəni sulamaqda ona mane olmasaydı o, arpa əkinindən 900 manat, pambıq əkinindən isə 1500 manat qazanc götürə bilərdi. Bundan əlavə o, əkin zamanı 200 kq arpa və 16 kq pambıq toxumuna görə 80 manat, sahənin malalanmasına və toxumun səpilməsin isə 110 manat xərc çəkmişdir. Ona dəymiş ümumi real zərər 2590 manat təşkil edir. Cavabdeh hazırda onun sahəsinə gedən sua arxını bağlamaqda davam edir və ona dəymş ziyanı ödəmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh iddiaçının icarəyə götürdüyü torpaq sahəsinə gedən su arxını bağlamış və iddiaçının əkin sahəsini suvarmağa mane olur. Nəticədə iddiaçının əkin sahəsi susuzluqdan məhv olmuş və iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh öz qanunsuz hərəkətlərinə davam edir və dəymiş ziyanı ödəmək istəmir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiaçının tələbi əsaslıdır, ona görə də təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi su arxını o, öz şəxsi hesabına çəkdirmiş, iddiaçıya da təklif etmişdir ki, arxın çəkilməsində onun çəkdiyi xərclərə şərik olsun, lakin iddiaçı onun bu təklifini qəbul etməmiş, o da su arxının qarşısını kəsmişdir. Lakin iddiaçının əkin sahəsi onun su arxının qarşısını kəsməsi nəticəsində deyil, özünün səhlənkarlığı nəticəsində susuz qalaraq məhv olmuşdur. Belə ki, iddiaçının əkin sahəsinə dörd bir yandan suvarmaq üçün şəraiti olsa da əkin sahəsini suvarmamış, özü özünə ziyan vurmuşdur. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx xxxxxxxx 2004-cü il tarixdə İmişli rayonunun Soltanmuradlı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsindən görünür ki, İmişli rayonunun Soltanmuradlı Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli, 17 saylı qərarına əsasən İddiaçı Soltanmuradlı kəndində yerləşən 01 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı iddia edir ki, Cavabdeh onun icarəyə götürdüyü torpaq sahəsinə gələn su arxını bağlamış, bu səbəbdən o, əkin sahəsini suvara bilməmiş, nəticədə əkin sahəsi susuzluqdan məhv olmuş və ona ziyan dəymişdir. Cavabdeh isə məhkəmədə iddia tələbinə qarşı etiraz edərək göstərmişdir ki, iddiaçının əkin sahəsinə dörd bir tərəfdən sua axını var, iddiaçı əkin sahəsini suvara bilərdi. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin yerli müayinəsi zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı icarəyə götürdüyü torpaq sahəsinə gələn su arxını bağlamış, əkin sahəsinə alternativ su kanalları mövcud deyildir, əkin sahəsinin suvarılması mümükün olmamış, nəticədə əkin susuzluqdan məhv olmuşdur. İşdə olan İmişli Dövlət X2 xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, xx xxxxxxx 2020ci il tarixdə İmişli Dövlət X2 mütəxəssisləri tərəfindən İddiaçı icarəyə verilmiş 01 ha torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi suvarıla bilməmiş, nəticədə torpaq sahəsində olan əkin susuzluqdan yanaraq məhv olmuş, bununla da İddiaçı ümumilikdə 1267 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir... Həmin Məcəllənin 170.3-cü madddəsinə görə heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı icarəyə götürdüyü torpaq sahəsinə gələn su arxını bağlamış və əkin susuzluqdan məhv olmuşdur. Nəticədə İddiaçı ümumilikdə 1267 manat ziyan dəymişdir. Bununla da Cavabdeh delikt törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1098.2-ci maddəsinə görə əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İmişli rayonunun Soltanmuradlı Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli, 17 saylı qərarına əsasən İddiaçı icarəyə verilmiş Soltanmuradlı kəndində yerləşən 01 ha torpaq sahəsinə gedən suyun təbii axımı Cavabdeh tərəfindən öz hesabına bərpa edilməli, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 1267 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutulub İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İmişli rayonunun Soltanmuradlı Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli, 17 saylı qərarına əsasən İddiaçı icarəyə verilmiş Soltanmuradlı kəndində yerləşən 01 ha torpaq sahəsinə gedən suyun təbii axımı Cavabdeh tərəfindən öz hesabına bərpa edilsin. Vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 1267 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 1297 (bir min iki yüz doxsan yeddi) manat məbləğində pul tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar