Məhkəmə qərarları › İş №2(036)-2917/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2917/2025

29.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2917/2025 29.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il təvəllüdlü X4 təlabatlarını nəzərə alaraq yetkinlik yaşına çatana qədər saxlanması üçün sabit pul məbləğində hər ay 300 (üç yüz) manat alimentin cavabdehdən tutularaq ona verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması, mediasiya təşkilatına ödədiyi 60 (altmış) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh xx.xx.2025-ci il təvəllüdlü X4 təlabatlarını nəzərə alaraq yetkinlik yaşına çatana qədər saxlanması üçün sabit pul məbləğində hər ay 300 (üç yüz) manat alimentin cavabdehdən tutularaq ona verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması, mediasiya təşkilatına ödədiyi 60 (altmış) manat dövlət rüsumunun və övladının 3 yaşına qədər baxılması üçün 100 manat baxım pulunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2021 -ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2025-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqlarından etibarən münasibətləri normal olub. Buna baxmayaraq xx.xx.2025-ci il tarixində cavabdeh onu və azyaşlı övladını tərk edərək evdən getmişdir. Getdiyi tarixdən etibarən onunla və övladı ilə maraqlanmır. Övladı ilə maraqlanıb baxması üçün cavabdehə müraciət etsə də cavabdeh laqeyd yanaşır, maddi və mənəvi olaraq onlara baxmır. Bununla bağlı yazışmaları da ərizəsinə əlavə edir. Tənha xanım olaraq övladının tələbatlarını ödəmək ona çətindir. Cavabdehin aylıq gəliri yüksəkdir, əmək haqqından əlavə gəlirləri də vardır. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia ərizəsinə etiraz verərək, qeyd etmişdir ki, o, iddiaçının iddiasını qəbul etmir və onun iddia ərizəsi ilə razı deyil. İşləmir, özünün maddi vəziyyəti ağırdır. Xəstə anasına baxır. 300 manat aliment verməyə imkanı yoxdur. Hal-hazırda 150 manat aliment verməyə razıdır. Üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcək, ona görə də xahiş edir ki, etirazını nəzərə alıb, işə onun iştirakı olmadan baxıb alimenti 150 manat məbləğində təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, maddi imkanı yoxdur. Cavabdeh uşağa maddi və mənəvi olaraq kömək etmir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 394722 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah xx.xx.2021-ci il tarixdə 50 nömrəli akt qeydi ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. FİN nömrəsi D09L3GG olan səxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2025-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh uşağa maddi köməklik göstərmədiyindən iddiaçı uşağın saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində, həmçinin uşaq 3 yaşına çatana qədər uşağa qulluq etdiyinə görə onun saxlanılması üçün 100 manat məbləğində alimentin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında da qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(036)-53/2025 nömrəli qərardadı ilə 2(036)-2917/2025 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək tərəflərin birgə nikahından doğulmuş - xx.xx.2025-ci il təvəllüdlü X1 üçün Cavabdeh ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,48 misli həddində aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin stabil qazanca malik olmamasını, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment və uşağa 3 yaşına kimi qulluq etməyə görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının alimentin tutulması barədə hazırkı ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment həmin tarixdən tutulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməli olduğundan məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2025-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində və uşağa 3 yaşına kimi qulluq etməyə görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün və iddianın qiyməti 4272 manat (200 man x 12 ay + 52 x 36 ay) olduğundan, iddia qismən təmin edildiyindən ödənilməli olan 62,72 manat məbləğində dövlət rüsumunun 40 manatı tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda MPM-in 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən mediasiya xərci kimi ödənilmiş 60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulmasına dair xx.xx.2025-ci il tarixli 16(036)-53/2025 nömrəli qərardad nəzərə alınmaqla) Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində və uşağa 3 yaşına kimi qulluq etməyə görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 40 manat (qırx) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar