Məhkəmə qərarları › İş №2(036)-2918/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2918/2025

21.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2918/2025 21.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 övladları xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 tələbatını nəzərə alaraq yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün sabit pul məbləğində hər bir uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla iki uşaq üçün cəmi 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində aliment məbləğinin cavabdehdən tutularaq ona verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2016-cı ildə faktiki ailə münasibətinə girərək evlənmişlər. Bu münasibəti xx.xx.2017-ci ildə rəsmiləşdirərək rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X7 anadan olmuşdur. Qeyd edir ki, o, Cavabdeh ilə ailə həyatı qurandan sonra ilk vaxtlar ailə münasibətləri normal olmuş, ancaq bir müddət sonra cavabdehlə aralarında olan ailə münasibətləri pozulmağa başlamışdır. Beləki, onlar ər və arvad kimi bir-birilərini anlaya bilmir və ailə problemlərini həll edə bilmirlər. Cavabdeh içki içərək ona və az yaşlı övladlarına fiziki, pisxoloji şiddətlər göstərir. Maddi və mənəvi olaraq onlara baxmır. Tənha xanım olaraq övladlarının tələbatlarını ödəməyə imkanı çatmır. Bu səbəbdən də övladlarının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün bir uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla iki uşaq üçün cəmi 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini istəyir. Əlavə olaraq qeyd edir ki, cavabdehlə aralarında olan rəsm nikah pozulmayıb. İddia ərizəsinə mediatorun təqdim etdiyi arayışıda əlavə edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 162974 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış və 130 nömrə ilə nikah rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “İbrəhimova” soyadı verilmişdir İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 969980 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 596777 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Mediasiya sesiyası haqqında xəbərdar edilmiş Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə faktiki ailə münasibəti qurmuşdurlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 atasıdır. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar. Uşaqlar anası ilə yaşayır, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi köməklik göstərmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1ci maddəsinə əsasən, valideynlər öz uşağı barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşağını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşaqların saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin maddi vəziyyəti və uşaqların mənafeyi, iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, Cavabdeh hər uşağa görə sabit pul məbləğində - sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,425 misli miqdarında aliment tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, 2025-ci il üzrə isə minimum əmək haqqı 400 manat təşkil edir. İddiaçı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, aliment ərizənin verildiyi 2025-ci il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir (400 (2025-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqı) x 0,425 = 170 manat). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 2 uşağa görə - sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,425 misli miqdarında aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar