Məhkəmə qərarları › İş №2(036)-3029/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-3029/2024

28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-3029/2024 28.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızı, İddiaçı cavabdeh İmişli rayonu Yalavac bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi, torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi və torpaq sahəsinin mülkiyyətinə verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh İmişli rayonu Yalavac bələdiyyəsinə qarşı mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması və çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli şəhəri, S. Bəhlulzadə küçəsi ev 19 saylı ünvanda qeydiyyatda olan X1 adına çıxarılmış İmişli rayon Rəsullu (Yalavac) bələdiyyəsinin 10 may 2007-ci il tarixli 07 saylı qərarı ləvğ edilməsi və 22 may 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt etibarsız hesab edilərək ləvğ edilməsi və İmişli rayon Rəsullu kəndində yerləşən onun istifadəsində olan 1 hektar torpaq sahəsi sahibkarlıq məqsədi ilə xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, başqa orqanda (yaxud məhkəmədən öncə başqa orqanda) baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquqi sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Nəzərə alınmalıdır ki, iddianın predmetini bələdiyyənin qərarının ləğvi, torpaqların alqısatqısına dair aktın etibarsız hesab edilməsi və torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi təşkil edir. İddia ərizəsinin mahiyyətindən göründüyü kimi mübahisə inzibati orqanın publik hüquq münasibətlərindən irəli gələn fəaliyyəti və ya hərəkətləri ilə bağlıdır və bu səbəbdən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddianın yolverilməzliyinə görə icraata qəbul olunmasından imtina edilməlidir Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 151, 153, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh İmişli rayon Yalavac Bələdiyyəsinə qarşı torpaq sahəsinin bələdiyyə qeydiyyat yazısının ləvğ edilməsi və imzalanmış alqı-satqısına dair aktın etibarsız olması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırki tələbi barədə ərizə ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi **********, ödənişin təyinatı: İmişli Rayon Məhkəməsi, büdcə təsnifatı kodu: 142213, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ06CTRE********************, ödəyicinin adı İddiaçı, FİN: xxxxxxx) İmişli rayonu üzrə Maliyyə İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə MPM-in 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar