Məhkəmə qərarları › İş №2(036)-3260/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3260/2022

29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3260/2022 29.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 09 noyabr 2017-ci il təvəllüdlü X2, 30 aprel 2020-ci il təvəllüdlü X3 və 18 iyul 2022-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsini və alimentin sənədlərin məhkəməyə təqdim edildiyi gündən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 noyabr 2017-ci ildə faktiki nikah münasibətinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından 09 noyabr 2017-ci il təvəllüdlü X2, 30 aprel 2020-ci il təvəllüdlü X3 və 18 iyul 2022-ci il təvəllüdlü X4 adlı üç uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, münasibətləri pozulmuşdur. Buna səbəb ona uşaqlarının gözü qarşısında fiziki və psixoloji şiddət göstərməsi olmuşdur. Həmçinin bildirmişdir ki, cavabdeh ona xəyanət edir. Cavabdehlə bundan sonra bir ailədə yaşamağı qeyri-mümkündür. Ona görə də, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan AZ-İV 011514 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 noyabr 2017-ci il təvəllüdlü X2 tərəflərin birgə nikahından doğulmuşdur. İşdə olan AZ-İV 402132 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 aprel 2020-ci il təvəllüdlü X3 tərəflərin birgə nikahından doğulmuşdur. İşdə olan AZ-İV 739898 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 iyul 2022-ci il təvəllüdlü X4 tərəflərin birgə nikahından doğulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Republikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Republikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Republikası Kontitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının 1-ci bəndinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Republikası Ailə Məcəlləsinin 76.2 və 78.8-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarının 2-ci bəndinə əsasən, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, o cümlədən yuxarıda qeyd olunan qanunvericilik aktı normalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə tutulmalı olan alimentin miqdarı 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiçı alimentin tutulması ilə bağlı 04 oktyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin tarixdən başlayaraq tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş aliment üzrə bir illik ödəmənin məcmusu 1000 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumunun miqdarı 66,8 (altmış altı manat, səksən qəpik) manat məbləğində müəyyən edilməli və iddiaçı aliment tələbinə dair iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün həmin məbləğ cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikalarından doğulmuş 09 noyabr 2017-ci il təvəllüdlü X2, 30 aprel 2020-ci il təvəllüdlü X3 və 18 iyul 2022-ci il təvəllüdlü X4 iddiaçının himayəsində saxlanılmalı və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikalarından doğulmuş 09 noyabr 2017-ci il təvəllüdlü X2, 30 aprel 2020-ci il təvəllüdlü X3 və 18 iyul 2022-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalsın. 09 noyabr 2017-ci il təvəllüdlü X2, 30 aprel 2020-ci il təvəllüdlü X3 və 18 iyul 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 66,8 (altmış altı manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar