Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3390/2025 01.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment təyin edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: aliment) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 31 iyul 2013-cü il təvəllüdlü X5 və 10 yanvar 2024-cü il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində alimentin və X6 3 yaşına çatanadək iddiaçının saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı uşaqların saxlanılması üçün uşaqlar yetkinlik yaşına çatana qədər hər ay hər uşağa görə 246 manat olmaqla iki uşağa görə 492 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2024-cü il təvəllüdlü X6 3 yaşına çatana qədər ona qulluq etməsinə görə iddiaçının saxlanılması üçün 100 manat alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə nikahlarını qeydiyyata aldırmaqla evlənmişlər. Birgə nikahlarından 2 uşaqları, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X6 anadan olmuşdur. Onlar ailə quran vaxt əvvəllər mehriban yaşasalar da sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hazırda cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya heç bir köməklik etmir. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkir. Ona görə də, iddiaçı məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi xahiş etmişdir.
4. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərmişdir ki, iddiaçı ilə birgə nikahlarından iki uşaqları vardır. Aylıq 700 manat məbləğində əmək haqqı alır. Hazırda ümumilikdə, 400 manat məbləğində aliment ödəməyə razıdır.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
7. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
8. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 saylı sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 115.0.3 və 115.0.9-cu maddələrinə müvafiq olaraq tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir;
10. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanunu: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. AZ-İ 856213 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında 15 avqust 2013-cü il tarixdə İmişli rayon qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 473 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir.
12. AZ-İİİ 097650 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 31 iyul 2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir.
13. AZ-İV 920622 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 yanvar 2024-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı 15 avqust 2013-cü il tarixdə birgə nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 31 iyul 2013-cü il tarixdə X5, 10 yanvar 2024-cü il tarixdə X6 doğulmuşdur. X3 və X6 iddiaçı ilə birlikdə cavabdehdən ayrı yaşayırlar.
15. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
17. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında əmək haqqı aldığını qeyd etsə də bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, iddiaçı tərəfindən məhkəməyə cavabdehin gəlirlərinə dair heç bir sübut təqdim edilməmiş, məhkəmə tərəfindən cavabdehin müntəzəm qazancının (gəlirinin) olduğu müəyyən edilməmiş, həmçinin iddiaçı uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasını xahiş etmişdir.
18. Məhkəmə yuxarıda qeyd olunanları eyni zamanda, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olduqlarını nəzərə alaraq hesab edir ki, 31 iyul 2013-cü il təvəllüdlü X5 və 10 yanvar 2024-cü il təvəllüdlü X2 üçün cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır.
19. Alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, cavabdehin iddianı qismən etiraf etməsi, iddiaçının üçüncü qrup əlil olması, uşağın üstün mənafelərinin rəhbər tutulması və 2025-ci il üzrə uşaq üçün yaşayış minimumunun 246 manat olması nəzərə alınmalı və uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün 170 manat, yəni iddianın verildiyi vaxtda qüvvədə olmuş minimum aylıq əmək haqqı məbləğinin 0,425 misli miqdarında sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia həmin hissədə qismən təmin edilməlidir.
20. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
21. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
22. İddia tələbinin xx.xx.2024-cü il təvəllüdlü X4 üç yaşına çatana qədər iddiaçının saxlanılması üçün 100 manat alimentin cavabdehdən tutulması ilə bağlı qeyd edilməlidir ki, cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X4 üç yaşına çatana qədər iddiaçının saxlanılması üçün cavabdehdən 100 manat alimentin tutulmasına etiraz etməmiş, həmçinin həmin məbləbləğin azaldılmasına, həmin vəzifədən azad edilməsi və müəyyən müddətlə məhdudlaşdırılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
23. Məhkəmə iddiaçının saxlanılması üçün cavabdehdən 100 manat alimentin tutulmasına dair tərəflər arasında sazişin olmadığını, tərəflərin ailə və maddi vəziyyətini, iddiaçın işsiz və üçüncü qrup əlil olmasını, eləcə də ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvadın məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan digər tərəfdən aliment ödəməyi tələb etmək hüququnun olmasını, 2025-ci il üzrə yaşayış minimumunun ölkə üzrə 285 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və xx.xx.2024-cü il təvəllüdlü X4 üç yaşına çatanadək 100 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir.
24. İddiaçı aliment tələbi barədə ərizəni xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır.
25. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
26. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 60 manat məbləğində pul Sabirabad 1 saylı Mediasiya təşkilatına ödənilmişdir.
27. Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın təmin edilmiş hissəsində iddianın qiyməti 5280 manat, həmin hissəsiyə mütənasib olaraq ödənilməli olan dövlət rüsumu isə 72,8 manat təşkil edir.
28. Mülki iş üzrə iddia ərizəsinin surətinin cavabdehə çatdırılması, həmçinin tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar iki ədəd sadə poçt göndərişi göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 1,8 manat təşkil edir.
29. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcindən ibarət məhkəmə xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsinin surətinin cavabdehə çatdırılması, həmçinin tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar 1,8 manat məhkəmə xərci və 12,8 manat məbləğində dövlət rüsumundan ibarət 14,6 manat məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 31 iyul 2013-cü il təvəllüdlü X5 və 10 yanvar 2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün 170 manat, yəni iddianın verildiyi vaxtda qüvvədə olan minimum aylıq əmək haqqı məbləğinin 0,425 misli miqdarında sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq 10 yanvar 2024-cü il təvəllüdlü X6 üç yaşına çatanadək İddiaçı saxlanılması üçün Cavabdeh hər ay 100 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcindən ibarət məhkəmə xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 14,6 manat məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.