Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-381/2022 28.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X1 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurduğu maddi ziyana görə 3080 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 01 dekabr 2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mersedes Benz C220” markalı, **-UA-*** nömrə nişanlı avtomobillə İmişli-Qaradonlu yolunun Araz çayının üzərində keçən körpünün üstü ilə İmişli şəhəri istiqamətində hərəkətdə olan zaman ötmə əməliyyatını düzgün yerinə yetirməmiş və nəticədə ona məxsus “Vaz 21074” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bundan sonra cavadeh barəsində İmişli Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş, həmin qərara əsasən cavadeh İXM-nin 327.2-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində günahkar cavabdehdir. İmişli Vaz təmir stansiyası tərəfindən verilmiş akta əsasən sözü gedən yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 3080 manat ziyan dəymişdir. Cavabdehdən ziyanın ödənilməsini dəfələrlə tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ondan avtomobilə dəymiş ziyan kimi 3080 manat məbləğində pul tələb edir. Lakin avtomobilə 3080 manat məbləğində ziyan dəyməmişdir, həmin məbləğ iddiaçının avtomobilinin ümumi dəyərinə yaxın məbləğdir. Ona görə də, həmin məbləğdə ziyan ödəməyə razı deyildir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli, 127 saylı zərər aktından görünür ki, İddiaçı idarə etdiyi “Vaz 21074” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “Vaz 21074” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3080 (üç min səksən) manat zərər vurulmuşdur. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 may 2022-ci il tarixli, 9/2348 saylı ekspert rəyindən görünür ki, “BYD” markalı, “Vaz 21074” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri hadisə baş verən tarixə təxminən 2880 manat müəyyən edilir. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə kifayət qədər sübutlar təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyan görə 2880 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 manat olmaqla, cəmi 2931 məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyan görə 2880 manat və 51 manat dövlət rüsumu olmaqla, cəmi 2931 (iki min doqquz yüz otuz bir) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-381/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-381/2022
28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver