Məhkəmə qərarları › İş №2(036)-669/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-669/2023

02.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-669/2023 02.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ona məxsus 1 dəst 20 qram çəkidə 1800 manat dəyərində komplekt naborun, 1 ədəd 8 qram çəkidə 720 manat dəyərində nişan üzüyü, 1 ədəd 7 qram çəkidə 630 manat dəyərində gül üzüyün, olmadıqda isə onların ümumi dəyəri kimi 3150 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 ilə 2019-cu ilin avqust ayında faktiki nikah münasibətlərinə girərək evlənmişlər. Lakin, 6 aydan sonra cavabdehdən ayrılmışdır. Birgə yaşadıqları dövrdə cavabdeh tərəfindən ona 1 dəst 20 qram çəkidə 1800 manat dəyərində komplekt naborun, 1 ədəd 8 qram çəkidə 720 manat dəyərində nişan üzüyü, 1 ədəd 7 qram çəkidə 630 manat dəyərində gül üzük hədiyyə edilmişdir. Hazırda cavabdeh həmin qızıl-zinyət əşyalarını ona qaytarmır. Ona görə də məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsinə əlavə olunmuş DVD audio-video disk və foto şəkillərə əsasən cavabdeh tərəfindən iddiaçıya 1 dəst komplekt, 1 ədəd nişan üzüyü və 1 ədəd gül üzük hədiyyə verilmişdir.

4. Məhkəmə-əmətəəşünaslıq ekspertizasının 27 mart 2023-cü il tarixli, 9/1487 saylı rəyinə əsasən 1 ədəd 585 əyarlı 20 qram çəkidə komplekt nabor 1600 manat, 1 ədəd 585 əyarlı 8 qram çəkidə nişan üzüyü 640 manat və 1 ədəd 585 əyarlı 7 qram çəkidə gül üzük 560 manat olmaqla, onların nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri 2800 manat müəyyən edilir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz edərək göstərmişdir ki, onun iddiaçı ilə rəsmi nikahı olmamış, faktiki nikah münasibətlərində olmaqla 3 ay birlikdə yaşadıqdan sonra ayrılmışlar. İddiaçı ondan ayrılarkn iddia tələbində göstərdiyi qızıl-zinyət əşyalarını özü ilə aparıb. Digər tərəfdən onun iddiaçıya üzük hədiyyə etməsini təsdiq edən sübutlar mövcud deyildir və tələb ediyi qızıl-zinyət əşalarının qiymətlərini şişirdilmiş formada göstərmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllə

9. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

10. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

11. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsi

12. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır)

13. Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88.1. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

22. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

23. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında olan nişan və toy mərasimini əks etdirən fotoşəkillərdən və video yazı disklərindən və iddiaçının izahatından müəyyən olunmuşdur ki, 1 dəst komplekt, 1 ədəd nişan üzüyü və 1 ədəd gül üzük iddiaçıya hədiyyə olunmuşdur.

24. Məhkəmə iclasında təqdiq olunmuş yazılı və maddi sübutlar, o cümlədən iddiaçının inandırıcı izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin yaşadığı evi tərk edərkən ona hədiyyə şəklində verilmiş qızıl-zinyət əşyaları cavabdehin evində qalmışdır.

25. Nəzərə almaq lazımdır ki, işdə iştirak edən şəxslərin izahatları mülki prosessual qanunvericiliyində sübut növlərindən biri kimi təsbit olunmuşdur.

26. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarından göründüyü kimi sübut etmə yükü yalnız iddia edənin deyil, iddiaya qarşı etiraz edənin də üzərinə düşür. Lakin cavabdeh iddia tələbinə etiraz etsə də, məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut qədim etməmişdir.

27. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara, onun izahatına, o cümlədən özünün daxili inamına əsaslanaraq hesab edir ki, iddia ərizəsində göstərilən əmlaklar cavabdehin sahibliyindədir və həmin əmlaklar iddiaçıya qaytarılmamışdır.

28. Məhkəmə-əmətəəşünaslıq ekspertizasının rəyi qanuni və əsaslı olub, iddiaçı tərəfindən qəbul edilərək işin hallarına uyğun olduğuna görə yazılı sübut kimi qəbul edilməli və iddiaçının tələb etdiyi əmlakların dəyəri iddia ərizəsində qeyd olunduğu kimi deyil, ekspertiza rəyində qeyd olunan qiymətlə müəyyən olunmalıdır.

29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

30. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

31. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

32. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1 ədəd 585 əyarlı 20 qram çəkidə 1600 manat dəyərində komplekt nabor, 1 ədəd 585 əyarlı 8 qram çəkidə 640 manat dəyərində nişan üzüyü və 1 ədəd 585 əyarlı 7 qram çəkidə 560 manat dəyərində gül üzük, olmadıqda isə onların dəyəri alınıb İddiaçı verilməlidir.

33. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1 ədəd 585 əyarlı 20 qram çəkidə 1600 manat dəyərində komplekt nabor, 1 ədəd 585 əyarlı 8 qram çəkidə 640 manat dəyərində nişan üzüyü və 1 ədəd 585 əyarlı 7 qram çəkidə 560 manat dəyərində gül üzük və ya həmin əmlakların dəyəri alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar