Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-69/2022 14.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X1 Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş maddi ziyana görə 2500 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 07 avqust 2020-ci il tarixdə Qaradonlu-İmişli yolunda idarə etdiyi “SHACMAN” markalı **- NG-*** dövlət qeydiyyat nömrəli avtomobillə ona məxsus bir baş 2500 manat dəyərində 6 yaşlı, boğaz camış heyvanını vurub öldürmüşdür. İmişli rayon Polis şöbəsində araşdırma aparılmış, təhqiqatçı Mehdi Hüseynzadənin 16 sentyabr 2020-ci il tarixli qərarı ilə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh tərəfindən 07 avqust 2020-ci il tarixdə idarə etdiyi “SHACMAN” markalı **-NG-*** dövlət qeydiyyat nömrəli avtomobillə yolun hərəkət zolağının əks istiqamətində vurulub öldürülməsi sübuta yetirilmiş və Cavabdeh Mehdi oğlu yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə barəsində inzibati icraat başlanmışdır. Heyvan baytar həkim tərəfindən müayinə olunmuş və heyvanın ətindən istifadə etmək mümkün olmamışdır. Nəticədə ona 2500 manat ziyan dəymişdir. Cavabdehdən ziyanın ödənilməsini dəfələrlə tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan 16 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırılma zamanı müəyyən edilmişdir ki, Cavabdeh 07 avqust 2020-ci il tarixdə saat 19:56 radələrində idarə etdiyi “SHACMAN” markalı **-NG-*** dövlət qeydiyyat nömrəli avtomobillə İmişli-Qaradonlu yolunda İmişli rayonunun Çaxırlı kənd istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət yolunda İddiaçı məxsus təxmini qiyməti 2500 manat olan bir baş iribuynuzlu camış heyvanını vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın 24 dekabr 2021-ci il tarixli 9/8003 nömrəli rəyindən görünür ki, Respublikadan yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən 1 baş 6 yaşlı dişi boğaz camışın nəzəri qaydada orta bazar qiyməti təxminən 1500 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında tərəflərin izahatları və işin araşdırılan digər halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh 07 avqust 2020-ci il tarixdə Qaradonlu-İmişli yolunda idarə etdiyi “SHACMAN” markalı **-NG-*** dövlət qeydiyyat nömrəli avtomobillə İddiaçı məxsus bir baş altı yaşlı, boğaz camış heyvanını vurub öldürməsi nəticəsində sonuncuya 1500 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1500 (bir min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-69/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-69/2022
14.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver