Məhkəmə qərarları › İş №2(036)-870/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-870/2025

19.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-870/2025 19.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: alimentin təyin edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xx.xx.2018-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı xx.xx.2018-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2014-cü ildə nikahlarını qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Rəvan və 03.11,2016-cı il təvəllüdlü Günay adlı uşaqları olmuşdur. İmişli rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 18 iyun 2021 -ci il tarixdə 2(036)-825/2021 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 iddiaçının himayəsində, xx.xx.2016-cı il tarixdə doğulmuş X4 anasının himayəsində saxlanılmış və X1 üçün yetkinlik yaşına çatanadək hər ay ondan bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü oğlu X5 iddiaçı ilə yaşayır. Valideynlər ayrı yaşadıqları yetkinlik yaşına çatmayan uşaqlarına aliment verməlidirlər. X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh bir uşağa görə 235 manat pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş edir. Belə ki, aliment təyin edilərkən uşağın böyüdüyünü, geyimə, yeməyə və qayğıya olan tələbatlarında nəzərə alimaq lazımdır. Çünki cavabdehin maddi durumu uşağın saxlanılması üçün 235 manat alimenti ödəməyə imkan verir. Uşağın saxlanılması üçün tələb olunan pul məbləğinin (yaşayış min mumu) təkcə bir valideynin, yəni cavabdehin üzərinə qoyulması düzgün deyil. Cavabdeh uşağın saxlanması üçün vəsait verməkdən də boyun qaçırır. Gülgəzdən bir uşağa ayda 235 manat aliment məbləğində pul müəyyən edilməsi uşağın normal saxlanmasına şərait yaradar.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-1682/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında İmişli Rayon İcra Hakimiyyəti başçısının Qızılkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 iyun 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X5 atası İddiaçı, xx.xx.2016-cı il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq, , xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

10. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün iddiaçıdan alimentin tutularaq cavabdehə verilməsi müəyyən edilsə də, hazırda iddiaçı onda qalan uşağa görə cavabdehdən alimentin tutularaq ona verilməsini tələb edir.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinin tələbindən göründüyü kimi əgər tərəflərdən hər biri ilə uşaq qalıbsa, aliment bir valideyndən az təminatlı digər valideynin xeyrinə tutulur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-1682/2023 saylı qətnaməsi ilə aliment iddiaçıdan cavabdehin xeyrinə tutulmuşdur.

12. Bundan başqa, iddiaçı alimentin təyin olunması üçün özünün az təminatlı olmasını, habelə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

13. Odur ki, tərəflərdən hər biri ilə uşaq qaldığından qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi nəzərə alınmaqla onda qalan uşağa görə cavabdehdən aliment ödənilməsini tələb etməkdə iddiaçı haqlı deyildir.

14. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

VI. Nəticə:

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı xx.xx.2018-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar