Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-903/2021 07.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4322 manat, mənəvi zərərə görə 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İmişli şəhəri, İ.Səmədov küçəsi dalan 1 ünvanında yerləşən 0.05 hektar torpaq sahəsini 30 sentyabr 2020-ci il tarixdə notariusda təsdiq edilməklə 4000 manata ona satmışdır. Sənədləşməyə 322,95 manat rüsum ödəmiş və aldığı torpaq sahəsini dövlət reyestr xidmətində qeydə aldırmaq istədikdə məlum olmuşdur ki, cavabdeh onu aldadıb, əvvəllər başqa adama satdığı torpaq sahəsinə saxta sənəd düzəldib ona da satmışdır. Belə ki, 6 saylı Beyləqan Ərazi İdarəsinin 13.10.2020-ci il tarixli məktubunda göstərilir ki, Cavabdeh 14.01,2008-ci il tarixlı dövlət reyestrindən çıxarışın əslinin itməsi barədə qəzetdə elan və polisdən arayış təqdim olunmaqla qeyd olunan İmişli şəhəri, İ.Səmədov küçəsı dalan 1 ünvanında yerləşən 0.05 hektar torpaq sahəsinə 10.09.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış əldə edərək 30 sentyabr 2020-ci il tarixdə alqı-satqı müqaviləsi ilə ona satmışdır. Lakin vətəndaş X2 müraciəti əsasında sözügedən torpaq sahəsinin 03.04.2008-ci ildə İmişli rayon 2-ci notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında ona satıldığı məlum olmuşdur. Cavabdehin notariusa təqdim etdiyi həmin sahəyə çıxarışı, Plan ölçüsü saxta imiş. Həmin sahə 2008-ci ildə başqa adama satılıb onun da həmin sahəyə qeydiyyat vəsiqəsi vardır. O, həmin 4000 manatı bankdan faizlə götürmüş, həmin pulu faizlə tələb edir. Bankdan pulu qızının və ərinin adına götürüb həmin torpaq sahəsini almış, maddi zərərdən əlavə, cavabdeh onu aldatdığı üçün mənəvi zərər də vurmuşdur. Belə ki, o, ev tikmək üçün nəhayət torpaq sahəsi aldığına sevinmiş, lakin aldadıldığını biləndə stres keçirərək mənəvi ıztirab keçirmişdir. Ona vurulmuş mənəvi zərəri 10000 manat dəyərində qiymətləndirir. Cavabdehdən ondan aldıgğı pulu və vurduğu zərəri tələb etsə də verməyəcəyini deyir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2008ci ildə ölkə Prezidenti tərəfindən ona 0,5 ha torpaq sahəsi verilmişdir. Uşağı xəstə olduğu üçün həmin torpağı X3 3500 manata satmaq qərarına gəlmişdir. Fərhad ona 650 manat beh vermiş qalan 2850 manat məbləği isə 13 il keçsə də verməmişdir. Ona görə də o, torpağı Fərhadın adına rəsmiləşdirməmiş, torpağın sənədlərini isə Fərhaddan ala bilməmişdir. Bundan sonra o, torpaq sahəsinə yeni çıxarış əldə etmiş və torpağı alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Bundan xəbər tutan Fərhad həmin müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmənin qanunsuz qərarı ilə alqı-satqı müqaviləsi ləğv edilmişdir. O, həmin qətnamədən apelyasiya şikayəti versə də, məhkəmə onun şikayətini qəbul etməmiş və bununla da onun hüquqları pozulmuşdur. O, qeyd olunan torpaq sahəsini 4000 manata qanuni şəkildə iddiaçıya satmış və torpağın bütün sənədlərini də iddiaçıya vermişdir. Hazırda onun iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Ona görə də iddianı əsassız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 30 sentyabr 2020-ci il tarixli, AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə”nin surətindən görünür ki, satıcı Cavabdeh İmişli şəhəri, İ.Səmədov küçəsi, dalan 1 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsini 4000 manata alıcı İddiaçı satmışdır. İşdə olan İmişli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(036)-413/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, Cavabdeh AA 535892 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan İmişli şəhəri, İ.Səmədov küçəsi, dalan 1 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 10.09.2020-ci il tarixli ********** nömrəli (reyestr nömrəsi: **********74) qeydiyyatı ləğv edilmiş və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi: **********74; 10.09.2020-ci il tarixli ********** nömrəli) Çıxarış etibarsız hesab edilmiş, AA 535892 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan İmişli şəhəri, İ.Səmədov küçəsi, dalan 1 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında İmişli regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisində bağlanmış 30 sentyabr 2020-ci il tarixli, AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə”si etibarsız hesab edilməklə ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən göründüyü kimi İmişli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(036)- 413/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnu itirdiyi və mülkiyyət hüququnun X1 halda həmin torpaq sahəsinə dair dolayı yolla Çıxarış əldə edərək torpaq sahəsini 4000 manata İddiaçı satmış, iddiaçı həmi torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün ümumilikdə 322 manat dövlət rüsumu ödəmişdir. Bununla da İddiaçı ümumilikdə 4322 manat məbləğində ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) İddiaçının digər tələbi isə mənəvi zərərin ödənilməsindən ibarətdir və məhkəmə iddiaçının bu tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İddiaçı cavabdehdən 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi zərərə görə maddi təzminatın 10000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu üzrə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4322 manat məbləğində maddi zərər və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 4352 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh 4322 manat məbləğində maddi zərər və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 4352 (dörd min üç yüz əlli iki) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-903/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-903/2021
07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver