Məhkəmə qərarları › İş №2(036)-906/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-906/2022

13.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-906/2022 13.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh himayəsində olan 07 oktyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin, habelə məhkəmə xərclərinin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 2008-ci ildə faktiki nikah münasibətinə girərək evlənmişdir. Ancaq nikahlarını rəsmiləşdirməmişdirlər. Birgə nikahlarından 07 oktyabr 2009-cu il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, münasibətləri pozulmuşdur. İddiaçı uşaq xəstə olduğu üçün onu xarici ölkəyə müalicəyə aparmaq məcburiyyətindədir. Uşaq hal-hazırda iddiaçının himayəsindədir və o, uşağı qohumlarının köməkliyi ilə saxlayır. Cavabdeh sağlamdır, fərdi əməklə məşğul olur, qazanır, lakin uşağın saxlanılmasına köməklik göstərmir. Qeyd olunanlara əsasən cavabdehdən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulmalıdır. Ona görə də, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və məhkəmə tibbi ekspert komissiyasının təşkil edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan AZ-İ 130175 nömrəli atalığı müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 07 oktyabr 2009-cu il təvəllüdlü X2 Xəyal Yunis oğlu və İddiaçı faktiki nikahlarından doğulmuşdur. İşdə olan AZ-İİ 465287 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 07 oktyabr 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Qasımov X4 Yaqut Ərşad qızı tərəfindən təsvir edildiyi kimi, aliment mübahisəsi üzrə 22 yanvar 2022-ci il tarixində, 14:00-15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Republikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Republikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Republikası Kontitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının 1-ci bəndinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Republikası Ailə Məcəlləsinin 76.2 və 78.8-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarının 2-ci bəndinə əsasən, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, o cümlədən yuxarıda qeyd olunan qanunvericilik aktı normalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay bir uşağa görə tutulmalı olan alimentin miqdarı 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiçı alimentin tutulması ilə bağlı 15 fevral 2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin tarixdən başlayaraq tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş aliment üzrə bir illik ödəmənin məcmusu 1000 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumunun miqdarı 38 (otuz səkkiz) manat məbləğində müəyyən edilməli və iddiaçı aliment tələbinə dair iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün həmin məbləğ cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 07 oktyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 oktyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 15 fevral 2022-ci il tarixdən hesablansın. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar