Məhkəmə qərarları › İş №2(036)-948/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-948/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-948/2024 11.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki mübahisə (açar sözlər: aliment) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay sabit pul məbləğində bir uşaq üçün 200 (iki yüz) manat olmaqla iki uşaq üçün cəmi 400 (dörd yüz) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay sabit pul məbləğində bir uşaq üçün 200 (iki yüz) manat olmaqla iki uşaq üçün cəmi 400 (dörd yüz) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2013-cü ildə faktiki nikah münasibətinə girərək ailə həyatı qurmuşlar. 2015-ci ildə bu münasibəti rəsmiləşdirərək cavabdehlə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladı, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 var. Bir müddət cavabdehlə mehriban ailə kimi yaşadıqdan sonra ailə münasibətləri pozulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün 2019-cu ildə İmişli Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə iddiaçı arasında olan nikah pozulmuş və övladları iddiaçının himayəsində qalmışdır. Tənha xanım olaraq övladlarının tələbatlarını ödəmək iddiaçıya çətindir. Belə ki, övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması nəzərə alaraq sabit pul məbləğində bir uşaq üçün 200 manat olmaqla iki uşaq üçün 400 manat alimentin cavabdehdən alınmasını istəyir. xx.xx.2014-cü il təvəllüdlü X7 aituzim xəstəsidir, müalicəsinə imkanı çatmır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən etiraf edərək, izahatında bildirdi ki, əvvəlki nikahından da bir övladı var, ona da aliment ödəyir. Aliment ödəməkdən boyun qaçırmır. Kəsiləcək alimenti aldığı əmək haqqına uyğun kəsilməsini istəyir. Sonda cavabdeh iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

7. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 469225 nömrəli Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə X3 doğulmuş X6 atası hesab edilmişdir.

9. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16- 5/70-379-24 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, atası Cavabdeh, anası X4r.

10. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 761510 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

11. İmişli regional “ASAN xidmət” mərkıəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 429916 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir.

12. Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh sürücü işləməklə əmək haqqısı 350 manat təşkil edir.

13. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar uçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

14. Qanunvericiliyə əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olmasını, eyni zamanda yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, uşaqların mənafeyini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən uşaqlara görə alimentin tutulmasını tələb etməkdə haqlıdır.

15. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay, hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməlidir.

16. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, cavabdehdən övladları xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.

17. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

18. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

19. İddiaçı aliment tələbi barədə ərizəni xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

20. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar