Məhkəmə qərarları › İş №2(037)-1043/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1043/2023

01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1043/2023 01.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X7 oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 01 noyabr 2023-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından 01 dekabr 2010-cu il tarixdə doğulmuş X6, 16 fevral 2015-ci il tarixdə doğulmuş X4 və 18 oktyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 660 (altı yüz altmış) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-152 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, 01 dekabr 2010-cu il tarixdə doğulmuş X6, 16 fevral 2015-ci il tarixdə doğulmuş X4 və 18 oktyabr 2016-cı il tarixdə doğulmuş X3 yanında saxlanılmışdır. Həmin vaxt cavabdeh uşaqların maddi təminatlarının ödənilməsinə köməklik etdiyinə görə ondan aliment tələb etməmişdir. Onlar bir evdə yaşasalar da , cavabdeh uşaqlarına könüllü köməklik etmək istəmir. Özü Bakı şəhərində gözəllik salonunda işləyir. Cavabdeh isə mabel satışı ilə məşğul olmaqla gəlir əldə edir. Ona görə də cavabdehdən üç uşağın saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 660 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, teleqram işi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, üç uşağın saxlanması üçün hər ay hər uşağa 200 manat olmaqla cəmi 600 manat aliment ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddaçının izahatını, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İİ 624432 saylı xx.xx.2011-ci il tarixli, AZ-İİİ 546235 saylı xx.xx.2015-ci il tarixli və AZ-İİİ 921047 saylı xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 01 dekabr 2010-cu il tarixdə X6, 16 fevral 2015-ci il tarixdə X4 və 18 oktyabr 2016-cı il tarixdə X3 adlı üç uşağı doğulmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-152 saylı qətnaməsindən müəyyən edilir ki, tərəflər arasında 28 aprel 2015-ci il tarixdə İsmayıllı rayon İHB-nın İstisu kənd icra nümayəndəliyində 01 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuş, 01 dekabr 2010-cu il tarixdə doğulmuş X6, 16 fevral 2015-ci il tarixdə doğulmuş X4 və 18 oktyabr 2016-cı il tarixdə doğulmuş X2 boşanmadan sonra anasının yanında saxlanılması qət olunmuşdur. İş materillarına əlavə edilmiş AZ-İ 460323 saylı xx.xx.2023-cü il tarixli nikahın pozullması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞŞ/MT0xx-xx-02116 nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-152 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 01 dekabr 2010-cu il tarixdə doğulmuş X6, 16 fevral 2015-ci il tarixdə doğulmuş X4 və 18 oktyabr 2016-cı il tarixdə doğulmuş X2 anasının yanında saxlanılması qət olunmuşdur. İddiaçı nikah pozularkən cavabdehdən aliment tələb etməmişdir. Cavabdehin digər gəlir mənbəyi barədə məlumat yoxdur. İddiaçı özünün uşaqları ilə birgə Bakı şəhərində yaşadığını, cavabdehin isə fərdi əməklə məşğul olmaqla gəlir əldə etdiyini qeyd edərək üç uşağın saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 660 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh məhkəməyə ünvanladığı teleqramda hər ay hər uşağa 200 manat olmaqla cəmi 600 manat aliment ödəyə biləcəyini qeyd edir. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə 01 dekabr 2010-cu il tarixdə doğulmuş X6, 16 fevral 2015-ci il tarixdə doğulmuş X4 və 18 oktyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 hər ay hər uşağa 200 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 07 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 92 qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 07 sentyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınaraq 01 dekabr 2010-cu il tarixdə doğulmuş X6, 16 fevral 2015-ci il tarixdə doğulmuş X4 və 18 oktyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Cavabdeh 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar