Məhkəmə qərarları › İş №2(037)-180/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-180/2024

10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-180/2024 10.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X13 oğlunun katibliyi ilə İddiaçı və nümayəndəsi /vəkil/ Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın atanın himayəsindən alınıb ananın himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 10 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi ilə atası Cavabdeh himayəsinə verilmiş xx.xx.2011-ci il təvəllüdlü X6 atasının himayəsindən alınaraq onun himayəsinə verilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi /vəkil/ Vəkil məhkəmə iclasında izahat veərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2 (012)- 953 nömrəli 31 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ile aralarında bağıanmış nikah pozulmuş, birgə nigahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X11 yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması cavabdehdən hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Abşeron Rayon məhkəməsinin 2 (012)-723 nömrəli 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh övladı Fatimə ilə hər həftənin bazar günləri saat 10:00-dan 18:00-dək, qeyri iş günləri hesab olunan bayram günlərində bir bayram günü saat 10:00-dan 18:00-dək sərbəst şəkildə ünsiyyətdə olma vaxtı müəyyən olunmuşdur. Cavabdeh sərbəst ünsiyyətdə olmaq üçün uşağı Fatiməni iddiaçıdan götürdükdən sonra ondan gizlədərək qaytarmamış və iddiaçının xəbəri və iştirakı olmadan Abşeron rayon məhkəməsinin 2 (012)-1393 nömrəli 21 may 2019-cu il tarixli tarixli qətnaməsi ilə qızı Fatimənin atasının yanında saxlanılması qət edilmişdir. Cavabdehin özü Ayişə adlı qadınla yeni ailə qurduğundan və yeni nikahından 2015-ci il təvəllüdlü Məhəmməd və 2017-ci il təvəllüdlü Yusif adlı uşaqları olduğundan Fatimə adlı uşağı aldıqdan sonra saxlamaq üçün İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan anasına vermişdir. İddiaçı qızı Fatimənin məhkəmə qaydasında atanın yanında saxlanıldığını bildikdən sonra ilk öncə uşaqla ünsiyyatde olmaqla bağlı İsmayıllı rayon məhkəməsinə müraciət etmiş və İsmayıllı Rayon məhkəməsinin 2 (037)-15 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Fatimə ilə har ayın ikinci və dördüncü həftəsinin şənbə günü saat 10.00-dan 17:00-dək İsmayıllı rayonunun Qalacıq kəndində sərbəst şəkildə ünsiyyətdə olma vaxtı müəyyən olunmuşdur. Keçmiş qayınanası müxtəlif bəhanələrlə görüşə maneçilik törətsə də qızı ilə görüşmüş, mobil telefonla əlaqə saxlamışdır. 2023-cü ilin yayında qızı Fatimə V sinfi bitirdikdən sonra atasının yanına gələcəyini və onunla birgə yaşayıb orta təhsilini davam etdirəcəyini bildirmişdir. Cavabdeh Fatiməni özünün yeni ailəsi ilə yaşadığı Bakı şəhəri Ramana qəsəbəsi Gülçülük sovxozunda yerləşən evinə gətirmiş və uşaq Ramana qəsəbəsində yerləşən 22 saylı orta məktəbin Vİ sinfində təhsilini davam etdirmişdir. Telefon əlaqəsi zamanı Fatimə atası və analığının ona azyaşlı qardaşlarına baxmağı, onlara nəzarət etməyi, yemək verməyi və evi yığışdırmağı tapşırdığından dərslərini hazırlamağa vaxt qalmadığını, dərslərdən yayındığını, analığının ona soyuq münasibət bəslədiyini, atasının onu 9-cu sinifdən çıxarıb “Əxilərə” ərə verəcəyini bildirmiş və bu səbəbdən anasının yanına gəlmək istədiyini bildirmişdi. İddiaçı qızından bu qərarının qəti olmasını dəfələrlə soruşub müsbət cavab aldıqdan sonra ona yığışıb yanına gəlməsini söyləmişdir. 04 noyabr 2023-cü il tarixdə günortaya yaxın pal-paltarını və bəzi əşyalarını bir setkaya qoyub öz istəyi ilə iddiaçının yanına gəlmiş və onunla yaşamağa başlamışdır. İddiaçı Bakı şəhəri Xətai rayonu Sarayev küçəsi 38 saylı evin 39 saylı mənzilində kirayədə yaşamaqla “Maya Med” klinikada tibb bacısı işləyir. Fatimə isə hazırda Bakı şəhəri Nizami rayonu 70 saylı məktəbin Vİ sinfində təhsilini davam etdirir. Dərslərindən zəiflədiyinə görə bəzi fənlərdən əlavə məşqul olmaq üçün müəllim tutmuşdur. Uşaq hazırda iddiaçının yanındadır və iddiaçı uşağın tərbiyə və təhsili ilə məşğul olur. Ona görə də Abşeron Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi ilə atası Cavabdeh himayəsinə verilmiş xx.xx.2011-ci il təvəllüdlü X6 atasının himayəsindən alınaraq onun himayəsinə verilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çlxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə təmsil etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 yaşlarında olarkən iddiaçı onu atmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozularkən birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X11 iddiaçının yanında saxlanılmışdır Sonradan cavabdeh uşağı öz himayəsinə götürmüş və Abşeron rayon məhkəməsinin 2 (012)-1393 nömrəli 21 may 2019-cu il tarixli tarixli qətnaməsi ilə Fatimənin atasının yanında saxlanılması qət edilmişdir. Həmin vaxtdan uşaq İsmayıllı rayonun Qalacıq kəndində onun yanında qalmaqla kənd tam orta məktəbdə oxumuşdur. Cavabdeh Aişə adlı qadınla yeni ailə qurmuş və yeni nikahından xx.xx.2016-cı ildə Məhəmməd və xx.xx.2018-ci ildə Yusif adlı iki uşaqları doğulmuşdur. Özü sol budun xronik xəstəliyindən əziyyət çəkdiyinə görə yataq şəraitindədir, İİ qrup əlil kimi pensiya alır. Cavabdeh və ikinci arvadı Ayişə Fatiməni çox istəyirlər. İddiaçı tərəfin gətirdikləri dəlillər düzgün deyildir. İddiaçı tərəf cavabdehdən aliment almaq məqsədilə uşağı atadan almaq istəyirlər. Lakin hazırki vaxtda cavabdehin aliment ödəməyə nə maddi imkanı, nə də səhəti yol vermir. 13 yaşına qədər Fatiməni cavabdeh saxlamış və iddiaçıdan heç nə tələb etməmişdir. Orta məktəbi qurtarana dək uşağın atasının yanında qalmasını istəyir. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. İsmayıllı şəhər 2 saylı tam orta məktəbin müəllimi X3 iştirakı ilə dindirilmiş xx.xx.2011ci il təvəllüdlü X11 göstərdi ki, məhkəmə qətnaməsi ilə atasının yanında saxlanılsa da o, İsmayıllı rayonun Qalacıq kəndində nənəsi Cəmilənin yanında qalmaqla Qalacıq kənd orta məktəbində oxumuşdur. 2023-cü ilin yayında ona V sinfi bitirdikdən sonra yanına gələcəyini və onunla birgə yaşayıb orta təhsilini davam etdirəcəyini bildirmişdir. 2023-cü ilin sentyabr ayından başlayaraq Ramana qəsəbəsində yerləşən 22 saylı orta məktəbin Vİ sinfində oxumuşdur. Atası və analığı Ayişə ona azyaşlı qardaşlarına baxmağı, onlara nəzarət etməyi, yemək verməyi və evi yığışdırmağı tapşırdığından dərslərini hazırlamağa vaxt qalmamış, dərslərdən yayınmışdır. Sonda isə atasının onu 9-cu sinifdən çıxarıb “əxilərə” ərə verəcəyini bildirdikdən sonra o qəti olaraq anasının yanına getməyi, onunla yaşamaq qərarına gəlmiş və 2023-cü ilin noyabr ayında anasının yanına qayıtmışdır. Hazırda Bakı şəhəri Nizami rayonu 70 saylı məktəbin Vİ sinfində təhsilini davam etdirir. Anası ona yaxşı baxır, tərbiyə və təhsil ilə məşğul olur. Bundan sonra da anasının yanında qalmaq istəyir. Məhkəmə iddiaçının və nümayəndəsi /vəkilin/ izahatını, cavabdehin nümayəndəsinin iddia tələbinə münasibətini nəzərdən keçirib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilimiş AZ-İİİ 152769 nömrəli xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin xx.xx.2011-ci il təvəllüdlü X11 adlı bir uşağı doğulmuşdur. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-1393 saylı xx.xx.2019-cu il tarixdli qətanməsinin surətindən müəyyən edilir ki, xx.xx.2011-ci il təvəllüdlü X11 anası İddiaçı alınaraq atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 89 saylı MKİŞ-in 694 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, iddiaçı Məmmədzadə X2 38 saylı evin 39 saylı mənzilində qeydiyyatsız yaşamaqla ailə tərkibi qızı X5 ibarətdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər üzrə Təhsil İdarəsinin 70 N-li Məktəb-liseyin 305 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, X11 məktəb-liseyin Vİ sinfində oxuyur. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2020-ci il tarixli epikrizinin surətindən müəyyən edilir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə tibbi müayinədən keçərkən onda “Sol budun xroniki hemotogen osteomiletinin residivi diaqnozu aşkar edilmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdə cavabdehin sol bud nahiyyəsindən müalicə olunması öz əksini tapmışdır. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Sosial arayışdan müəyyən edilir ki, tibbi-sosial ekspert komissiyası tərəfindən cavabdehə İİİ dərəcəli əlillik müəyyən edilmişdir. Cavabdeh tərəfrindən iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən müəyyən edilir ki, cavabdehin yeni nikahından xx.xx.2016-cı il tarixdə X9 və xx.xx.2018-ci il tarixdə X12 adlı iki uşağı vardır. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli 25 nömrəli rəydə xx.xx.2011-ci il təvəllüdlü X6 anasının yanında saxlanılması uşağın mənafeyinə uyğun hesab edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1393 saylı xx.xx.2019-cu il tarixdli qətanməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X11 anası İddiaçı alınaraq atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Həmin vaxtdan Fatimə adlı uşaq İsmayıllı rayonun Qalacıq kəndində cavabdehin anası Nümayəndə yanında qalmış və orada təhsil almışdır. 2023-cü ildə Fatimə Bakı şəhəri Ramana qəsəbəsində yaşayan atasının yanına getmiş və bir müddət atanın yanında qalaraq orada təhsilini davam etdirmişdir. Cavabdeh yeni ailə qurmuş və himayəsində yeni nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Məhəmməd xx.xx.2018-ci il təvəllüdlü Yusif adlı iki uşaqları vardır. İddiaçı Bakı şəhəri Xətai rayonu Sarayev küçəsi 38 saylı evin 39 saylı mənzilində kirayədə yaşayır. Fatimə hazırda anası ilə birgə yaşamaqla Bakı şəhəri Nizami rayonu 70 saylı məktəbin Vİ sinfində təhsilini davam etdirir. Cavabdeh Bakı şəhəri Ramana qəsəbəsi Gülçülük sovxozunda yaşamaqla İİİ qrup əlil kimi pensiya alır. Sol bud nahiyyəsinin xroniki xəstəliyindən əziyyət çəkir. İddiaçı övladı Fatimə ilə birgə Bakı şəhəri Xətai rayonu Sarayev küçəsi 38 saylı evin 39 saylı mənzilində kirayədə yaşamaqla “Maya Med” klinikada tibb bacısı işlədiyini, uşağının Bakı şəhəri Nizami rayonu 70 saylı məktəbin Vİ sinfində təhsil aldığını qeyd edərək uşağın atanın himayəsindən alınaraq onu himayəsinə verilməsi, uşağın saxlanması üçün ayda 235 manat aliment təyin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi cavabdehin sol bud nahiyyəsinin xronik xəstəliyindən əziyyət çəkdiyindən heç yerdə işləmədiyini, İİİ qrup əlil kimi pensiya aldığını yeni ailə qurduğunu, yeni nikahından iki övladının olduğunu, uşağın 13 yaşına qədər onlar saxladıqlarını və iddiaçıdan heçnə tələb etmədiklərini qeyd edərək uşağın ananın yanında saxlanmasına razı olmadığını, uşağa aliment ödəmək imkanında olmadığını bildirdi. Pedaqoqun iştirakı ilə dindirilmiş Fatimə Azayeva hazırda anasının yanında yaşadığını, anasının ona yaxşı baxdığını, tərbiyə və təhsili ilə məşğul olduğunu, bundan sonra da anasnının yanında qalmaq istədiyini bildirir. Qəyyumluq və Himayəçilik komissiyası Fatimə adlı uşağın anasının yanında qalmasını uşağın mənafeyinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə Fatimə adlı uşağın ananın yanında qalmaq barədə fikrini, 2023-cü ilin noyabr ayından ananın yanında qalmaqla ona olan bağlılığını, iddiaçı tərəfindən uşağın tərbiyə və təhsili üçün normal şəraitin yaradıldığını, uşağın ananın yanında saxlanılmasının onun mənafeyinə uyğun olması ilə bağlı Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, uşağın maraqlarının daha yaxşı təmin edilməsi məqsədi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş X6 boşanmadan sonra anasının yanında qalması qanuni və əsaslıdır. İddiaçı iddia ərizəsində xx.xx.2011-ci il təvəllüdlü X6 cavabdehin himayəsindən alınaraq onun himayəsinə verilməsini tələb etsə də tərəflərin və Fatimə Azayevanın izahatından müəyyən edilmişdir ki, Fatimə Azayeva 2023-cü ilin noyabr ayından anasının yanında yaşadığından onun atadan alınaraq anaya verilməsi məsələsinə baxılmasına zərurət qalmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh İİİ qrup əlil kimi pensiya alır. Cavabdehin digər gəlir mənbəyi barədə məlumat yoxdur. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, cavabdehin himayəsində digər nikahdan iki övladının olması da nəzərə alınmalıdır. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 27 yanvar 2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 21 dekabr 2023-cü il tarixdən hesablanmalı, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 41 (qırx bir) manat 60 (altmış) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 27 yanvar 2011-ci il tarixdə doğulmuş X11 (anası) İddiaçı yanında saxlanılsın. 21 dekabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 27 yanvar 2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 41 (qırx bir) manat 60 (altmış) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar