Məhkəmə qərarları › İş №2(037)-193/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-193/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-193/2021 23.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoru, İsmayilli Rayon İcra və Probası̇ ya şöbəsi və "xxxx" ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 01 sentyabr 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə 23 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoru, İsmayilli Rayon İcra və Probası̇ ya şöbəsi və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 01 sentyabr 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar məhkəmə iclaslarına gəlməmiş, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi ərizə verərək işə iddiaçıların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1lə cavabdeh "xxxx" ASC arasında 14 avqust 2018-ci il tarixində 18023-015/194984L saylı ipoteka müqaviləsi bağlanmış və İsmayıllı şəhəri, Nizami küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,2774 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən mərtəbəliliyi 2, ümumi sahəsi 945.5 kv.metr olan qeyri-yaşayış binası ipoteka edilmişdir. Bankdan götürülmüş məbləğ İddiaçı1 tərəfindən ardıcıl olaraq ödənilmiş, lakin mövcud pandemiya şəraitindən asılı olaraq son dövrlərdə ödəmələrdə çətinliklər olmuşdur. 11 yanvar 2021-ci il tarixli hesab üzrə çıxarışa əsasən mütəmadi olaraq ödənişlər edilmişdir. Bank tərəfindən təqdim olunmuş və notarius tərəfindən icra qurumuna göndərilmiş icra qeydində göstərilmiş borc həqiqəti əks etdirmir. İpoteka predmeti olan obyekt otel kimi istifadə olunmaq üçün nəzərdə tutulmuşdur. Buna görə də pandemiya şəraitinin olmasını cavabdeh "xxxx" ASC fors-major hal kimi nəzərə almalı idi. İddiaçılar ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 01 sentyabr 2020-ci il tarixli icra qeydinin ləğv edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış 13 avqust 2018-ci il tarixli 18023-015/194984L nömrəli kredit limiti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini olaraq İddiaçı2 ilə 14 avqust 2018-ci il tarixli, 18023- 015/194984L nömrəli ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan İsmayıllı şəhəri, Nizami küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,2774 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən mərtəbəliliyi 2, ümumi sahəsi 945.5 kv.metr olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC-nin ipoteka hüququ 15 avqust 2018-ci il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçılara bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka predmeti olan İsmayıllı şəhəri, Nizami küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,2774 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən mərtəbəliliyi 2, ümumi sahəsi 945.5 kv.metr olan qeyri-yaşayış binasına tutumanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı1 kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmaması səbəbindən tələbin ipoteka predmetinə yönəldilməsi üçün icra qeydinin aparılması ilə bağlı Bakı şəhəri 51 saylı Notariat Kontoruna müraciət edilmişdir. 01 sentyabr 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən İddiaçı2 məxsus ipoteka predmeti olan İsmayıllı şəhəri, Nizami küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,2774 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən mərtəbəliliyi 2, ümumi sahəsi 945.5 kv.metr olan qeyri-yaşayış binasına, cəmi 189214,72 manat tutma yönəldilmişdir. İpoteka predmetinə tutuma yönəldilərkən iddiaçılar bundan məlumatlı olmuşlar. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdeh Bakı şəhəri 51 saylı Notariat Kontoru və İsmayilli Rayon İcra və Probası̇ ya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini qərara almışdır. 13 avqust 2018-ci il tarixli 18023-015/194984L nömrəli kredit limiti müqaviləsindən görünür ki, Cavabdeh3 ASC tərəfindən İddiaçı1 120 ay müddətinə 500000 manat məbləğində kredit limiti ayrılmışdır. 14 avqust 2018-ci il tarixli, 18023-015/194984L nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı2 məxsus İsmayıllı şəhəri, Nizami küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,2774 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən mərtəbəliliyi 2, ümumi sahəsi 945.5 kv.metr olan qeyri-yaşayış binası Cavabdeh3 ASC tərəfindən ipoteka edilmişdir. 15 avqust 2018-ci il tarixli, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, Nizami küçəsi ünvanında yerləşən qeyri-yaşayış binası (“Talıstan” moteli) 14 avqust 2018ci il tarixdən 13 avqust 2028-ci il tarixədək Cavabdeh3 ASC tərəfindən ipoteka ilə yüklü edilmişdir. 17 avqust 2018-ci il tarixli, 023FİZAM64817301 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 ASC ilə İddiaçı1 arasında bağlanmış 13 avqust 2018-ci il tarixli 18023-015/194984L nömrəli kredit müqaviləsinin təminatı kimi Orxan Abbasov kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən İddiaçı2 Orxan Abbasovla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 17 avqust 2018-ci il tarixli, 18023-015/194984L nömrəli 13 avqust 2018-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmadan görünür ki, Cavabdeh3 ASC tərəfindən 18023-015/194984L nömrəli 13 avqust 2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 19 faiz dərəcəsi ilə 17 fevral 2021-ci il tarixədək 6 ay güzəşt olmaqla 75000 manat məbləğində borc pul vəsaiti İddiaçı1 verilmişdir. 02 oktyabr 2018-ci il tarixli, 18023-015/194984L nömrəli 13 avqust 2018-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmadan görünür ki, Cavabdeh3 ASC tərəfindən 18023-015/194984L nömrəli 13 avqust 2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 19 faiz dərəcəsi ilə 02 aprel 2021-ci il tarixədək 6 ay güzəşt olmaqla 50000 manat məbləğində borc pul vəsaiti İddiaçı1 verilmişdir. 27 iyul 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh3 ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş İddiaçı1 və İddiaçı2 göndərilmişdir. 27 iyul 2020-ci il tarixli, 4133 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh3 ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə məlumat verilmişdir. 29 iyul 2020-ci il tarixli **********49 nömrəli məktubun surətindən görünür ki, İddiaçı2 məxsus İsmayıllı şəhəri, Nizami küçəsi ünvanında yerləşən qeyri-yaşayış binasına ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində 29 iyul 2020-ci il tarixdə qeydiyyata alınmışdır. 17 avqust 2020-ci il tarixli bildirişin surətindən görünür ki, icra qeydinin aparılacağı barədə Cavabdeh3 ASC tərəfindən İddiaçı2 bildiriş göndərilmişdir. 31 avqust 2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh3 ASC tərəfindən icra qeydinin aparılması üçün Bakı şəhəri 51 saylı Notariat Kontoruna məlumat verilmişdir. 01 sentyabr 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, İddiaçı2 məxsus ipoteka predmeti olan İsmayıllı şəhəri, Nizami küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,2774 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən mərtəbəliliyi 2, ümumi sahəsi 945.5 kv.metr olan qeyri-yaşayış binasına, cəmi 189214,72 manat tutma yönəldilmişdir. 11 yanvar 2021-ci il tarixli hesab üzrə çıxarışın surətindən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh3 ASC-yə 17 avqust 2018-ci il tarixdən 12 mart 2020-ci il tarixə qədər müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, 13 avqust 2018-ci il tarixli 18023- 015/194984L nömrəli kredit limiti müqaviləsinə əsasən Cavabdeh3 ASC tərəfindən İddiaçı1 120 ay müddətinə 500000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini olaraq İddiaçı2 ilə 14 avqust 2018-ci il tarixli, 18023- 015/194984L nömrəli ipoteka müqaviləsi bağlanmış və ona məxsus İsmayıllı şəhəri, Nizami küçəsi ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,2774 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən mərtəbəliliyi 2, ümumi sahəsi 945.5 kv.metr olan qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. 15 avqust 2018-ci il tarixli, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ipoteka predmeti olan qeyri-yaşayış binası 14 avqust 2018-ci il tarixdən 13 avqust 2028-ci il tarixədək Cavabdeh3 ASC tərəfindən ipoteka ilə yüklü edilmişdir. 17 avqust 2018ci il tarixdə Cavabdeh3 ASC ilə İddiaçı2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 17 avqust 2018-ci il tarixli, 18023-015/194984L nömrəli 13 avqust 2018-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmaya əsasən Cavabdeh3 ASC tərəfindən 18023-015/194984L nömrəli 13 avqust 2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 19 faiz dərəcəsi ilə 17 fevral 2021-ci il tarixədək 6 ay güzəşt olmaqla 75000 manat və 02 oktyabr 2018-ci il tarixli, 18023-015/194984L nömrəli 13 avqust 2018-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmadan görünür ki, Cavabdeh3 ASC tərəfindən 18023-015/194984L nömrəli 13 avqust 2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 19 faiz dərəcəsi ilə 02 aprel 2021-ci il tarixədək 6 ay güzəşt olmaqla 50000 manat məbləğində borc pul vəsaiti İddiaçı1 verilmişdir. 27 iyul 2020-ci il tarixdə Cavabdeh3 ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş iddiaçılara göndərilmişdir. Cavabdeh3 ASC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə məlumat vermişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 iyul 2020-ci il tarixli **********49 nömrəli məktuba əsasən İddiaçı2 məxsus İsmayıllı şəhəri, Nizami küçəsi ünvanında yerləşən qeyri-yaşayış binasına ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində 29 iyul 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh3 ASC tərəfindən İddiaçı2 17 avqust 2020-ci il tarixli bildiriş göndərilməklə icra qeydinin aparılacağı barədə ona məlumat verilmişdir. Cavabdeh3 ASC icra qeydinin aparılması üçün Bakı şəhəri 51 saylı Notariat Kontoruna 31 avqust 2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. 01 sentyabr 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən İddiaçı2 məxsus ipoteka predmeti olan qeyri-yaşayış binasına, cəmi 189214,72 manat tutma yönəldilmişdir. İpoteka predmeti olan mübahisəli qeyri-yaşayış binasına tutma yönəldilərkən iddiaçıların məlumatları olmuşdur. İddiaçılar ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 01 sentyabr 2020-ci il tarixli icra qeydinin ləğv edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdeh Bakı şəhəri 51 saylı Notariat Kontoru və İsmayilli Rayon İcra və Probası̇ ya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1. və 11.2-ci maddələrinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 35-ci maddəsinə əsasən ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ödənilməsinə aşağıdakı hallarda yol verilir: İpoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulduğu halda; ipoteka kağızı verildiyi halda; ipotekaya tutmanın yönəldilməsi əsası yarandıqdan sonra ipoteka saxlayanla ipoteka qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması olduqda; ümumi paylı mülkiyyətdə olan ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi barədə ipoteka saxlayanla bütün mülkiyyətçilərin notariat qaydasında təsdiqlənmiş razılaşması olduqda. Bu Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda və ya ipoteka qoyanın yaşadığı (olduğu) yeri müəyyən etmək mümkün olmadıqda ipoteka predmetinə tutma yalnız məhkəmənin qərarı əsasında yönəldilə bilər. 36-cı maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predemetinə tutmanı yönəltməyə başlaya bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: Müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsinin ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi və ya rəsmiləşdirildiyi hallar istisna olmaqla, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi barədə təklif və ya ipoteka predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: Tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. 37-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpotekaya tutmanın yönəldilməsi barədə şikayətə ərizənin daxil olduğu gündən məhkəmə tərəfindən 1 ay müddətində baxılır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. 38-ci maddəsinə əsasən məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi və ya rəsmiləşdirildiyi hallarda əsas öhdəlik bu Qanunun 40-cı maddəsində göstərilən müddətdə icra edilmədikdə tutma notariusun icra qeydi əsasında həyata keçirilir. Bu Qanunun 36.2.3-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma notariat qaydasında təsdiqlənmiş razılaşma əsasında yönəldilə bilər. Razılaşmada aşağıdakılar nəzərdə tutulur: Tərəflərin adı və yaşayış (olduğu) yeri; ipoteka predmetinin adı, ilkin satış qiyməti, təsviri və yerləşdiyi yer. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir; ipoteka saxlayana ödənilməli olan məbləğ; əqd bağlanarkən həmin əşyanın tərflərə məlum olan əvvəlki və ya sonrakı ipoteka saxlayanları və həmin əşya barəsində üçüncü şəxslərin hüquqları; ipoteka predmetinin satışı üsulu; ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi; tərəflərin zəruri saydıqları digər şərtlər. Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın tələblərinin ödənilməsi haqqında razılaşma əvvəlki ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın iştirakı ilə bağlandıqda etibarlı sayılır. 39-cu maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviəsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır. Qərardan şikayət verildiyi halda, bu Qanunun 37.2-ci maddəsində nəzərdə tutulmuş qayda tətbiq edilir. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: İpoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. 40-cı maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. Tərəflər arasında bağlanmış 14 avqust 2018-ci il tarixli, 18023-015/194984L nömrəli ipoteka müqaviləsinin 7.2-ci maddəsinə əsasən borclu kredit limiti müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə və ya müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, İpoteka saxlayan kredit borcunu, faizləri, penyaları, zərəri, məhkəmə və ümumi tələbin 5 faizindən aşağı olmamaq şərti ilə nümayəndə xərclərini ipotekaya qoyulmuş əmlaka yönəltmək hüququna mallikdir.. “Notariat haqqında” Azərbaycan Respublikasinin Qanununun 76-cı maddəsinin məzmununa görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2020-ci il tarixli 156 nömrəli Qərarının 1-ci maddəsinin a) bəndinə əsasən icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. 1-1-ci maddəsinin a) bəndinə əsasən icra qeydi almaq üçün ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli təqdim olunur; b) bəndinə əsasən icra qeydi almaq üçün ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli təqdim olunur. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 01 sentyabr 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi tərtib edilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoru, İsmayilli Rayon İcra və Probası̇ ya şöbəsi və "xxxx" ASC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 01 sentyabr 2020-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair iddia tələbləri rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar