Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-210/2023 15.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 15 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) ilə birgə nikahlarından 14 may 2014-cü il tarixdə doğulmuş Zəhra və 14 aprel 2006-cı il tarixdə doğulmuş Şeyda adlı iki qızının yetkinlik yaşına qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında alimentin və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək hazırda cavabdehin böyük torpaq sahəsində fərdi təsərrüfatda birqadir işləməklə yüksək gəlir əldə etdiyini və 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edildiyini nəzərə alaraq, birgə nikahlarından 14 may 2014-cü il tarixdə doğulmuş Zəhra və 14 aprel 2006-cı il tarixdə doğulmuş Şeyda adlı iki qızının yetkinlik yaşına qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat miqdarında alimentin və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, Türkmənistan Respublikasında doğulmuşdur. Cavabdehlə 2001-ci ildə ailə quraraq 2011-ci ilədək ailəsi ilə birlikdə Türkmənistan Respublikasında yaşamışdır. 2011-ci ildə onlar Azarbaycan Respublikasına gəlmişlər. Birgə nikahlarından 18 oktyabr 2002-ci il tarixdə Tamilla, 14 may 2014-cü il tarixdə Zəhra və 14 aprel 2006-cı il tarixdə Şeyda adlı üç qızı doğulmuşdur. Böyük qızı Tamilla yetkinlik yaşına çatmış, Zəhra və Şeyda adlı digər iki qızı isə yetkinlik yaşına çatmamışdır. Cavabdeh uşaqların maddi təminatı üçün heç bir köməklik göstərmir. Ona görə də uşaqların saxlanılmasında çətinlik çəkir. Uşaqların yaşları artdıqca xərcləri də artır. Əlavə olaraq bildirir ki, artıq dörd aydır ki, uşaqları ilə birlikdə İsmayıllı şəhərində kirayədə qalır. O, aptekdə işləyir və 300 manat əmək haqqı alır. Aldığı əmək haqqı kirayə pulunu və qida ehtiyaclarını çətinliklə ödəyir. Cavabdeh isə İsmayıllı rayonun Quşencə kəndində böyük torpaq sahəsində fərdi təsərrüfatda birqadir işləməklə yüksək gəlir əldə edir, lakin onlara könüllü olaraq köməklik etmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, birgə nikahlarından 14 may 2014-cü il tarixdə doğulmuş Zəhra və 14 aprel 2006-cı il tarixdə doğulmuş Şeyda adlı iki qızının yetkinlik yaşına qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat miqdarında alimentin və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Cavabdeh həmçinin 051 *** ** ** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. (Mülki Prosessual Məcəllə maddə 135.7) Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: 16 fevral 2001-ci il tarixli nikalaşmaq haqqında şəhadətnamədən müəyyən edilir ki, tərəflər nikahlarını 16 fevral 2001-ci il tarixdə 371 nömrə ilə qeyd etdirərək rəsmiləşdirmişlər. 2002-ci il tarixli, 10 may 2006-cı il tarixli və 25 iyun 2014-cü il tarixli doğum haqqında şəhadətnamələrdən müəyyən edilir ki, tərəflərin birgə nikahlarından 18 oktyabr 2002-ci il tarixdə X2, 14 aprel 2006-cı il tarixdə X3 və 14 may 2014-cü il tarixdə X4 adlı üç uşağı anadan olmuşdur. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 16 dekabr 2022-ci il tarixli MŞŞ/01988 saylı arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sesiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmədə iddiaçının izahatından və mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından 18 oktyabr 2002-ci il tarixdə Tamilla, 14 aprel 2006-cı il tarixdə Şeyda və 14 may 2014-cü il tarixdə Zəhra adlı üç uşağı doğulmuşdur. Tamilla Şirinova yetkinlik yaşına çatmış, Şeyda və Zəhra adlı digər iki qızı isə yetkinlik yaşına çatmamışdır. Uşaqlar hazırda iddiaçının yanında qalırlar. İddiaçı özünün işləməsinə baxmayaraq minimum əmək haqqı aldığını, İsmayıllı şəhəri ərazisində uşaqları ilə birlikdə kirayədə qaldığını, aldığı əmək haqqının kirayə pulunu və qida ehtiyaclarını çətinliklə ödədiyini, heç bir əlavə gəlirinin olmadığını, uşaqların yaşının artdıqca xərclərinin də artıdığını, cavabdehin isə İsmayıllı rayonun Quşencə kəndində böyük torpaq sahəsində fərdi təsərrüfatda birqadir işləməklə yüksək gəlir əldə etdiyini və və aliment ödəməyə imkanının olduğunu qeyd edərək iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment təyin edilməsini tələb edir. Cavabdeh məhkəmə prosesinə gəlmədiyindən iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Şeyda və Zəhra adlı uşaqlar hazırda iddiaçının yanında olduğundan, uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd edir ki, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. İşin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay, hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq 14 aprel 2006-cı il tarixdə doğulmuş X3 və 14 may 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, 26 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulmasına aid hissəsini də əsaslı hesab edir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq sessiyada iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən cavabdehdən ödənilmiş 50 manat mediasiya xərci alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 60 (altmış) manat 80 (səksən) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 26 dekabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq 14 aprel 2006-cı il tarixdə doğulmuş X3 və 14 may 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutulsun və İddiaçı ödənilsin. Cavabdeh 60 (altmış) manat 80 (səksən) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-210/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-210/2023
15.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver