Məhkəmə qərarları › İş №2(037)-328/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-328/2025

13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-328/2025 13.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 13 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 sentyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli məbləğində sabit aliment məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdehlə ailə qurub bir yerdə yaşadıqdan sonra 05 yanvar 2023-cü il tarixdə nikahlarını rəsmləşdirmişlər. Birgə nikahlarından 01 sentyabr 2022-ci il tarixdə X2 adlı bir övladları doğulmuşdur. Lakin bir müddət birgə yaşadıqdan sonra cavabdehlə xasiyyətləri düz gəlmədiyindən artıq bir ilə yaxındır ki, cavabdehdən ayrılaraq uşağı ilə valideynlərinin yanına qayıtmışdır. Hazırda uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh uşağın maddi təminatı üçün heç bir köməklik göstərmir. O, heç bir yerdə işləmir. Cavabdeh isə fərdi əməklə məşğul olmaqla normal aylıq gəllirə malikdir. Ona görə də 01 sentyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli məbləğində sabit aliment məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, aliment ödəməyə razıdır. Lakin iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında deyildir. Uşağın saxlanması üçün ayda 150 manat aliment ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİ 495686 nömrəli xx.xx.2023-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər nikahlarını xx.xx.2023-cü il tarixdə İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəliyində 01 nömrə ilə qeyd etdirərək rəsmləşdirmişlər. İş materiallarına əlavə edilmiş AZ-İ 433900 nömrəli 17 fevral 2023-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin 01 sentyabr 2022-ci il tarixdə X2 adlı bir uşağı doğulmuşdur. Cəfərov X3 adlı uşağın atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş “X5 verilməsi” barədə MŞİ/MTO42/2024-0013 nömrəli xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, tərəflər mediasiya prosesində iştirak etmişlər. Mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən aşkar olunduğuna görə X5 verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütanasib olaraq müyyən edilir. Aliemntin indeksasiyası məqsədi üçün məhkəmə tərtəfindən müəyyən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı uşağın saxlanması üçün cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli məbləğində sabit aliment məbləğinin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh uşağın saxlanması üçün ayda 150 manat aliment ödəyə biləcəyini bildirir. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı, həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının uşağın maddi təminatının ödənilməsində çətinlik çəkdiyini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə 01 sentyabr 2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 28 yanvar 2025-ci il tarixdən hesablanmalı, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 28 yanvar 2025-ci il tarixdən başlayaraq 01 sentyabr 2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar