Məhkəmə qərarları › İş №2(037)-351/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-351/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-351/2021 01.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər İsmayıllı rayon Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması tələbinə dair mülki işə 01 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 29 avqust 2005-ci il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş etibarnaməyə əsasən alıcı Cavabdeh3 adından çıxış edən ünvan 1 ünvanında yaşayan Cavabdeh2 arasında 10 aprel 2006-cı il tarixdə bağlanmış və reyestrdə 4Ə-1-299 nömrə ilə qeyd edilmiş torpaq alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən yaranmış hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o və ailə üzvlərinə torpaq islahatları zamanı İsmayıllı rayonu, Tircan kəndi ərazisində pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1,45 ha hissəsini 17 avqust 2006-cı il tarixdə Bakı şəhər sakini X1. Qalan torpaq sahəsi isə onun mülkiyyətində və istifadəsində qalmışdır. Torpaq sahələri geniş olduğundan və özü isə savadsız olduğundan həmin sahələrin ölçülərini dəqiq bilmir. Əkin torpaqlarının becərilməsi ilə bağlı dövlət tərəfindən verilən subsidiyanı almaq məqsədi ilə bu sahədə məlumatı olan bir nəfər qohumu vasitəsi ilə Bakı şəhərindəki Dövlət Notariat arxivindən 17 avqust 2006-cı il tarixdə İsmayıllı rayon Notariat Kontorunda təsdiq edilmiş müqavilənin surətini götürmüş, yazıb oxumağı tam bilmədiyi üçün sözügedən alğı-satqı müqaviləsinə fikir verməmişdir. 2021-ci ildə verilən subsidiyalarla razılaşmadığı üçün bu barədə yardım etməsi üçün hüquqşünasa müraciət etmiş və ona bildirilmişdir ki, o, 1.45 ha əkin torpağından əlavə 2006-cı ildə 0,22 ha əkin torpaq sahəsini də Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş etibarnaməyə əsasən alıcı Cavabdeh3 adından çıxış edən ünvan 1 ünvanında yaşayan Cavabdeh2 arasında 10 aprel 2006-cı il tarixdə bağlanmış və reyestrdə 4Ə-1-299 nömrə ilə qeyd edilmiş torpaq alğı-satqı müqaviləsi əsasında satmışdır. Belə ki, bu onun adından qanunsuz olaraq saxta yolla hazırlanmış bir müqavilədir və o belə bir müqaviləyə imza etməmişdir. O, nə Nailə Məmmədlini nə də ki, Cavabdeh2 tanımır və onları heç vaxt görməmişdir. O, 17 avqust 2006-cı il tarixli müqaviləyə özü imza etmiş, digər 10 aprel 2006-cı il tarixli müqavilədəki imza isə tamamilə saxtadır və onun həmin imzadan xəbəri olmamışdır. Ona görə də həmin müqavilə etibarsız hesab edilməlidir. İddiaçı ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər İsmayıllı rayon Notariat Kontorunun nümayəndəsinə, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3 və 185.5-ci maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 avqust 2006-cı il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə İddiaçı 06.07.2006-cı il tarixli JN 601 Kod 40726018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən məxsus olan İsmayıllı rayonu Tircan kəndində yerləşən 1.45 ha torpaq sahəsi X4 5000 manat məbləğində satmışdır. İş materiallarında olan 10 aprel 2006-cı il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə İddiaçı 17.06.1999-cu il tarixli JN 0039 Kod 40726018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən məxsus olan İsmayıllı rayonu Tircan kəndində yerləşən 0,22 ha torpaq sahəsi Cavabdeh2 50 manat məbləğində satmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş, 17 iyun 2021-ci il tarixli, **********20 saylı məktubdan görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında İsmayıllı rayon Natariat Kontorunda bağlanmış 10.04.2006-cı il tarixli 4Ə-1-299 saylı alğı-satqı müqaviləsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxiv materiallarında aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.07.2021-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, Ekspertizaya təqdim edilmiş, X3 ilə Cavabdeh2 adlarından olan 10 aprel 2006-cı il tarixli alğı-satqı müqaviləsində “İMZALAR”: 1.qrafasında “Ocманов В” yazısı və həmin yazının önündəki imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı 17.06.1999-cu il tarixli JN 0039 Kod 40726018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən məxsus olan İsmayıllı rayonu Tircan kəndində yerləşən 0,22 ha torpaq sahəsi Cavabdeh2 50 manat məbləğində satılması barədə 10 aprel 2006-cı il tarixli alğısatqı müqaviləsində imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə etibarsız əqdlər öz kateqoriyasına görə mübahisə edilən və ya əhəmiyyətsiz əqdlərə bölünməklə növündən asılı olaraq onların müxtəlif əsasları müəyyən edilmişdir. Lakin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olmasından asılı olmayaraq daşınmaz əmlakın alqı-satqısından irəli gələn mülkiyyət hüququnun əmələ gəlməsi üçün ən azı iki tərəfin iradə ifadəsinin bildirilməsi, başqa sözlə ən azı iki tərəfin öz aralarında bağlanmış müqavilə şəklində razılaşması tələb olunur. Belə əqdlərdə lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun ifadə olunmasının vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadə dildə dedikdə, birincisi - hər iki tərəf bilavasitə və ya nümayəndəsi vasitəsi ilə məcburi qaydada müqavilənin bağlanmasında iştirak etməlidir, ikincisi – tərəflər müqaviləni bağlamalıdırlar (imzalamalıdırlar). Sonradan həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsasın, o cümlədən əqdin hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, habelə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün və ya başqa əqdi pərdələmək və ya digər məqsədlərlə bağlanmasının müəyyən edilməsi istisna deyil. Bu da belə əqdlərin Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün bilavasitə əsas yaradır. Lakin hər bir halda Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən 14-cü fəslindən (337-354-cü maddələr) belə nəticəyə gəlmək olur ki, tərəflərin iştirakı ilə və onlar tərəfindən (şəxsən və ya nümayəndə vasitəsi ilə) imza edilməklə bağlanmış əqdlərin etibarsızlığı mübahisələndirilə bilər. Lakin hazırkı mübahisədən göründüyü kimi, İddiaçı 10 aprel 2006-cı il tarixli alğısatqı müqaviləsinin bağlanması üçün hər hansı formada iradə ifadəsi bildirməmiş, həmin müqaviləyə onun adından başqa şəxs imza etmişdir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu Tircan kəndində yerləşən 0,22 ha torpaq sahəsini 29 avqust 2005-ci il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş etibarnaməyə əsasən alıcı Cavabdeh3 adından çıxış edən ünvan 1 ünvanında yaşayan Cavabdeh2 satılması və bu qaydada onun mülkiyyətinə keçməsi üçün hər hansı formada, o cümlədən etibarnamə əsasında nümayəndəsi vasitəsi ilə iradə ifadəsini bildirməmiş, həmin müqavilənin imzalanmasında iştirak etməmiş, bu münasibətlərin tərəfi olmamışdır. 10 aprel 2006-cı il tarixli alğı-satqı müqaviləsi saxtadır. Nəticə etibarı ilə bu müqavilənin bağlanması zamanı Mülki Məcəllənin 337-ci maddəsinin tələbləri tamamilə pozulmuş və bu baxımdan məhkəmə hesab edir ki, 29 avqust 2005-ci il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş etibarnaməyə əsasən alıcı Cavabdeh3 adından çıxış edən ünvan 1 ünvanında yaşayan Cavabdeh2 arasında 10 aprel 2006-cı il tarixdə bağlanmış və reyestrdə 4Ə-1-299 nömrə ilə qeyd edilmiş torpaq alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin alğı-satqı müqaviləsində əsasən yaranmış hüquqi nəticələr ləğv edilməlidir. Eyni zamanda hazırkı iddiaya müddətin tətbiq edilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir.Bəhs edilən maddənin dəyişiklikdən sonrakı mətni “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyasında verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Hazırki mübahisəyə nəzər saldıqda isə işin hallarından aydın olur ki, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi andan etibarən yəni, 2021-ci ildə (məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən 2 ay əvvəl) tanışı olan hüquqşünasa müraciət etmiş və məhz o zaman iddiaçıya məlum olmuşdur ki, sözügedən torpaq sahəsi onun tərəfindən satılmışdır. Göründüyü kimi İddiaçı hüquqlarının pozulmasını bildiyi gündən etibarən iki ay sonra hüquqlarının bərpası üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bu səbəbdən də əqdi mübahisələndirmək hüququndan məhrum olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi bağlı tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü ilə təyin edilmiş məhkəmə tikinti-xətşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 29 avqust 2005-ci il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş etibarnaməyə əsasən alıcı Cavabdeh3 adından çıxış edən ünvan 1 ünvanında yaşayan Cavabdeh2 arasında 10 aprel 2006-cı il tarixdə bağlanmış və reyestrdə 4Ə-1-299 nömrə ilə qeyd edilmiş torpaq alğı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin alğısatqı müqaviləsinə əsasən yaranmış hüquqi nəticələr ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məhkəmə xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar