Məhkəmə qərarları › İş №2(037)-410/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-410/2025

14.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-410/2025 14.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 14 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən birgə nikahdan 15 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 70 faizi miqdarında, yəni 280 manat məbləğində alimentin, həmçinin məhkəməyə müraciət etmək üçün çəkdiyi 1700 (bir min yeddi yüz) manat məbləğində xərcin, 50 (əlli) manat məbləğində mediasiya xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi /Vəkil təmsil etmişdir. İddiaçının nümayəndəsi Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-374/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 15 oktyabr 2016-cı il təvəllüdlü X3 iddiaçının yanında saxlanılmışdır. Həmin vaxt uşağın saxlanması üçün aliment tələb etməmişdir. Bu günədək uşağı saxlayır, maddi və mənəvi ehtiyaclarını tək qarşılayır, cavabdeh isə bu məsələlərdə iştirak etmir. Bu səbəbdən də iddiaçı məhkəmə qaydasında cavabdehdən aliment tələb etmək məcburiyyətində qalmışdır. Bundan başqa iddiaçı məhkəməyə müraciət etmək üçün hüquqi yardıma və mediasiyaya xərclər ödəmişdir. Ona görə də 15 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 70 faizi miqdarında, yəni 280 manat məbləğində alimentin, həmçinin məhkəməyə müraciət etmək üçün çəkdiyi 1700 (bir min yeddi yüz) manat məbləğində xərcin, 50 (əlli) manat məbləğində mediasiya xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də o, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində cəza çəkdiyindən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə ünvanlandığı ərizədə onun və yaxud vəkilinin iştirakı olmadan keçirilən məhkəmə prosesinin ədalətli və düzgün hesab edilmədiyini qeyd edərək məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının cavabdehin iştitakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının nümayəndəsi /vəkilinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-İİİ № 857112 nömrəli 14 noyabr 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 15 oktyabr 2016-cı il tarixdə X4 adlı bir övladı doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-374 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, tərəflər arasında 17 avqust 2016-cı il tarixdə bağlanmış nikah pozulmuş, 15 oktyabr 2016-cı il tarixdə X4 (anası) İddiaçı yanında saxlanılmışdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ/MT-035-2024-955 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 (əlli) manat mediasiya xərci ödənilmişdir. Hüquqi xidmətlərin göstərilməsi haqqında 74/24 nömrəli 22 oktyabr 2024-cü il tarixli və 19/25 nömrəli 17 mart 2025-ci il tarixli müqavilələrdən, 138876 seriyalı xx.xx.2024-cü il tarixli, 138879 seriyalı 08.11.2i24-cü il tarixli, 138895 seriyalı xx.xx.2025-ci il tarixli, 138909 seriyalı xx.xx.2025-ci il tarixli və 138916 seriyalı xx.xx.2025-ci il tarixli qəbzlərdən müəyyən edilir ki, iddiaçı ilə “AZKON X5” MMC arasında hüquqi xidmətin göstərilməsi üçün müqavilə bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə ayrı-ayrı vaxtlarda ümumilikdə 1500 manat məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütanasib olaraq müyyən edilir. Aliemntin indeksasiyası məqsədi üçün məhkəmə tərtəfindən müəyyən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin rəsmi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İddiaçı iddia ərizəsində hər ay 246 manat aliment təyin edilməsini tələb edir. Cavabdehin iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının uşağın maddi təminatının ödənilməsində çətinlik çəkdiyini, cavabdehin uşağın maddi təminatının ödənilməsində iştirak etmədiyini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə 15 oktyabr 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 17 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışa əsasən iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh isə mediasiya sessiyasında iştirak edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən cavabdehdən ödənilmiş mediasiya xərci olan 50 (əlli) manat alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş vəsaitlərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün vəkil bürosuna 1500 manat vəsaitin ödənilməsi təqdim olunmuş mədaxil qəbzləri ilə təsdiq olunur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissəsi qismən təmin edilməli, cavabdehdən hüquqi xidmətə görə ödədiyi 1500 manat vəsait tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki vəziyyətdə bir il ərizndə ödəmənin məcmusu 44 manat etdiyindən və iddiaçı 50 (əlli) manat məbləğində mediasiya xərci ödədiyindən, cavabdehdən həmin xərcin tutularaq iddiaçıya ödənilməsi təmin edildiyindən yenidən dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsinə zərurət yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 17 fevral 2025-ci il tarixdən başlayaraq 15 oktyabr 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat hüquqi xidmətə görə ödənilmiş vəsait alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar