Məhkəmə qərarları › İş №2(037)-420/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-420/2023

19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-420/2023 19.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 19 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) onun xeyrinə 09 noyabr 2014-cü il tarixdə doğulmuş X5, 13 may 2017-ci tarixdə doğulmuş X2, 14 oktyabr 2019-cu il tarixdə doğulmuş X3 və 09 iyul 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləği ilə hər uşağa 75 (yetmiş beş) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, cavabdehlə 27 avqust 2014-cü il tarixdə rəsmi nikah əsasında ailə qurmuşdur. 09 noyabr 2014-cü il tarixdə X5, 13 may 2017-ci il tarixdə X2, 14 oktyabr 2019-cu il tarixdə X3 və 09 iyul 2021-ci il tarixdə X4 adlı dörd uşağı doğulmuşdur. Cavabdehlə aralarında ər-arvadlıq münasibətləri pozulduğundan faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh onun xəbəri olmadan başqa şəxsə borc vermişdir. Hazırda o, uşaqların maddi təminatını tək ödəyə, himayəsində südəmər uşaq olduğundan işləyə bilmir. Onlarla birgə yaşayan anası bir uşağına qəyyum təyin edilmişdir. Onun aldığı pensiya özünün müalicəsinə və dərmanlarına çətinliklə çatır. Cavabdeh isə mühafizə polisində işləməklə aylıq 350 manat əmək haqqı alır. Həmçinin o, gecə növbəsində işlədiyindən gündüzlər şəxsi işlərdə işləyir və əlavə gəlir əldə edir. Buna baxmayaraq ayrı yaşadıqları müddətdə cavabdeh uşaqların maddi təminatı ilə maraqlanmamışdır. O, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 75 manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında alimentin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından dörd uşağı doğulmuşdur. Hazırda bir uşağına nənəsi qəyyum təyin edilmişdir. Nənəsi pensiya almaqla uşağa baxır. O, iddiaçı ilə faktiki olaraq ayrı yaşayır və İsmayıllı rayonunda kirayədə qalır. Özü Şamaxı regional mühafizə şöbəsində mülki mühafizəçi işləyir. Əvvəllər iş vaxtından sonra və qeyri-iş günlərində günəmuzd işləməklə artıq gəlir əldə edirdi. Lakin son zamanlar işi ilə əlaqədar idman məşğələləri təyin edildiyindən əlavə işlərlə məşğul ola və əlavə gəlir əldə edə bilmir. O, iddiaçı ilə faktiki olaraq ayrı qaldığı vaxtdan hər ay uşaqlar üçün 220 manat məbləğində pulu iddiaçıya göndərmişdir. Bundan sonra da uşaqların maddi təminatı üçün hər ay təqribən 230-240 manat məbləğində aliment ödəyə bilər. Əmək haqqından qalan pulla özünün gündəlik maddi tələbatını və kirayə pulunu ödəyəcək. Qeyd etdikləri nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul etməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: 27 avqust 2014-cü il tarixli AZ-İ 982528 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, tərəflər nikahlarını 27 avqust 2014-cü il tarixdə 210 nömrə ilə qeyd etdirərək rəsmiləşdirmişlər. 05 dekabr 2014-cü il tarixli AZ-İİİ 416842 nömrəli, 31 may 2017-ci il tarixli AZ İİİ 949708 nömrəli, 28 oktyabr 2019-cu il tarixli AZ İV 341431 nömrəli və 12 iyul 2021-ci il tarixli AZ İV 601279 nömrəli doğum haqqında şəhadətnamələrdən müəyyən edilir ki, 09 noyabr 2014-cü il tarixdə X5, 13 may 2017-ci il tarixdə doğulmuş X2, 14 oktyabr 2019-cu il tarixdə X3 və 09 iyul 2021-ci il tarixdə X4 adlı adlı dörd uşağı anadan olmuşdur. 03 fevral 2023-cü il tarixli MŞŞ/MT0xx/xx-00337 nömrəli ilkin mediasiya sessiyası barədə bildirişdən və 17 fevral 2022-ci il tarixli MŞŞ/MT0xx/xx-00337 nömrəli Mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan ki, tərəflər ilkin mediasiya sesiyasında iştirak etmişlər və mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. Beləliklə, məhkəmədə tərəflərin izahatlarından və mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin 09 noyabr 2014-cü il tarixdə Əli, 13 may 2017-ci il tarixdə doğulmuş Məryəm, 14 oktyabr 2019-cu il tarixdə Cəmilə və 09 iyul 2021-ci il tarixdə İsmayıl adlı dörd uşağı doğulmuşdur. Uşaqlar yetkinlik yaşına çatmamışlar. Uşaqlar hazırda iddiaçının yanında qalırlar. İddiaçı özünün yanında südəmər uşaq olduğuna görə işləyə bilmədiyini, heç bir gəlirinin olmadığını, uşaqların yaşının artdıqca xərclərinin də artıdığını, cavabdehin isə Baş Mühafizə İdarəsinin Şamaxı regional mühafizə şöbəsində mülki mühafizəçi işləməklə aylıq gəlirə malik olduğunu, həmçinin iş vaxtından əlavə vaxtlarda günəmuzd işlərlə məşğul olaraq əlavə gəlir əldə etdiyini və aliment ödəməyə imkanının olduğunu qeyd edərək dörd uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 75 (yetmiş beş) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödənilməsini tələb edir. Cavabdeh hazırda iddiaçıdan faktiki ayrılaraq kirayə qaldığını, uşaqlara 230-240 manat civarında aliment ödəməyə imkanın olduğunu, qalan əmək haqqını da özünün gündəlik dolanışığına və kirayə puluna sərf edəcəyini bildirməklə iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Əli, Məryəm, Cəmilə və İsmayıl adlı uşaqlar hazırda iddiaçının yanında olduğundan, uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd edir ki, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Cavabdehin izahat və mülahizələrinə münasibət bildirirək məhkəmə qeyd edir ki, cavabdeh uşaqlardan birinə nənəsinin qəyyum təyin edildiyini bildirsə də, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və həmin fakt məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə iclasında uşaqların hal-hazırda anasının himayəsində olması müəyyən olunmuşdur. İşin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay, hər uşağa 75 (yetmiş beş) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq 09 noyabr 2014-cü il tarixdə doğulmuş X5, 13 may 2017-ci il tarixdə doğulmuş X2, 14 oktyabr 2019-cu il tarixdə doğulmuş X3 və 09 iyul 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, 28 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 56 (əlli altı) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 28 fevral 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşağa 75 (yetmiş beş) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq 09 noyabr 2014-cü il tarixdə doğulmuş X5, 13 may 2017-ci il tarixdə doğulmuş X2, 14 oktyabr 2019-cu il tarixdə doğulmuş X3 və 09 iyul 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar