Məhkəmə qərarları › İş №2(037)-436/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-436/2023

27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-436/2023 27.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X4 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 27 aprel 2023-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 mart 2006-cı il tarixdə doğulmuş X2 və 01 yanvar 2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, 10 mart 2006-cı il tarixdə doğulmuş X2 və 01 yanvar 2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdehlə 05 sentyabr 2003cü il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahdan 10 mart 2006-cı il tarixdə X2 və 01 yanvar 2008-ci il tarixdə doğulmuş X3 adlı iki uşaqları doğulmuşdur. Cavabdehin ailəyə biganə münasibət bəsləməsi münasibətlərinin pozulmasına səbəb olduğundan 2020-ci ilin aprel ayından faktiki olaraq ayrı yaşayırlar. Ayrı yaşadıqları müddətdə cavabdeh ailəsi ilə maraqlanmamış və uşaqlarının maddi təminatının ödənilməsinə köməklik etməmişdir. İddia ərizəsində iki uşağın saxlanması üçün ümumilikdə 400 manat aliment təyin olunmasını tələb etsə də hazırda cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat aliment təyin olunmasını tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə münasibətləri pozulduğu üçün müəyyən müddətdir ki, faktiki olaraq ayrı yaşayırlar. Ayrı yaşadıqları vaxtdan 10 mart 2006-cı il tarixdə doğulmuş X2 və 01 yanvar 2008-ci il tarixdə doğulmuş X3 iddiaçının yanında yaşayır. Onun rəsmi iş yeri yoxdur. Əvvəlki məhkəmə iclasında iddiaçının təklif etdiyi məbləğdə hər ay hər uşağa 150 manat aliment ödəməyə razı olduğunu qeyd etsə də hazırki maddi vəziyyətinə uyğun olaraq hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat aliment ödəyə bilər. İddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. AZ-İ 063161 nömrəli 05 sentyabr 2003-cü il tarixli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, tərəflər arasında 05 sentyabr 2003-cü il tarixdə bağlanmış nikah İsmayıllı rayon Qalacıq kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmışdır. AZ-İİİ 787886 nömrəli 21 iyun 2006-cı il tarixli və AZ-İİ 086356 nömrəli 09 aprel 2008ci il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin 10 mart 2006-cı il tarixdə X2 və 01 yanvar 2008-ci il tarixdə X3 adlı iki övladı doğulmuşdur. “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər iki uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat alimentin tutularaq iddiaçıya ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə iş materiallarını araşdıraraq iddaçının izahatını, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin gəlir mənbəyi barədə məlumat yoxdur. İddiaçı hazırda iki uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh rəsmi iş yerinin olmadığını, əvvəlki məhkəmə iclasında iddiaçının təklif etdiyi məbləğdə hər ay hər uşağa 150 manat aliment ödəməyə razı olduğunu qeyd etsə də hazırki maddi vəziyyətinə uyğun olaraq hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat aliment ödəyə biləcəyini, iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanının olmadığını qeyd edir. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində sabit pul məbləğində aliment tutularaq 10 mart 2006-cı il tarixdə doğulmuş X2 və 01 yanvar 2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 06 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 56 (əlli altı) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. 06 mart 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq 10 mart 2006-cı il tarixdə doğulmuş X2 və 01 yanvar 2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar