Məhkəmə qərarları › İş №2(037)-447/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-447/2022

31.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-447/2022 31.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə 31 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 2000 manat maddi və 3000 manat mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 5000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, 28 fevral 2021-ci il tarixdə saat 14 radələrində faktiki olaraq atasına məxsus, rəsmi olaraq anasının mülkiyyətində olan “Mitsubishi Airtrek” minik markalı ** VB *** qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri Heydər Əliyev prospekti ilə Cavanşir küçəsinin kəsişdiyi istiqamətə doğru hərəkətdə olarkən, avtomobilin əyləc sistemi sıradan çıxmış, qarşıda hərəkətdə olan avtomobillə toqquşmamaq üçün əks hərəkət zolağına çıxmışdır. Həmin vaxt qarşıda işıqforun yaşıl işığının yandığını görüb hadisədən yayınmaq məqsədi ilə qarşı əks yoldan heç bir texnikanın gəlmədiyini görərək qarşı yola çıxıb hərəkət etmək istəyərkən qarşıda onunla eyni istiqamətdə olan “Mecedess Benz” markalı avtomaşın sola dönərək onun qarşısına çıxmış, nəticədə onun idarə etdiyi avtomaşının da zərbədən başqa bir avtomaşına dəymişdir. Nəticədə hər üç avtomaşın əzilmiş, o yüngül digər sürücü isə ağır xəsarət almışdır. Hadisənin araşdırılması İsmayıllı rayon PŞ-nin təhqiqatçısı polis kapitanı, hazırki Cavabdeh həvalə edilmişdir. Cavabdeh onunla və digər avtomobilin sürücüləri ilə “oyun” oynamağa başlayaraq avtomobillərə hesablanacaq sığorta pulu ilə bağlı rüşvət tələb etməyə başlamış, əldə olunacaq sığorta pulunun 50 faizi məbləğində ona hesablanacaq 5000 manat sığorta pulunun müqabilində 3000 manat rüşvət istəmişdir. O, tələb edilən məbləğin onda olmadığını bildirmiş, bir neçə gün sonra onun iş otağında təkrar görüşdükdə Vüqar ona 1000 manat verəcəyi təqdirdə hər iki sürücünü təqsirkar çıxaracaq və bu zaman hər birinə sığorta məbləğinin 50 faizi düşəcəkdir. Hətda pulu verməyəcəyi təqdirdə nalayiq söyüşlər işlədərək ona heç nə düşməyəcəyini bildirmişdir. Bu dialoqu o qeydə almışdır. Buna baxmayaraq o digər sürücü ilə barışmış və hər ikisi ziyanla bağlı razılığa gələrək Vüqarın yanına gəldikdə onu otaqdan çıxarmış və digər sürücü ilə tək söhbət etmişdir. Vüqar həmin sürücüyə hansısa təsir göstərdiyindən onlar arasındakı razılaşma pozulmuşdur. Belə olan halda Cavabdeh vəzifə səlahiyyətlərindən kənara çıxaraq hadisələrin iştirakçıları arasında şəxsi marağına görə ziddiyyətlər yaradaraq hansının daha çox rüşvət verəcəyi təqdirdə işin onun xeyrinə həll etmə prinsipi ilə hərəkət etmişdir. Cavabdehin qeyd edilən qanunsuz əməlləri nəticəsində dərin mənəvi sarsıntı keçirmiş, özünü öldürmək həddinə çatmışdır. Belə ki avtomobil atasına məxsus olmaqla ağır şəkər xəstəsidir, baş vermiş hadisə nəticəsində və təhqiqatçının qanunsuz yanaşması nəticəsində onun da vəziyyəti ağırlaşmış, bütün bunların yaranmasına səbəb cavabdehin qanunsuz əməlləri olmuşdur. Həmçinin cavabdeh onu şantaj etməyə çalışmış, guya onun arvadının mobil telefonuna zəng edib münasibət qurmaq istəməsini təklif etmişdir. Sonradan vəziyyətin pisləşəcəyini və şantajın üzə çıxacağını görərək guya nömrənin səhv düşdüyünü, zəng edənin başqa şəxs olduğunu bildirmişdir. Bütün bunlara görə o, müxtəlif hüquq-mühafizə orqanlarına şikayətlər yazmağa, dəfələrlə Bakı şəhərinə gedib qəbullara düşməyə məcbur olmuş, işindən olmuş, nəticədə ona 2000 manat maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edilən əməli törədən cavabdehin qanunsuz əməlləri nəticəsində ağır mənəvi zərbə almış, mənəvi izdirablara düçar olmuş və mənəvi zərərin məbləğini 3000 manat qiymətləndirir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki,sözügedən yol nəqliyyat hadisəsinin araşdırılması ona həvalə olunmuş,araşdırma yekunlaşdırılaraq müvafiq qərar qəbul edilmişdir. Araşdırma zamanı tərəflərlə, eyni zamanda iddiaçı ilə müxtəlif vaxtlarda dialoqlar olmuş,həmin dialoqlarda onun tərəfindən nalaiq ifadələr işlədilmişdir. Lakin həmin ifadələr ümumi danışıq zamanı işlədilmiş, konkret olaraq hər hansı bir şəxsə, o cümlədən də iddiaçıya yönəlməmişdir. Eyni zamanda iddiaçının ərizədə göstərilən digər xüsusatlarla bağlı polis və prokurorluq orqanlarında araşdırılma aparılmış və həmin məsələlərə hüquqi qiymət verilmişdir. İddiaçının qeyd etdiklərinin heç bir əsası yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı barəsində yol nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparan İsmayıllı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Cavabdeh ondan sığorta pulu düzəltmək üçün 1000 manat pul istəməsinə dair şikayət ərizəsi üzrə toplanmış 33 C-21 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı onun barəsində yol nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparan İsmayıllı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Cavabdeh ondan sığorta pulu düzəltmək üçün 1000 manat pul istəməsinə dair şikayət ərizəsi üzrə toplanmış 33 C-21 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçıla praflaktiki söhbətlərin aparılması və daimi nəzarətdə saxlanması üçün İsmayıllı RPŞ-nə məktub göndərilmiş, İsmayıllı RPŞ-nin Təhqiqat bölməsinə işin düzgün təşkil olunması və gələcəkdə bir daha nöqsanlara yol verilməməsi üçün müvafiq tədbirlər görülməsi üçün İsmayıllı RPŞ-nə təqdimat göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 1(037)-53/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)049/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 1(037)-53/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2022-ci il tarixli, 4/1004 saylı rəyindən görünür ki, Mülki işin materiallarına daxil edilmiş diskdə yer alan İddiaçı ilə Cavabdeh arasında gedən danışıqlarda Cavabdeh tərəfindən invektiv leksikadan (nalayiq məzmunlu) istifadə edilmişdir. Lakin, kontekst nəzərə alınarsa, Cavabdeh tərəfindən işlədilmiş nalayiq məzmunlu həmin ifadələrin konkret olaraq İddiaçı yönəlmədiyi, onun şərəf və ləyaqətini təhqir etmək və alçaltmaq niyyəti ilə işlədilmədiyi, ümumilikdə istifadəçi şəxsin qeyri-etik nitq davranışı olduğu hesab edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 2021-ci ildə yol nəqliyyat hadisəsi törətmiş, həmin hadisənin araşdırılması cavabdehə (həmin vaxt təhqiqatçı vəzifəsində işləmiş Cavabdeh) həvalə olunmuş, araşdırma zamanı tərəflər arasında müxtəlif məzmunlu danışıqlar aparılmış, (danışıqların bir qismi iddiaçı tərəfindən səs yazısı olaraq qeyd edilmiş), həmin danışıqların birində cavabdehin iddiaçıdan 1000 manat pul istəməsi ilə bağlı iddiaçı tərəfindən müraciət olunmuş, müraciət əsasında prokurorluqda araşdırılma aparılmış və cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar yuxarı prokurorluq tərəfindən ləğv edilərək yenidən araşdırılma aparılmış və həmin faktla bağlı bir daha cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı cavabdehlə dialoqu zamanı onun ünvanına nalayiq ifadələr işlətdiyini, bu səbəbdən onun şərəf və ləyaqətini alçaltdığını, ona 3000 manat mənəvi ziyan dəydiyini, eyni zamanda bütün bu proseslərə görə ona 2000 manat maddi ziyan olmaqla, ümumilikdə 5000 manat pulun cavabdehdən tutularaq ona verilməsini bildirir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə ilk öncə tərəflər arasında keçən danışıqlarda istifadə olunan sözlərin iddiaçının ünvanına yönəlib-yönəlməməsi, eyni zamanda cavabdeh tərəfindən etik normalara sığmayan, ləyaqətsiz hesab olunan, əxlaqi keyfiyyətləri şübhə altına salan ifadələr işlətməklə, iddiaçının şərəf və ləyaqətinin alçaldıb-alçatmaması məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, hüquq ədəbiyyatında “insanın ləyaqəti” dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür.Ona görə də şəxsin ləyaqətini alçaldan ifadələr işlətməklə şəxsə mənəvi ziyan yetirilməsi, həmin məlumatların mütləq surətdə yayılması ilə şərtləndirilə bilməz. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 46-cı maddəsinə əsasən,hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur.Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə əsasən, məlumat əxlaqi prinsiplər, istehsalat təsərrüfat xidməti və ictimi fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərara əsasən başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, «Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir». Digər bir abzasda müəyyən edilmişdir ki, «Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir». Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında həmçinin müəyyən edilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şəxsə yetirilən mənəvi zərərin kompensasiyasından söhbət gedir. Belə olan halda Konstitusiya Məhkəməsi bu cür kompensasiya etməni məhkəmənin mülahizəsinə görə müəyyən edilməli olmasını müəyyən edir. Konstitusiya Məhkəməsinin 2002-ci ildə gəldiyi bu mövqeyi sonradan Ali Məhkəmənin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli Qərarında da bəyənilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin əsası olan və cavabdehlə iddiaçı arasında keçən dialoqda cavabdeh tərəfindən işlədilmiş nalayiq ifadələr birbaşa iddiaçıya ünvanlanmadığından onun şərəf və ləyaqətini ləkələyən ifadələr kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə iddia tələbinin rədd olunmasını əsaslı hesab edir. Belə ki, sözügedən ifadələr əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Belə ki, mübahisəli ifadələr aşağıdakı kimidir. “Hadisədə təksirkar sənsən, sənin maşınının sığorta pulu veriləcək mercedesə, mercedesin sığorta pulu isə veriləcək “Vaz 2107”-yə, sənə isə si...nin başı çatacaq, 50-50-ə qeyd olunsa sənə sığorta pulunun yarısı veriləcək, əks halda sənə si...nin başı veriləcək. Məhkəmə hesab edir, yuxarıda qeyd olunan Cavabdeh tərəfindən dialoq zamanı iddiaçıya ünvanlanmamış nalayiq ifadələr iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələr kateqoriyasına aid edilə bilməz. Bu cür ifadələr obyektivlik dərəcəsinə görə qiymətləndirilir. Belə ki, bu kimi ifadələr məhz tərəfə yönəldiyi, eləcə də öz təsdiqini tapmadığı halda aid olunduğu şəxsin şərəf və ləyaqətini ləkələyən sözlər (ifadələr) və məlumatlar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisədən göründüyü kimi, hazırki mülki iş üzrə mübahisə tərəflər arasında normal münasibətlər zəminində yol nəqliyyat hadisəsinin araşdırılması zamanı işlədilən və iddiaçıya ünvanlanmayan, ümumi danışıq əsasında və dolayısı ilə şəxsin şərəf və ləyaqətini ləkələməyən sözlərdir. Belə olan halda iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi, bunların isə cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi və bunlar arasında səbəbli əlaqənin olması hazırki tələbdə istisna olunur. Belə ki, diskdə yer alan iddiaçı ilə cavabdeh arasında gedən danışıqlarda Cavabdeh tərəfindən invektiv leksikadan (nalayiq məzmunlu) istifadə edilmiş, ümumi danışıq əsasında teksdən kənar,kontekst nəzərə alınarsa, cavabdeh tərəfindən işlədilmiş nalayiq məzmunlu həmin ifadələrin konkret olaraq iddiaçıya yönəlmədiyi, onun şərəf və ləyaqətini təhqir etmək və alçaltmaq niyyəti ilə işlədilmədiyi, ümumilikdə istifadəçi şəxsin qeyri-etik nitq davranışı olduğu hesab edildiyi müəyyən edilmişdir. Eyni zamanda cavabdehin təhqiqatçı işlədiyi dövrdə sözügedən yol nəqliyyat hadisəsinin araşdırması zamanı hərəkət və hərəkətsizliklərindən iddiaçı tərəfindən edilmiş şikayətlərə baxılmış onun əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq,narahatlıq,məyusluq hisslərini,stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X1rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə, iddianın mənəvi ziyan tələbi ilə yanaşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2000 manat maddi ziyan tələbinə dair hissəsinə gəlincə qeyd edir ki, iddiaçı sözügedən maddi ziyanın cavabdehin qanusuz hərəkətləri nəticəsində yarandığını, həmin ziyanda cavabdehin təqsirinin olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona gör də məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün 2000 manat maddi ziyan vurulmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş mənəvi zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Hazırkı iş üzrə məhkəmə ekspertizasının təyin olunması məhkəmənin təşəbbüsü ilə edildiyindən mülki iş üzrə keçirilmiş ekspertiza xərci tərəflər arasında bərabər bölünməli, 120 (bir yüz iyirmi) manat ekspertiza xərcinin 60 (altmış) manatı İddiaçı və 60 (altmış) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu–142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN-**********, hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş mənəvi zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı 60 (altmış) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu–142595,büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN - **********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh 60 (altmış) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu–142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab- AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN - **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar