Məhkəmə qərarları › İş №2(037)-448/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-448/2022

26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-448/2022 26.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı cehiz əmlakının çıxarılması tələbinə dair mülki işə 26 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən X3 məxsus fərdi yaşayış evindən cavabdehə məxsus 1 ədəd taxt çarpayı, 1 ədəd tək çarpayı, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorqanı, 1 ədəd tək döşək, 1 ədəd tək yorqan, 1 ədəd paltar asılqanı, 1 ədəd suşulka (paltar qurudan), 1 ədəd stol, 3 ədəd stul, 3 ədəd xalça, 1 dəst mebel, 1 ədəd termo, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd krosnu, 1 ədəd lüstur, 1 ədəd 3 gözlü qaz və 1 ədəd kamotdan ibarət cehiz əmlaklarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, mərhum valideynləri və onun birgə mülkiyyətlərinə 0,45 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində atası iki otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. Cavabdeh ilə qardaşı rəsmi nikah münasibətlərinə girdikdən sonra həmin evə gəlin köçmüş, öz cehiz əmlaklarını həmin evə yerləşdirmiş və onlarla birlikdə həmin evdə yaşamışdır. Evə gəlin köçərkən cavabdehlə mülkiyyətçi arasında yazılı razılaşma bağlamamışdır. O və ailə üzvləri də daxil olmaqla həmin həyətdə 16 nəfər yaşayır. Atası 2016-cı ildə, anası isə 2017-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra mirası faktiki olaraq o qəbul etmişdir. Həmin evə və torpaq sahəsinə dair bütün vergiləri o ödəmişdir. Cavabdehlə qardaşının münasibətləri normal olmamışdır. 2020-ci ilin oktyabr ayında cavabdehin valideynləri onlara qonaq gəlib qayıdarkən cavabdeh valideynləri ilə birlikdə Gəncə şəhərinə getmişdir. Gedərkən əmlaklarının bir hissəsini özü ilə aparmış, bir hissəsi isə qalmışdır. Qardaşı ilə cavabdehin aralarında olan nikah 2021-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh onlara məxsus fərdi yaşayış evində yaşamamasına baxmayaraq ona məxsus cehiz əmlakları həmin evdə qalmaqdadır. Dəfələrlə cavabdehə əşyalarını götürməsini bildirsə də, o buna əhəmiyyət verməmişdir. Hətta əmlaklarını aparmaq üçün lazımı xərcləri də çəkəcəyini bildirsə də cavabdeh əmlaklarını aparmaqdan imtina etmişdir. İki ildən artıqdır ki, cavabdeh həmin evə geri qayıtmamış və əmlakları ilə maraqlanmamışdır. Fərdi yaşayış evi atasından miras qalmışdır. 1987-ci ildə həmin evə dair atasının adına texniki pasport hazırlanmışdır. Cavabdehin nə fərdi yaşayış evində yaşamaq və istifadə, nə də həmin əmlaklardan pay almaq hüququ yoxdur. Cavabdehin qızı Bakı şəhərində təhsil alır və orada yaşayır. Oğlu isə Gəncə şəhərində cavabdehin yanındadır. Cavabdehin cehiz əmlaklarının ona məxsus fərdi yaşayış evində qalması onun atasından miras qalan evdən istifadə hüququnu məhdudlaşdırır. O, cavabdehə məxsus cehiz əmlaklarının İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək iddia tələbini qəbul etmədiyini bildirmiş və rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. X1 ifadə verərək göstərdi ki, iddiaçı onun qardaşı, cavabdeh isə keçmiş arvadıdır. Cavabdehlə ailə qurduqdan sonra İsmayıllı rayonun İsmayıllı kəndində atasına məxsus iki otaqlı evin bir otağında yaşamışlar. Cehiz əmlakları da həmin evə yerləşdirilmişdir. Cavabdeh onun atasına məxsus evə gəlin köçərkən atası ilə yazılı razılaşma bağlamamışdır. Cavabdehlə aralarında münasibət pozulduğundan cavabdeh uşaqlarla birlikdə 2020-ci ilin oktyabr ayında valieynləri ilə Gəncə şəhərinə getmişdir. 2021-ci ilin mart ayında nikahları məhkəmə qaydasında pozulmuşdur. Qızı tələbə olmaqla Bakı şəhərində, oğlu isə Gəncə şəhərində anasının yanında yaşayır. Cavabdehin gətirdiyi cehiz əmlakları onların evində qalmışdır. Evdən gedərkən əmlakların bir hissəsini aparmış, bir hissəsi isə onların evində qalmışdır. Həmin vaxtdan cavabdeh bir daha geri qayıtmamış və əmlakları ilə maraqlanmamışdır. Uzun müddət keçməsinə baxmayaraq o, əmlaklarını çıxarmaqdan imtina edir. İki ildən artıqdır ki, cavabdeh həmin evə geri qayıtmamışdır. Əmlaklarınin hansı vəziyyətdə olması ilə maraqlanmamışdır. Fərdi yaşayış evi atasının olmuşdur. Həmin evə dair atasının adına 1987-ci ildə texniki pasport hazırlanmışdır. Atası vəfat etdikdən sonra mirası faktiki olaraq iddiaçı qəbul etmişdir. Vergiləri qardaşı Ceyhun ödəmişdir. AZ-İ 803267 nömrəli 28 iyun 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 iyun 2016-cı il tarixdə vəfat etmişdir. AZ-İ 862430 nömrəli 17 avqust 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 14 aprel 2017-ci il tarixdə vəfat etmişdir. JN-592F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X4, X13, İddiaçı birgə mülkiyyətinə İsmayıllı rayonun İsmayıllı kəndində 0,45 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İsmayıllı Bələdiyyəsinin 02 mart 2022-ci il tarixli 47 nömrəli arayışdan görünür ki, mərhum X4 və X9 məxsus olmuş JN-592F Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə sənədinə əsasən İsmayıllı şəhəri Aşağıbaş ərazisində yerləşən 0,45 hektar həyətyanı məqsədli torpaq sahəsinə və iki otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evinə görə bələdiyyə vergilərini 15 aprel 2017-ci il tarixdən 2022-ci il də daxil olmaqla bu günədək iddiaçı ödəyir. İddiaçıya məxsus olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı İsmayıllı rayonu İsmayıllı kəndində qeydiyyatdadır. İsmayıllı rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(037)-170 nömrəli qətnaməsindən görünür ki, X10 ilə X6 arasında 16 oktyabr 2003-cü il tarixdə İsmayıllı rayon İHB-nın Mican kənd İƏD üzrə nümayəndəliyində 31 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuş, 27 sentyabr 2003-cü il tarixdə doğulmuş X7 və 30 mart 2006-cı il tarixdə doğulmuş X11 boşanmadan sonra anası X5 yanında saxlanılmışdır. Fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən bir mərtəbəli iki otaqlı fərdi yaşayış evinə dair 1987-ci ilin avqust ayında X2 adına texniki pasport hazırlanmışdır. İsmayıllı rayon İHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 2235 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyin 13 nömrəli təsərrüfatbaşına kitabın 94-cü səhifəsinə və 1242 nömrəli şəxsi hesaba əsasən iddiaçının yaşadığı bir mərtəbəli iki otaqlı fərdi yaşayış evində 16 nəfər qeydiyyatdadır. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göründüyü kimi qanunverici özbaşına tikintinin hüquqi əsasını müəyyən etmişdir. İş materialları ilə müəyyən edilir ki, fərdi yaşayış evi tikilmiş həyətyanı torpaq sahəsi iddiaçı da daxil olmaqla atası X4 və X8 birgə mülkiyyətinə verilmişdir və fərdi yaşayış evinin tikintisi üçün 1987-ci ilin avqust ayında X2 adına texniki pasport tərtib edilmişdir. Bu hal isə hazırki fərdi yaşayış evinin özbaşına tikinti kimi qiymətləndirilməsini istisna edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 2-ci hissəyə “səlahiyyətli orqanlar” sözlərindən sonra “və digər təşkilatlar” sözləri əlavə edilsin; 1.2. 2.4-cü bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunsun: “2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;”. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Göründüyü kimi fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport da aid olduğu daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, X4, X13, İddiaçı birgə mülkiyyətinə İsmayıllı rayonun İsmayıllı kəndində 0,45 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsində X4 adına bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi vardır. Cavabdeh iddiaçının qardaşı İsmayıl Hacalıyev ilə ailə qurduqdan sonra həmin fərdi yaşayış evinə gəlin köçmüş və özünə məxsus cehiz əmlaklarını həmin evin bir otağına yerləşdirmişdir. Cavabdeh 2020-ci ilin oktyabr ayından uşaqları ilə birlikdə Gəncə şəhərində yaşayan valideynlərinin yanına getmiş, həmin vaxtdan bir daha geri qayıtmamışdır. Gedərkən özü ilə əmlaklarının bir hissəsini aparmış, bir hissəsi mülkiyyətçinin evində qalmışdır. İddiaçının qardaşı ilə cavabdeh arasında nikahın pozulmasına dair 03 mart 2021-ci il tarixdə qətnamə çıxarılmışdır. Cavabdeh uşaqları ilə birlikdə nikahları pozulmamışdan əvvəl evdən getsə də, nikahları pozulduqdan sonra da cehiz əmlaklarını həmin evdən aparmamışdır. İddiaçı cavabdehdən cehiz əmlaklarını çıxarmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Fərdi yaşayış evinə dair iddiaçının atasının adına texniki pasport hazırlanmışdır. Fərdi yaşayış evi iddiaçının atası Əliqulu Hacalıyevin gözlənilən mülkiyyətidir. Cavabdeh 2003-cü ildə həmin fərdi yaşayış evinə gəlin köçərkən mülkiyyətçi Əliqulu Hacalıyevlə notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Valideynləri vəfat etdikdən sonra onlardan qalan miras əmlakı faktiki olaraq iddiaçı qəbul etmiş və idarə edir. Torpaq sahəsinə və fərdi yaşayış evinə dair bütün vergiləri iddiaçı ödəyir. Cavabdehin cehiz əmlakları iddiaçının yaşadığı İsmayıllı rayonu İsmayıllı kəndindəki fərdi yaşayış evində yerləşməklə iddiaçının valideynlərindən miras qalmış evdən istifadə etmək hüququna maneə yaradır. Cavabdeh iki ilə yaxındır ki, gəlin köçdüyü evdən getmiş və ötən müddət ərzində geri qaytımamış, əmlakları ilə maraqlanmamışdır. Cavabdeh ona qarşı qaldırılan iddia tələbindən məlumatlı olsa da, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə münasibətini yalnız teleqram vasitəsilə bildirmişdir. Hər hansı qarşılıqlı tələb ilə məhkəməyə müraciət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının atasından miras qalmış fərdi yaşayış evində və iddiaçının valideynləri ilə birlikdə birgə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsində mülkiyyət və istifadə hüququ olmadığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən X3 məxsus fərdi yaşayış evindən Cavabdeh məxsus 1 ədəd taxt çarpayı, 1 ədəd tək çarpayı, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorqanı, 1 ədəd tək döşək, 1 ədəd tək yorqan, 1 ədəd paltar asılqanı, 1 ədəd suşulka (paltar qurudan), 1 ədəd stol, 3 ədəd stul, 3 ədəd xalça, 1 dəst mebel, 1 ədəd termo, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd krosnu, 1 ədəd lüstur, 1 ədəd 3 gözlü qaz və 1 ədəd kamotdan ibarət cehiz əmlakları çıxarılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar