Məhkəmə qərarları › İş №2(037)-501/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-501/2022

24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-501/2022 24.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı qonşuluq münasibətlərinə, əxlaqa uyğun olmayan hərəkətlərin edilməsinin qadağan olunması və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə 24 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin ona qarşı qonşuluq münasibətlərinə, əxlaqa uyğun olmayan hərəkətlərin edilməsinin qadağan olunması və qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğinin alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o tək yaşayır. Ona mütəmadi olaraq oğlu Nümayəndə baş çəkir. Cavabdeh onunla qonşudur və münasibətləri həmişə qeyri-normal vəziyyətdə olmuşdur. Son vaxtlar cavabdeh ona və ailəsinə qarşı qisasçılıq niyyəti ilə qonşuluğa, əxlaqa və insanlığa zidd olan hərəkətlər etməyə başlamışdır. Belə ki, cavabdeh həyətə giriş qapılarının tutacağının görünməyən tərəfini insan nəcisinə bulaşdıraraq onları mənəvi əzaba düçar etmişdir. Cavabdeh qapını açıq qoyaraq həyətə mal-qara girməsinə səbəb olmuşdur. Bu hal dəfələrlə təkrar edildikdən sonra məcbur olub oğlu Ağasəf polisə müraciət etmişdir. Sahə müvəkili Mirdamət adlı polis əməkdaşı cavabdehlə söhbətlər aparmış, cavabdeh əvvəl bu əməli törətmədiyini bildirsə də sonra etiraf etmişdir ki, bu hərəkətləri onun uşaqları etmiş, bir daha bu hallar baş verməyəcəkdir. Bununla da cavabdeh dolayısı ilə bu əməlin onun tərəfindən törədilməsini etiraf etmişdir. Bu əməlin uşaqlar tərəfindən törədilməsi inandırıcı deyil. Çünki uşaqlar düşünülmüş formada qapının əlcəyinin tutacağının yalnız görünməyən tərəfini bulaşdırmaq barədə düşünmələri inandırıcı deyil. Bu əməl böyük yetkin yaşlı şəxsin düşünərək törətdiyi əməldir. Cavabdehin qeyd edilən əməli törətməsi nəticəsində ağır mənəvi travma almış, mənəvi əzablara düçar olmuş və iştahdan kəsilmişdir. Bundan başqa o, daim əllərinə şübhə ilə baxır və nə qədər yusa da gözünə çirkli kimi görünür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi zərəri 3000 manat məbləğində qiymətləndirir. Cavabdehin ona qarşı qonşuluq münasibətlərinə, əxlaqa uyğun olmayan hərəkətlərin edilməsinin qadağan olunması və qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğinin alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, fəhlə işləyir. O, 2021-ci ilin yay ayında eşitmişdir ki, guya iddiaçının həyətə giriş qapılarının tutacağını insan nəcisinə bulaşdırmışdır. İddiaçı bu məsələnin onun edəcəyini ehtimal etmişdir. İddiaçının oğlu Nümayəndə bu məsələ ilə bağlı ona zəng etmişdir. O, iddiaçının oğluna bildirmişdir ki, o etməyib, ola bilsin ki, küçədə oynayan uşaqlar belə bir şey etmişdir. İddiaçının oğlu ondan polisə şikayət etmişdir. O, Polis Şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, həmin hadisədən məlumatı və əlaqəsi yoxdur. O, bu barədə uşağından soruşduqda sonuncu bildirmişdir ki, küçədə oynayan uşaqlarla birlikdə topları iddiaçının həyətinə düşmüş və toplarını götürə bilməmişlər. Ona görə də iddiaçının qapısına nəcis yaxmışlar. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İsmayıllı rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı 08 yanvar 2022-ci il tarixli 169- 31224M-3 nömrəli məktubunda qeyd edilmişdir ki, 20 dekabr 2021-ci il tarixdə İddiaçı İsmayıllı rayon Polis Şöbəsinə daxil olmuş şikayət ərizəsi əsasında araşdırma aparılmış və müraciətdə hər hansı inzibati xəta pozuntusu və ya cinayət hadisəsinin əlamətləri olmadığı, müraciətin mülki hüquq münasibətlərinə aid olması müəyyən edilmiş, həmin əməli törətmiş şəxs və ya şəxlərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdəşərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini,zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini,zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. İddiaçı və nümayəndəsi iddia ərizəsində və izahatında qeyd etmişlər ki, iddia olunan hadisə bilavasitə cavabdehin özü tərəfindən törədilmişdir. Ona görə də cavabdehdən qonşuluq münasibətlərinə, əxlaqa uyğun olmayan hərəkətlərin edilməsinin qadağan olunmasını və qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğinin alınıb verilməsini tələb edirlər. Məhkəmə araşdırması zamanı isə iddiaçı iddia olunan hadisənin bilavasitə cavabdehin özü tərəfindən törədilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədi. Həmin faktlar məhkəmə iclasında da öz təsdiqini tapmadı. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin ona qarşı qonşuluq münasibətlərinə, əxlaqa uyğun olmayan hərəkətlərin edilməsinin qadağan olunması və qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğinin alınıb verilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar