Məhkəmə qərarları › İş №2(037)-558/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-558/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-558/2023 07.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh /iddiaçı Cavabdeh və nümayəndəsi Nümayəndə iştirakları ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh /iddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment məbləğinin azaldılması”, cavabdeh /iddiaçı Cavabdeh iddiaçı /cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 07 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı /cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 nömrəli qətnaməsi üzrə təyin olunmuş aliment borcunun barışaraq faktiki birgə yaşadıqları 2022-ci ilin fevral ayının 1-dən 2022-ci ilin dekabr ayının 21-dək 10 ay 21 gün müddətində yaranmış 4121 (dörd min bir yüz iyirmi bir) manat məbləğində aliment borcunun silinməsi və Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 saylı qətnaməsi ilə təyin olunmuş hər uşağa sabit pul məbləği ilə 193 manat aliment olmaqla, cəmi 386 manat aliment məbləğinin azaldılaraq hər bir uşağa sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh /iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)- 516/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş sabit pul məbləğində alimentin (hər uşağa hər ay 193 manat olmaqla bir ay üçün cəmi 386 manat) məbləğinin artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay hər bir uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı /cavabdeh İddiaçı iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehlə 29 iyul 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci ildə X3 və xx.xx.2017-ci ildə X2 adlı iki uşaqları doğulmuşdur. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmaqla ondan cavabdehin xeyrinə xx.xx.2021-ci il tarixdən başlanılmaqla xx.xx.2022-ci il tarixədək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat, xx.xx.2022-ci il tarixdən isə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin məhkəmə prosesindən sonra 2022-ci ilin yanvar ayının sonlarında onlar barışaraq 21 dekabr 2022-ci il tarixədək bir ailədə yaşamış, bu müddət ərzində birgə təsərrüfat idarə etmiş, cavabdehlə hər ikisinin qazancı ailənin ümumi birgə ehtiyaclarına xərclənmişdir. 21 dekabr 2022-ci il tarixdə cavabdeh heç bir əsaslı səbəb olmadan uşaqları da özü ilə götürüb evdən çıxıb getmişdir. Beləliklə də onlar rəsmi olaraq boşansalar da, 2022-ci ilin fevral ayının 1-dən dekabr ayının 21-dək 10 ay 21 gün müddətində bir ailə kimi yaşamışlar. Həmin dövr üçün yaranmış 4121 manat məbləğində alimentin cavabdeh tərəfindən tələb edilməsi ən azı insafsızlıqdır. Qətnamə qəbul edilənədək, yəni cavabdeh uşaqlarla ondan ayrı yaşadığı dövrdə və yenidən ayrıldıqdan sonra cəmi 585 manat aliment ödəmişdir. Birgə yaşadıqları vaxtlarda, yəni tələbkarla birgə təsərrüfat idarə etdikləri müddətdə isə qətnamə üzrə formal olaraq ödənilməyən 4121 manat aliment borcu yaranmışdır. Alimentlə bağlı icra işinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsində olmasına baxmayaraq ona heç bir göstəriş gəlməmiş, alimentin ödənilməsi istər cavabdeh, istərsə də icra qurumu tərəfindən tələb edilməmişdir. Hesab etmişdir ki, cavabdehlə aralarında səmimi ailə münasibətləri qurulduğundan aliment tələbindən imtina edilmişdir. Odur ki, o, qeyd edilən borc məbləğindən də artıq pulu uşaqların və ümumi ailənin maddi təminatı üçün faktiki olaraq xərcləmiş və ödəmişdir. Hətta cavabdehlə aralarında olan rəsmi nikah ləğv edildikdən sonra barışıb birgə yaşadıqları dövrdə cavabdehin adında olan və "xxxx" ASC-dən alınan krediti də İsmayıllı şəhərindəki ödəniş terminallarında o öz vəsaiti hesabına ödəmişdir. Həmin ödəniş qəbzlərinin surətlərini də iddia ərizəsinə əlavə etmişdir. Eyni zamanda cavabdeh İsmayıllı rayon Soltankənd kənd və Basqal qəsəbə orta məktəblərində iki yerdə kimya fənni üzrə müəllim işləyir, həm özünün, həm də uşaqların maddi təminatını ödəyə biləcək həddən də artıq qazanca malikdir. Azərbaycan Respublikası ailə qanunvericiliyinə əsasən valideynlər uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələr daşıyırlar. Belə olduğu təqdirdə birgə nikahlarından doğulmuş uşaqların maddi təminatında da cavabdeh onunla eyni hüquq və vəzifələr daşıyır. Valideyn olaraq o və cavabdeh rəsmi işdə, yəni müəllim işləməklə gəlirə malikdirlər. Əlavə olaraq bildirir ki, onun ödədiyi aliment uşaqlarına sərf olunmur, Cavabdeh valideynləri müalicələrini qızının hesabına ödəmək istəyirlər. Eyni zamanda himayəsində yaşa görə 220 manat sosial pensiya alan, onkoloji xəstə olan anası var. Anasının bütün tibbi xərcləri onun üzərinə düşür. Alimentin həddən çox olması və anasının müalicə xərcləri onu ağır maddi duruma salır. O, iddia tələbinin təmin olunaraq cavabdehə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 nömrəli qətnaməsi üzrə təyin olunmuş aliment borcunun barışaraq faktiki birgə yaşadıqları 2022-ci ilin fevral ayının 1-dən 2022-ci ilin dekabr ayının 21-dək 10 ay 21 gün müddətində yaranmış 4121 (dörd min bir yüz iyirmi bir) manat məbləğində aliment borcunun silinməsi və Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 saylı qətnaməsi ilə təyin olunmuş hər uşağa sabit pul məbləği ilə 193 manat aliment olmaqla, cəmi 386 manat aliment məbləğinin azaldılaraq hər bir uşağa sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat müəyyən olunması və qarşılqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh/iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirdi, qarşılıqlı iddia ərizəsinin və etiraz ərizəsinin məzmunlarına uyğun izahat verərək göstərdi ki, İddiaçı iddia ərizəsində istinad etmək istədiyi faktlar yalnız söz yığınından ibarət olmaqla məhkəmədə müəyyən çaşqınlıq yaratmağa hesablanmışdır. İddiaçı iddia ərizəsində xüsusilə önə çəkmək istədiyi fikrin, yəni nikahlarının məhkəmə qaydasında pozulmasından sonra guya barışmaqları, İddiaçı onunla birgə təsərrüfat aparması barədə qeyd etdiklərinin heç bir əsası yoxdur. Bildirir ki, nikahları pozulduqdan sonra onlar yenidən nikaha daxil olmamış, birgə büdcələri və xərcləri olmamışdır. O həm İsmayıllı rayonun Soltankənd kənd, həm də Basqal qəsəbə məktəbində müəllim işləyir. Nikahları pozulduqdan sonra o müəyyən müddət, yəni Soltankənd kəndində özünə kirayə yaşamaq üçün yaşayış sahəsi tapana qədər gəlin köçdüyü, qeydiyyatda olduğu və cehiz əşyalarının da hal-hazırda yerləşdiyi evin bir otağında yaşamış və həmin vaxtlar İddiaçıla nəinki birgə təsərrüfat aparmış, ümumiyyətlə onunla ünsiyyəti olmamışdır. Hal-hazırda o işlədiyi İsmayıllı rayonun Soltankənd kəndində iki azyaşlı uşağı ilə kirayədə yaşayır. Aldığı əmək haqqı kirayə haqqını ödəməyə, uşaqların sağlam böyüməsi üçün qidalanmasına, onların geyimlərinə kifayət etmir. Öz müəllimlik fəaliyyətini davam etdirmək üçün himayəsində iki azyaşlı uşaq ola-ola Bakı şəhərindən yayın istisi, qışın soyuğunda İsmayıllı rayonun Soltankənd kənd orta məktəbində işləmək onun üçün həm maddi, həm mənəvi cəhətdən hədsiz çətinlik törədir. O, həmin məktəblərə gedib-gəlmək üçün aylıq 150 manat yol pulu, kirayədə qalmağa və işdə olduğu vaxt ərzində uşaqlara baxmağa 200 manat pul ödəyir. Bu azmış kimi bu gün də birgə nikah dövründə İddiaçı borclarını ödəmək üçün götürdükləri 12500 manat kreditə görə qrafik üzrə hər ay 261 manat ödəniş edir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-516/2022 nömrəli iş üzrə qəbul etdiyi 21 yanvar 2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini aldığı ötən müddət ərzində müxtəlif sahələrdə olduğu kimi Respublika üzrə yaşayış minimumu istər işləyənlər, istər pensiyaçılar, istərsə də uşaqları üçün nəzərəçarpacaq dərəcədə artırılmışdır. Birgə nikahdan olan iki azyaşlı uşağın saxlanlması üçün məhkəmə qətnaməsi ilə ödənilməsi qət edilmiş ümumilikdə 386 manat (hər uşağa görə 193 manat) isə bu gün üçün iki azyaşlı uşağın ən sadə ehtiyaclarını ödəməyə belə kifayət etmir. Qeyd edilən məhkəmə qətnaməsi icraya yönəldilməsinə baxmayaraq İddiaçı tərəfindən bu günə kimi 585 manat ödənilmişdir. Ona görə də Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş sabit pul məbləğində alimentin (hər uşağa hər ay 193 manat olmaqla bir ay üçün cəmi 386 manat) məbləğinin artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay hər bir uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınaraq ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh/iddiaçı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirərək cavabdeh/iddiaçı Cavabdeh izahatına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı himayəsində onkoloji xəstə olan anasının olduğunu və anasının bütün tibbi xərclərinin onun üzərinə düşdüyünü, buna görə də maddi durumunun ağır olduğunu bildirsə də, anasının İddiaçı başqa iki uşağı var, anasının müalicəsinə digər uşaqları da köməklik göstərir. Bunlar hamsı aliment borcunu ödəməkdən yayınmaq məqsədi ilə İddiaçı tərəfindən edilmiş bəhanələrdir. Həmçinin bildirir ki, onun və arvadının da səhətində problemlər var. Onlar da artıq Cavabdeh köməklik etməkdə çətinlik çəkirlər. Qeyd etdikləri nəzərə alınaraq ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİİ 949667 nömrəli 17 may 2017-ci il tarixli və AZ-İ 156226 nömrəli 21 oktyabr 2021-ci il tarixli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, tərəflərin 13 iyun 2012-ci il tarixdə X3 və 01 may 2017-ci il tarixdə X2 adlı iki uşaqları doğulmuşdur. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)- 516/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə 164 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 Cavabdeh yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 175 manat, xx.xx.2022-ci il tarixdən isə 193 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin 28 dekabr 2022-ci il tarixli 281695/2021 nömrəli arayışından görünür ki, icra vərəqəsi üzrə tələbkar Cavabdeh 300 manat aliment ödənilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər ay 175 manat, xx.xx.2022-ci il tarixdən isə 193 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından doğulmuş Uğur və Bahar adlı uşaqlar əvvəllər olduğu kimi hazırda da cavabdehin yanında yaşayırlar. İddiaçı/cavabdeh əmək haqqının çox olmadığını, həmçinin himayəsində onkoloji xəstə anasının olduğunu, anasının müalicə xərclərini də özü çəkdiyindən maddi vəziyyətinin ağır olduğunu, Cavabdeh isə İsmayıllı rayon Soltankənd kənd və Basqal qəsəbə orta məktəblərində müəllim işləməklə həm özünün, həm də uşaqların maddi təminatını ödəyə biləcək həddən də artıq qazanca malik olduğunu bildirərək ödənilməmiş 4121 (dörd min bir yüz iyirmi bir) manat məbləğində aliment borcunun silinməsi və təyin olunmuş cəmi 386 manat aliment məbləğinin azaldılaraq hər uşağa 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin müəyyən olunmasını xahiş edir. Cavabdeh/iddiaçı və nümayəndəsi İddiaçı müəllim işləməklə normal aylıq gəlirə malik olduğunu, xəstə anasının müalicəsinə Tehran Abbasovla yanaşı digər bacı-qardaşlarının da kömək etdiyini, Cavabdeh aldığı əmək haqqının yol puluna, kirayə haqqına, işdə olduğu müddətdə uşaqlara baxmaq üçün dayəyə, həmçinin birgə nikah dövründə İddiaçı pis vərdişlərinə görə yaranmış borclarının ödənilməsi üçün götürdükləri kreditin aylıq ödənişlərinin ödənilməsinə sərf olunduğunu, uşaqların saxlanmaları üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin hazırki vəziyyətdə iki uşağın saxlanması üçün azlıq etdiyini, İddiaçı isə həmin aliment məbləğini də ödəmədiyini və aliment borcunun yarandığını bildirərək ilkin iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini, hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat təyin olunmuş sabit pul məbləğində aliment məbləğinin artırılaraq birgə nikahdan doğulmuş iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq ona ödənilməsi barədə qarşlıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi qanunvericilik iddiaçı/cavabdehin yuxarıda qeyd etdiyi xüsusatları aliment öhdəliyindən azad olunması əsası kimi müəyyən etməmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)- 516/2022 nömrəli qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə vəziyyətində hər hansı dəyişiklik olmamışdır. İddiaçı həmin vaxtdan sonra özünün maddi vəziyyətində də hər hansı dəyişiklik olması, həmçinin yaranmış aliment borcunun hər-hansı üzürlü səbəblərə görə əmələ gəlməsi barədə məhkəməyə sübut təqdim etməmiş, habelə həmin hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Alimentin azaldılması uşaqların maddi vəziyyətinə pis təsir göstərə bilər. İddiaçı əsaslı səbəb olmadan alimentin azaldılması və ödənilməmiş aliment borcunun silinməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehə ödəməli olduğu, xx.xx.2022-ci il tarixədək hər ay 175 manat, xx.xx.2022-ci il tarixdən isə hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment hazırki şəraitdə iki uşağın saxlanması üçün ödənilməsi mümkün olan məbləğdir, yaranmış aliment borcunun silinməsinə heç bir əsas yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş xx.xx.2022-ci il tarixədək hər ay 175 manat, xx.xx.2022-ci il tarixdən isə hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment məbləğinin azaldılaraq hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində müəyyən olunması və ödənilməmiş 4121 manat məbləğində aliment borcunun silinməsi barədə ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə cavabdeh/iddiaçı Cavabdeh, təyin olunmuş hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit aliment məbləğinin artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qarşlıqlı iddia tələbinə münasibət bildirirək qeyd edir ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(008)-516/2022 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra həmçinin də Cavabdeh da ailə vəziyyətində dəyişiklik olmamış, məhkəməyə bu halı təsdiq edən sübut təqdim olunmamış və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Həmçinin Cavabdeh da İddiaçı kimi müəllim işləməklə aylıq gəlir əldə edir. Məhkəmə hesab edir ki, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni İddiaçıla yanaşı, həm də Cavabdeh vəzifəsidir, ona görə də İddiaçı Cavabdeh ödəməli olduğu, hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment hazırki şəraitdə iki uşağın saxlanması üçün ağlabatan məbləğdir və artırılmasına əsas yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, cavabdeh/iddiaçının xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş hər uşağa hər ay 193 manat olmaqla, cəmi 386 manat aliment məbləğinin artırılaraq hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən olunması barədə qarşılıqlı iddia tələbi də təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsüumu iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı/cavabdeh İddiaçı dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh/iddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh/iddiaçı Cavabdeh iddiaçı/cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı/cavabdeh İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar