Məhkəmə qərarları › İş №2(037)-56/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-56/2022

01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-56/2022 01.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Əzı̇ zova Zavra Telman qızının cavabdeh Mürsəlı̇ yev Ası̇ man Neman oğluna qarşı yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 01 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Əzı̇ zova Zavra Telman qızı (bundan sonra iddiaçı) Mürsəlı̇ yev Ası̇ man Neman oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin təqsiri üzündən sağlamlığına vurulmuş xəsarət nəticəsində keçirəcəyi əməliyyata və çəkilmiş əlavə xərclərə görə 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğ tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 24 yanvar 2021-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən işlədiyi şirniyyat sexindən çıxıb yaşadığı ev tərəfə getməyə başlamışdır. Yolun sağ ehtiyat hissəsindən sol ehtiyat hissəsinə keçərkən nəyinsə onun vurduğunu hiss etmişdir. Bundan sonra baş verənləri xatırlamır. Təxminən 8 gün ərzində travmatik şok vəziyyətində olmuşdur. Həmin vəziyyətdən ayıldıqdan sonra bir neçə gün yaxınlarını tanımamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh idarə etdiyi avtomobillə onu vurmuşdur. O, xəstəxana və evdə olduğu müddətdə cavabdeh tibbi və digər xərclərin yol-nəqliyyat hadisəsi ilə bağlı keçirəcəyi əməliyyatların pulunu ödəyəcəyinə söz vermiş, lakin sonradan həmin xərcləri qarşılamaqdan imtina etmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onda qapalı-kəllə beyin travması, baş-beyin əzilməsi, baş-beyinə qansızma ilə müşayiət olunan sağ gicgah nahiyyəsinin yarası, hər iki ağciyərlərin əzilməsi, sol tərəfli hemopnevmotoraks, sağdan üçüncü, dördüncü, beşinci, soldan ikinci, üçüncü, dördüncü qabırğaların sol kürək, sol bud sümüyünün, hər iki qasıq və oturaq sümüklərin qapalı sınıqları, burnun və sol əlin arxa səthinin sıyrıqları bərk-küt əşya təsirindən törənmiş xəsarətlər aşkar olunmuşdur. Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi zamanı həyat üçün təhükəli olan sağlamlığına ağır zərər vurulmuşdur. Baş vermiş hadisəyə görə İsmayıllı rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(037)-56/2021 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də sağlamlığının bərpa olunması istiqamətində heç bir səy göstərməmişdir. Cavabdehin təqsiri üzündən baş vermiş hadisədən sonra onun sağlamlığına zərər vurulmuşdur. O, aldığı ağır xəsarətdən sonra əmək qabiliyyətini və iş yerindən əldə edəcəyi qazancını itirmişdir. Bundan başqa, sağlamlığına vurulmuş xǝsarət nəticəsində müalicəyə, əlavə qidalanmaya, dərmana, müalicə müəssisəsinə gedib-gəlmək və digər müayinə xərclərinin çəkilməsinə ehtiyac var. Lakin maddi imkansızlıq səbəbindən novbəti əməliyatını həyata keçirdə bilmir. Əməliyyat və digər xərclər üçün 5000 manat lazımdır. Cavabdeh isə əməliyyata lazım olan xərcləri qarşılamaqdan imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən təqsiri üzündən sağlamlığına vurulmuş xəsarət nəticəsində keçirəcəyi əməliyyata və çəkilmiş əlavə xərclərin miqdarı 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manat tutularaq onun xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 24 yanvar 2021-ci il tarixdə saat 19:00 radələrində o, idarə etdiyi VAZ-21074 markalı, **-ED- *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən iddiaçını yolun sağ ehtiyat hissəsindən sol ehtiyat hissəsinə keçərkən vurmuşdur. Qəza nəticəsində iddiaçı sol baldır sümüyünün sınığı, açıq kəllə beyin travması, sağ gicgah nahiyəsində geniş ölçülü əzilmiş-cırılmış yara xəsarəti almışdır. Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid edilmişdir. Baş vermiş hadisəyə görə İsmayıllı rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(037)-56/2021 nömrəli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, iddiaçının müalicəsi üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasında 700 manat, Şəki rayonundan donor qan üçün 150 manat, "Plazma" üçün 110 manat, Bakı şəhar Sabunçu rayon xəstəxanasında 600 manat, Neyrocərrahiyyə xəstəxanasında 300 manat, təcili yardim zamanı 180 manat, Göyçay rayon xəstəxanasında təcili yardıma görə 550 manat pul ödəmişdir. Bundan sonra da əməliyyat adı ilə 1500 manat, travmatoloq həkimə verilməsi adı ilə 820 manat, bir ay ərzində xəstəxanada yatdıği üçün 1500 manat, evinin ərzaq pulu üçün 1000 manat, dərman almaq üçün 500 manat, pampers üçün 300 manat, yol pulu 500 manat, taksi pulu 300 manat və parata görə 150 manat olmaqla, cəmi 9160 manat pul ödəmişdir. İddiaçı cinayət işi üzrə ibtidadi istintaqa verdiyi izahatında xəstəxanada və evdə olduğu müddətdə onun tibbi və digər xərclərini ödədiyini, onunla barışdığını, şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə ərizə də yazmışdır. Bütün bunlara baxmayaraq haqsız olaraq iddiaçı ondan əlavə olaraq 5000 manat pul tələb edir. O, iddiaçının müalicəsi üçün bütün xərcləri çəkmişdir. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İsmayıllı rayon Mərkəzi Xəstəxanasının 27 yanvar 2021-ci il tarixli ******* nömrəli ambulator kitabçadan çıxarışın surətindən görünür ki, İddiaçı Telma qızı həkimin müayinəsində olmuş və ona “qapalı-kəllə beyin travması” diaqnozu qoyulmuşdur. Göyçay rayon Mərkəzi Xəstəxanasının 20 fevral 2021-ci il tarixli ******* nömrəli ambulator kitabçadan çıxarışın surətindən görünür ki, İddiaçı Telma qızı 28 yanvar 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixə kimi “qapalı-kəllə beyin travması, sağ gicgah sümüyünün sınıqları, orta dərəcəli beyin əzilməsi” və digər diaqnozlarla ambulator müalicədə olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(037)-56/2021 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, İddiaçı ibtidadi istintaq zamanı izahatında bildirmişdir ki, xəstəxanada və evdə olduğu müddətdə Cavabdeh onun tibbi və digər xərclərini ödəmiş, həmçinin baş vermiş hadisə ilə əlaqədar yarana biləcək digər xərclərini ödəməyinə dair söz vermişdir. Buna görə də təhqiqat zamanı Cavabdeh şikayət və tələbinin olmadığı, sonuncu ilə barışdığı barədə izahat vermiş, həmçinin bu barədə ərizə yazmışdır. Bu əsasla da cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sonradan isə Cavabdeh yol-nəqliyyat hadisəsi ilə bağlı keçirəcəyi əməliyyatların pulunu verməkdən və onun digər xərclərini qarşılamaqdan imtina etmişdir. Ailəsinin də maddi imkanı zəif olduğu üçün onun əməliyyat xərclərini qarşılaya bilməmişlər. Buna görə də Asimandan ona tibbi xərcləri ilə bağlı kömək etməyini xahiş etmiş, Asiman isə artıq pulunun olmadığını və kifayət qədər xərc çəkdiyini deyərək ona maddi köməklik etməkdən imtina etmişdir. Bununla bağlı olaraq o müvafiq orqanlara şikayət ərizəsi ilə müraciət etmiş, ona görə də bu səbəbdən təhqiqatçının qərarı ləğv edilərək Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 29 yanvar 2022-ci il tarixdə X1 həkimi Elcan Mirzəzadə tərəfindən İddiaçı verilmiş reseptdən görünür ki, Zavra Əzaziovanın üç nahiyəsində əməliyyat olunmalı, həmin əməliyyatlar 2500 manat, 1200 manat və 600 manat olmaqla, cəmi 4300 manat civarındadır. 11 noyabr 2021-ci il tarixli 10951 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hazırki iş üzrə iddiaçı sağlamlığına vurulmuş xəsarət nəticəsində keçirəcəyi əməliyyata görə cavabdehdən hər hansı məbləği tələb etməkdə haqlı deyil. Çünki həmin məbləğ real dəymiş zərər deyil və iddiaçı həmin xərclərə görə hər hansı məbləğ lazım olacağını ehtimal edir. Bundan əlavə iddiaçı iddia tələbində cavabdehdən çəkilmiş əlavə xərclərə görə pul tələb etsə də həmin faktları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu olaraq ödənilmiş 70 manat məbləği iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Əzı̇ zova Zavra Telman qızının cavabdeh Mürsəlı̇ yev Ası̇ man Neman oğluna qarşı sağlamlığına vurulmuş xəsarət nəticəsində keçirəcəyi əməliyyata və çəkilmiş əlavə xərclərə görə 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar