Məhkəmə qərarları › İş №2(037)-612/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-612/2021

26.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-612/2021 26.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayəyt oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyət və qanun üzrə vərəsə kimi mirasın onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair iddiasına, Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras qalmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə 26 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edədək, anası X4 miras qalmış İsmayıllı rayonu, Şəbiyan kəndində yerləşən, MA Seriyalı, ******* saylı Çıxarış üzrə 0,43 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, habelə JN- 0011 Kod 40713038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə 0,32 ha pay torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh/iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, İsmayıllı rayon Şəbiyan kəndində miras qalmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində vərəsələrin hüquqlarının tanınması və payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailədə üç nəfər – iki qardaş, bir bacı olmuşlar. Atası 1988-ci ildə, qardaşı Rafiq isə 1993-cü ildə vəfat etmişdir. Bacısı isə 1988ci ildə ailə quraraq İsmayıllı şəhərinə ər evinə köçmüşdür. Miras qoyan anası X6 onun himayəsində qalmış, vəfatınadək qayğısını çəkmiş, müalicəsini etdirmiş, vəfatından sonra isə bütün dəfn və hüzr xərclərini çəkmişdir. Anası Xədicə 04 iyun 2014-cü ildə yaşadığı İsmayıllı rayon Şəbiyan kəndində vəfat etmişdir. Anası sağlığında ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ilk əvvəl nəvəsi cavabdeh Rəşada və ona vəsiyyət etmişdir. Lakin Rəşad orta məktəbi bitirdikdən və hərbi xidmətdən qayıtdıqdan sonra kəndə gəlməmiş, nənəsi ilə, onun problemləri ilə maraqlanmamış, qayğısını çəkməmiş və vəfatından sonra da dəfn və hüzr xərclərinə qoşulmamışdır. Həmçinin, mirası qəbul etməmiş, mirasla maraqlanmamışdır. Anası nəvəsi Rəşadın ona qarşı soyuq münasibətini, qayğısızlığını, onun isə bir övlad kimi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdiyini görərək sağlığında İsmayıllı rayon Keyvəndi İƏD üzrə nümayəndəliyində 04 may 2004-cü ildə təsdiq olunmuş vəsiyyətnamə əsasında son iradə ifadəsi olaraq bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədə anası öz iradə ifadəsi olaraq digər vərəsələri, yəni bacısını və hazırkı mülki iş üzrə cavabdeh olan qardaşı oğlunu mirasdan məhrum etmişdir. Anası vəsiyyətnaməni yazdırarkən ahıl yaşlı olduğundan kənddən 30-40 km uzaqda olan rayon mərkəzində yerləşən notariat kontoruna səhhəti ilə əlaqədar gələ bilməmiş, ona görə də vəsiyyətnaməni kənd icra nümayəndəliyində təsdiq etdirmişdir. Anasının vəfatından sonra ondan miras qalan ev, həyətyanı torpaq sahəsi və pay torpaq sahəsindən ibarət olan mirası faktiki qəbul etmiş, 1965-ci ildə çay daşından tikilmiş fərdi yaşayış evində 30000 manata yaxın əsaslı təmir işləri aparmış, pay torpaq sahələrini əkibbecərmiş, vergilərini ödəməklə mirası idarə etmişdir. (Miras qalan daşınmaz əmlaka dair vergilərin onun tərəfindən ödənilməsi barədə kənd bələdiyyəsinin və kənd icra nümayəndəliyinin arayışlarını iddia ərizəsinə əlavə edir.) Anasının vəfatından ötən 7 il ərzində cavabdeh miras əmlakla bir dəfə də olsa maraqlanmamış, o miras qalan fərdi yaşayış evini təmir etdirib, evin yerləşdiyi həyətyanı torpaq sahəsini səliqə-səhmana saldıqdan sonra Rəşad özünün də vərəsə olduğunu bildirərək ona miras əmlaka dair mülkiyyət hüququ əldə etməyə mane olur. Hesab edir ki, cavabdehlərin hərəkətləri qanunsuz olduğu üçün heç bir hüquqi nəticə doğurmamalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qarşılqlı iddia ərizəsi üzrə iddiaçı/Cavabdeh1 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək göstərdi ki, İsmayıllı rayon, Şəbiyan kəndində yerləşən 0,43 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində nənəsi X4 başqa mərhum atası X22 və bibisi Həsənova (İsmayılova) Xoşqədəm Şəmi qızı yaşamışlar. 1993-cü ildə atası Rafiq Həsənov vəfat etdikdən sonra da İddiaçı məxsus 7 baş iri buynuzlu, 30 baş xırda buynuzlu mal saxlamış, həmin evdə görülə biləcək bütün işləri ona gördürmüşlər. Yaxşı işlədiyinə görə nənəsi sağlığında özünə məxsus bütün daşınar və daşınmaz əmlaklarını ona və əmisi İddiaçı vəsiyyət etmişdir. 2002-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən Şəbiyan kəndinə qayıtmış, əmisi İddiaçı ilk əvvəl bunu normal qarşılasa da sonradan düşünülmüş bir plan əsasında müxtəlif bəhanələrlə onu həmin evdən uzaqlaşdırmağa çalışmışdır. Onun niyyəti nənəsindən miras qalmış bütün əmlaka sahiblənmək və onu küsdürüb miras əmlakını mənimsəmək olmuşdur. Belə ki, onunla həddən artıq pis rəftar etmiş, evdə normal yaşamağına imkan verməmiş, sanki evdə arzu olunmaz şəxsə çevrilmişdir. 2007-ci ildə evləndikdən sonra məcburiyyət qarşısında ailəsi ilə birlikdə həmin evdən çıxaraq Bakı şəhərinə getmiş və orada yaşamışdır. Baxmayaraq ki, bu gün də sözügedən evdə qeydiyyatdadır və həmin evə gedib-gəlir. Sonradan əmisi ona qarşı şər-böhtan işlədərək guya nənəsi ilə maraqlanmadığını, onun qayğısına qalmadığını əsas gətirərək 04 may 2004-cü il tarixdə Keyvəndi İƏD üzrə nümayəndəlikdə guya bütün əmlakını nənəsi ona vəsiyyət etdiyini iddia edir. Bu inandırıcı deyil. Vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onun və bibisinin mirasda məcburi payı vardır. Əmisi tərəfindən mirasın istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul edilməsi yalandır. Belə ki, o, ətrafında baş verənlərdən xəbərsiz olmuş və bunu şahidlər də təsdiq edə bilərlər. Əmisi İddiaçı nənəsinin ölümündən sonra fərdi yaşayış evi və torpaq sahəsini satmaq istəsə də o, bunu edə bilməmişdir. Çünki o, miras əmlakı qanunla müəyyən edilmiş müddət ərzində qəbul etmədiyi halda, yalan məlumatlarla vəsiyyət və qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsi görüntüsü yaratmışdır. Hesab edir ki, miras qalmış İsmayıllı rayonu, Şəbiyan kəndində yerləşən MA seriyalı ******* saylı Çıxarış əsasında 0,43 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi, habelə JN-0011 Kod 40713038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə 0,32 ha pay torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi yolverilməzdir. Hesab edir ki, onlar qanunsuz olaraq miras payından məhrum edilmişdir. Belə ki, miras qoyanın qanun üzrə vərəsələri sırasından olan və vəsiyyətnamə ilə miras əmlakındakı payından tamamilə məhrum edilməsi mümkün olmayan şəxsdir. Bu şəxslərin mirasın vərəsəlik zamanı onlara çatası payın yarısı qədər pay almaq hüququ vardır. Ona görə də ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Tircan kəndində yaşayır. İddiaçı arvadı ilə tələbə yoldaşı olmuşlar. İddiaçı ailəsini yaxından tanıyır. X26 rəhmətə gedəndə yas mərasimində iştirak etmişdir. İddiaçı anası Xədicə Həsənovanın vəfatınadək qayğısını çəkmiş, müalicəsini etdirmiş, vəfatından sonra isə yas mərasimini və dəfn işlərini təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X23 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Şəbiyan kəndində yaşayır. İddiaçı və Cavabdeh1 qohumlarıdır. İddiaçı atası ilə onun atası əmioğludurlar. İddiaçı anası mərhum X18 şəhərində yaşayan qızı Cavabdeh2 evində rəhmətə getmişdir. İddiaçı anası Xədicə Həsənovanın vəfatınadək qayğısını çəkmiş, müalicəsini etdirmiş, vəfatından sonra isə yas mərasimini və dəfn işlərini təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X21 ifadə verərək göstərdi ki, İddiaçı atası, Cavabdeh2 bibisi, Cavabdeh1 isə əmisi oğludur. Atası İddiaçı nənəsi Xədicə Həsənovanın sağlığında ona qayğı göstərmiş, müalicəsini etdirmiş, vəfatından sonra isə yas mərasimini və dəfn işlərini təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X11 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçı atasının bibisi oğludur. Cavabdeh1 uşaqlıdan tanıyır və aralarında dostluq münasibətləri vardır. Cavabdeh1 uşaq yaşlarından atasını itirmişdir. X19 dəfn və yas mərasiminin kimin təşkil etdiyini bilməsə də, ancaq Xədicə Həsənovaya məxsus pensiya kartının və pulun oğlu İddiaçı olduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X24 ifadə verərək göstərdi ki, Bakı şəhərində yaşayır. İddiaçı və Cavabdeh1la aralarında uzaq qohumluq münasibətləri vardır. X26 anasının qohumudur. Mərhum X18 şəhərində yaşayan qızı Cavabdeh2 evində rəhmətə getmiş, onun dəfn və yas mərasiminin kimin tərəfindən təşkil edilməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X12 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Şəbiyan kəndində yaşayır. İddiaçı və Cavabdeh1 qonşularıdır. Mərhum X18 şəhərində yaşayan qızı Cavabdeh2 evində rəhmətə getmişdir. Həmin ərəfədə o kənddə olmamışdır. X19 dəfn və yas mərasiminin kimin tərəfindən təşkil edilməsini bilmir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahid ifadələrini dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə İsmayıllı rayonu, Şəbyan kəndində X13 ilə X5 birgə nikahından doğulmuşdur. İş materiallarına əlavə edilmiş, JN-0011 KOD 40713038 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 adına İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisində 0,32 ha torpaq sahəsi verilmişdir. İşdə olan 01.07.2011-ci il tarixli, Seriya MA 02212591 nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu, Şəbiyan kəndində 0,43 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 67 kv.m, yaşayış sahəsi 62,4 kv.m və yardımçı sahəsi 4,6 kv.m olan fərdi yaşayış evi X5 tam mülkiyyət hüququ 01.07.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan İsmayıllı rayonu, Keyvəndi İƏD-si üzrə nümayəndəliyinin notarial qaydada təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, İsmayıllı rayonu, Şəbiyan kəndində yaşayan X6 həyətyanı və özəl torpağını, İsmayıllı rayonu Şəbiyan kəndindəki evini oğlu İddiaçı vəsiyyət edir. Qızı Həsənova (İsmayılova) Xoşqədəm və nəvələri Cavabdeh1, X9 vəsiyyət edir ki, həmin torpağın, evin və əmlakın iddiasını oğlu Rəsuldan etməsinlər. Vəsiyyətnamənin dəyişdirilməsi və qüvvədən düşməsi ilə bağlı qeyd müəyyən edilməmişdir. İşdə olan İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21.08.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 04.06.2014-cü il tarixdə ölmüşdür. İşdə olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 10.06.2021-ci il tarixli, N- 825 saylı məktubdan görünür ki, İddiaçı 04.06.2014-cü il tarixdə ölmüş X2nın ölümündən sonra ondan qalan miras əmlakın qəbul edilməsi üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim edilmədiyi üçün vərəsəlik haqqında şəhadətnamə verilməsi mümkün olmamış və bu barədə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayonu, Keyvəndi bələdiyyəsinin 10.06.2021ci il tarixli, 07 saylı arayışından görünür ki, X2nın vəfat etdiyi 04.06.2014-cü il tarixdən ona məxsus torpaq və əmlak vergilərini İddiaçı odəyir. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayon, Keyvəndi kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş, 10.06.2021-ci il tarixli, 90 saylı arayışdan görünür ki, X5 vəfat etdiyi 2014-cü il tarixdən onun mülkiyyətində olan ev ümumi sahəsi 62,4 kv.m, həyətyanı sahəsi 0,43 ha, pay torpağı 0,32 ha olmaqla, İddiaçı sahiblik etmiş və vergilərini ödəmişdir. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayon, Keyvəndi kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş, 16.06.2021-ci il tarixli, 90 saylı arayışdan görünür ki, X6 04.06.2014-cü il tarixədək özünə məxsus İsmayıllı rayonu, Şəbiyan kəndində yerləşən fərdi yaşayış evində yaşamış və həmin evdə Cavabdeh1 Rasim oğlu, X14, X15 və X10 qeydiyyatda olmaqla 2000-ci il tarixdən həmin evdə yaşamırlar. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş, 10.06.2021-ci il tarixli, N-825 saylı məktubdan görünür ki, X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüş və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmamışdır.Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə yalnız məhkəmə iclasında araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum X13 ilə X2nın birgə nikahlarından Rəsul, Rafiq və Xoşqədəm adlı üç uşaqları olmuş, Rafiq Həsənov 1993-cü ildə vəfat etmişdir. X20 İsmayıllı rayonu, Şəbiyan kəndində yerləşən, MA Seriyalı, ******* saylı Çıxarış üzrə 0,43 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, habelə JN-0011 Kod 40713038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə 0,32 ha pay torpaq sahəsi miras qalmışdır. 04 may 2004-cü il tarixdə İsmayıllı rayonu, Şəbiyan kəndində yaşayan X6 həyətyanı və özəl torpağını, İsmayıllı rayonu Şəbiyan kəndindəki evini oğlu İddiaçı vəsiyyət etmiş və digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. Məhkəmə ilkin iddianın mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, X20 qalmış mirası, onun qanun üzrə birinci növbəli vərəsəsi olan oğlu, İddiaçı təsərrüfatı idarə etməklə faktiki olaraq qəbul etmişdir. Xədicə Həsənovanın digər birinci növbəli vərəsəsi olan qızı Cavabdeh2 evlənərək İsmayıllı şəhərində ayrıca təsərrüfata sahib olmuş və anasından qalan miras əmlaka faktiki sahiblik etməmiş, eyni zamanda qanunla müəyyən edilmiş müddətdə miras əmlakdan pay tələb etməmiş və nəticədə mirası qəbul etməmişdir. Belə ki, iş materiallarından və şahid ifadələrindən də görünür ki, İddiaçı anası Xədicə Həsənovanın sağlığında ona qulluq etmiş, onu mütəmadi olaraq Bakı şəhərinə yaşadığı evə apararaq onun qayğısına qalmış, anasına məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin vergilərini o ödəmiş, anasının ölümündən sonra onun dəfn xərclərini o çəkmiş və fərdi yaşayış evinə və torpaq sahələrinə faktik sahiblik etməklə orada əsaslı təmir-tikinti işləri aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, X1 miras qalmış İsmayıllı rayonu, Şəbiyan kəndində yerləşən, MA Seriyalı, ******* saylı Çıxarış üzrə 0,43 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, habelə JN-0011 Kod 40713038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə 0,32 ha pay torpaq sahəsini İddiaçı faktiki qəbul etmişdir. Məhkəmə qarşılıqlı iddiaya dair bir daha müəyyən etdiyi hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik haqqında mülki hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Məhkəmə ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən tərəflərin X1 qalmış mirasdan pay almaq üçün müvafiq subyektiv hüquqa malik olub–olmamasını və həmin hüququn pozulub-pozulmaması məsələsinin araşdırılması məqsədilə vərəsələrin dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, X26 bütün əmlakına dair sağlığında İddiaçı vəsiyyətnamə verdiyindən, Cavabdeh1 mərhum atası X22 miras açıldığı an sağ olmadığı üçün onun mirasdan məcburi pay tələb etmək hüququ əmələ gəlmədiyindən, onun X20 qalmış mirasa münasibətdə mirasdan pay almaq tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmadıqlarından, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlara əsasən müəyyən edildi ki, mərhum X13 ilə X2nın birgə nikahlarından Rəsul, Rafiq və Xoşqədəm adlı üç uşaqları olmuş, Rafiq Həsənov 1993-cü ildə vəfat etmişdir. X2 sağ ikən bütün əmlakını İddiaçı İsmayıllı rayonu, Keyvəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib və təsdiq edilmiş vəsiyyətnamə əsasında vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə hazırkı vaxta qədər etibarsız sayılmamış, yaxud dəyişdirilməmiş və qüvvədən düşmüş hesab edilməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 atası, Rafiq Həsənov anası miras qoyan X20 əvvəl öldüyündən ondan qalmış mirasdan məcburi pay hüququ yaranmamış və həmin məcburi pay onun miras aktivinə daxil olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X20 qalmış miras açılan an mərhum Rafiq Həsənov (qarşılqılı iddia üzrə iddiaçının atası) sağ olmadığı üçün onun mirasdan məcburi pay tələb etmək hüququ əmələ gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub–olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göründüyü kimi qanunverici sadalanan mülki hüquq normalarında ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) həm qanun üzrə, həm də vəsiyyət üzrə və ya hər iki əsasla keçməsini, qanun üzrə və vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələrin miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları və yaxud kənar şəxslər ola bilməsini, vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay hüququnun olmasını, həmçinin vəsiyyət üzrə vərəsəlik zamanı mirasdan məcburi pay tələb etmək hüququna yalnız miras açıldığı an sağ olmuş vərəsənin malik olduğunu müəyyən etməklə yanaşı, miras açılan an sağ olmayan vərəsənin mirasdan məcburi pay tələb etmək hüququnu istisna etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə qeyd olunan mülki hüquq normalarının tələbləri baxımından hesab edir ki, miras əmlak miras qoyanın öldüyü məqamadək əldə etdiyi əmlak hüququdur. Miras qoyan həmin hüququ sağ ikən əldə etməlidir. Vəsiyyət üzrə vərəsəlik zamanı məcburi pay hüququ da miras qoyan vərəsənin miras toplusuna daxil olan əmlak aktividir. Məcburi pay hüququ mirasın açıldığı an sağ olan vərəsəyə münasibətdə yarandığından, həmin pay hüququ bir vərəsəlik payı kimi onun əmlak toplusuna daxil olduğundan və həmin vərəsə mirasdan məcburi pay tələb etmək hüququnu həyata keçirmədən öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında onun vərəsələrinə keçir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldıgı andan yaranır. X7 Məhkəməsinin Plenumu daha sonra müəyyən etmişdir ki, Mülki Məcəllənin 1193cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər. X7 Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Məhkəmə, həmçinin hesab edir ki, məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyindən, məcburi payı tələb etmək miras açıldığı an sağ olan vərəsənin hüquq olduğundan, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirildiyindən, mirasda məcburi pay almaq hüququ olan şəxsin vəsiyyətnamə üzrə vərəsədən məcburi payın ödənilməsini tələb etmək hüququ da mirasın açıldığı andan yaranır. Lakin qarşılıqlı iddia üzrə iddiaçının mərhum atası X22 miras açıldığı an sağ olmadığı üçün onun mirasdan məcburi pay tələb etmək hüququ əmələ gəlməmişdir. Bu halda, cavabdeh/iddiaçı Cavabdeh1 da X19 vəsiyyətnamə üzrə vərəsəsi olan ilkin iddia üzrə İddiaçı məcburi payın ödənilməsini tələb etmək hüququ olmamışdır. Belə olan halda məhkəmə qənaətə gəlir ki, cavabdeh/iddiaçı Cavabdeh1 mərhum Xədicə İsmayılovadan qalmış mirasa münasibətdə mirasdan pay almaq tələbinə dair iddia (qarşılıqlı iddia) irəli sürməkdə subyektiv hüquqa malik olmadığından, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə, həmçinin qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmadıqda, nəvələrin qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras almaq hüquqlarının olmasına istinad edərək subyektiv hüquqa malik olmalarına dair göstərdikləri ilə bağlı qeyd edir ki, həmin maddədə nəvələrin vəsiyyət üzrə vərəsəlik zamanı deyil, qanun üzrə vərəsəlik zamanı ölmüş valdeyininə çatası paydan bərabər miras almaq hüququnun olması müəyyən edilmişdir. Hazırkı vəziyyətdə miras qoyan Xədicə Həsənova vəsiyyətnamə qoyduğundan vəsiyyət üzrə vərəsəlik qüvvədədir. Ona görə də cavabdeh/iddiaçı Cavabdeh1 həmin hüquqa malik olması üçün onun valideyni olmuş atası X16 mirasdan pay deyil, vəsiyyətnamə üzrə vərəsədən məcburi pay tələb etmək hüququ mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1–ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsində göstərilir ki, bu sonuncuların nəvələri,nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın.Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə, həmçinin əlavə olaraq qeyd edir ki,hazırkı mübahisəyə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsi ümumi, həmin Məcəllənin 1194-cü maddəsi isə xüsusi normadır. Belə olan halda vəsiyyət üzrə vərəsəlik zamanı iddia tələbinin hüquqi əsasını həmin Məcəllənin 1194-cü maddəsi təşkil etdiyindən hazırkı mübahisəyə də ümumi normanın tələbləri nəzərə alınmaqla xüsusi norma tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.4–cü maddəsinə əsasən xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müdəaları (istisna normalar) analogiya üzrə tətbiq edilməməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı/Cavabdeh1 ilkin iddia üzrə iddiaçı/cavabdeh İddiaçı qarşı X20 miras qalmış əmlakdan pay almaq tələbinə dair iddianı irəli sürməkdə subyektiv hüquqa malik olmadığı üçün qarşılqılı iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının subyektiv hüququ olmadığına görə iddia tələbi Xədicə Həsənovadan miras qalmış əmlaklara münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia təmin edilsin. X1 miras qalan, İsmayıllı rayon Şəbiyan kəndində yerləşən, 01.07.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarış üzrə 0.43 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 02.12.1999-cu il tarixli JN-0011 KOD 40713038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 0.32 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qarşılıqlı iddia təmin edilməsin. İlkin və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar