Məhkəmə qərarları › İş №2(037)-752/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-752/2023

02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-752/2023 02.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X7 oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 02 avqust 2023-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 noyabr 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 (iki yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdehlə faktiki nikahla ailə qurub burgə yaşadıqdan sonra 02 oktyabr 2021-ci il tarixdə nikahlarını rəsmləşdirmişlər. 26 noyabr 2021-ci il tarixdə X5 adlı bir uşağı doğulmuşdur. Cavabdehin ailəyə baxmaması, ona qarşı kobud rəftar etməsi münasibətlərinin pozulmasına səbəb olmuşdur. 2022-ci ildə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etsə də həmin vaxt ağsaqalların məsləhəti və öz təşəbbüsü ilə barışmışlar. Buna baxmayaraq yenidən eyni hallar təkrar olunduğundan haızrda faktiki olaraq ayrı yaşayırlar. Özünün yanında 3 yaşı tamam olmamış uşaq olmaqla eyni zamanda hazırda ikinci uşağa hamilədir. Bu səbəbdən heç yerdə işləyə bilmir. Cavabdeh isə Daşkəsən rayonun Quşçu kəndinin ərazisində yerləşən qızıl mədənində işləməklə yüksək aylıq gəlirə malikdir. Buna baxmayaraq ayrı yaşadıqları müdətdə cavabdeh ailəsi ilə maraqlanmayıb və uşağının maddi təminatının ödənilməsinə köməklik etməyibdir. Cavabdehin birinci nikahdan olan üç uşağının ikisi cavabdehin yanında, biri isə ana valideynlərinin yanında qalır. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə təmsil etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, tərəflər arasında münasibətlər pozulduğu üçün müəyyən müddətdir ki, faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh "xxxx" MMC-də konveyer operatoru vəzifəsində işləməklə ayda 692 manat əmək haqqı alır. Bundan başqa himayəsində birinci nikahdan olan üç övladı vardır. Cavabdeh İlqar adlı uşağın saxlanması üçün ayda 130 manat aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının iştirak etdiyi məhkəmə iclasındakı izahatını, cavabdehin nümayəndəsinin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 408186 nömrəli 02 oktyabr 2021-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edillir ki, tərəflər arasında 02 oktyabr 2021-ci il tarixdə bağlanmış nikah Daşkəsən rayon Qeydiyyat şöbəsində 48 sayla qeydə alınmışdır. İş materiallarında olan AZ-İV 685190 nömrəli 23 dekabr 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 26 noyabr 2021-ci il tarixdə X5 adlı bir övladı doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının surətindən müəyyən edilir ki, İddiaçı cavabdeh İddiaçı oğluna qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞİH-19498 nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh tərtəfindən iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin SMX-04/66-23 nömrəli xx.xx.2023-cqü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh Star Minimg” MMC-də konveyer operatoru vəzifəsində işləməklə ayda 692 manat əmək haqqı alır. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilimiş Daşkəsən RİHB-nın Quşçu kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-42-14/2-218/2023 nömrəli arayışından müəyyən edilir ki, cavabdeh Daşkəsən rayonun Quşçu kəndində yaşamaqla ailə tərkibi Həyat yoldaşı – İddiaçı, Qızları – xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və Oğlu – xx.xx.2022-ci il təvəllüdlü Cavabdeh İlqar oğlundan ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh "xxxx" MMC-də konveyer operatoru vəzifəsində işləməklə ayda 692 manat əmək haqqı alır. Cavabdehin digər gəlir mənbəyi barədə məlumat yoxdur. İddiaçı özünün yanında üç yaşı tamam olmamış uşaq olmaqla ikinci uşağa hamilə olduğu üçün işləyə bilmədiyini, cavabdehin isə Daşkəsən rayonun Quşçu kəndinin ərazisində yerləşən qızıl mədənində işləməklə yüksək aylıq gəlirə malik olduğunu qeyd edərək uşağın saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdehin nümayəndəsi cavabdehin "xxxx" MMC-də konveyer operatoru vəzifəsində işləməklə ayda 692 manat əmək haqqı alldığını, bundan başqa himayəsində birinci nikahdan olan üç övladının olduğunu, buna baxmayaraq İlqar adlı uşağın saxlanması üçün ayda 130 manat aliment ödəyə biləcəyini qeyd edir. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, cavabdehin himayəsində digər nikahdan üç övladının olması nəzərə alınmalıdır. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq 26 noyabr 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 09 iyun 2023-cü il tarixdən hesablanmalı, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 42 (qırx iki) manat 80 (səksən) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 09 iyun 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq 26 noyabr 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. Cavabdeh 41 (qırx bir) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar