Məhkəmə qərarları › İş №2(037)-783/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-783/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-783/2025 06.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 Bəhrəm qızı, İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Tircan kəndi ərazisində yerləşən mülkiyyətində olan 1.10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.1064 hektar hissəsinin X1 2 milyon manata satılmasına dair xx.xx.2004-cü il tarixli Cavabdeh1 4Ə-1-192 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin etibarsız sayılması, onun hüquqi nəticələrinin ləğv edilməsi və qeyd olunan torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 36.2-ci maddəsinin mənasından göründüyü kimi, hazırki tələb üzrə tərəf olan (cavabdeh) yalnız Cavabdeh2 Bəhrəm qızıdır, İsmayıllı rayon Notariat Ofisi isə tələbə cavabdeh verən şəxs, yəni cavabdeh deyil, üçüncü şəxsdir. Belə ki, iddiaçı iddia ərizəsində İsmayıllı rayon Notariat Ofisini cavabdeh qismində deyil, üçüncü şəxs qismində qoymalı idi. İddiaçı İsmayıllı rayon Notariat Ofisini işə üçüncü şəxs qismində cəlb etməli olduğu halda həmin qaydada deyil, cavabdeh qismində cəlb edərək hazırkı tələblə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsini qanunvericiliyin tələbinə uyğun olmayaraq tərtib etmişdir. Beləliklə məhkəmə hesab edir ki, prosessual qanunvericiliyin ərazi aidiyyəti qaydalarını tənzimləyən 35-ci maddəsində iddianın məhz cavabdehin rəsmi qeydə alındığı və hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməsi göstərilməklə bu halı üçüncü şəxslərə şamil etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı sözügedən iddia tələbi ilə Cavabdeh2 Bəhrəm qızının qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəməyə müraciət edə bilər. İddiaçının hazırkı mülki iş üzrə - İsmayıllı Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına riayət etməklə müvafiq iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100.60 (bir yüz manat altmış qəpik) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Bəhrəm qızı, İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə aidiyyəti məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 100.60 (bir yüz manat altmış qəpik) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardadın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar