Məhkəmə qərarları › İş №2(037)-893/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-893/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-893/2022 29.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq alğı-satqısı barədə əqdin bağlanmış sayılması tələbinə dair mülki işə 29 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu, ünvan 1ində yerləşən əkinə yararlı 1,65 ha torpaq sahəsinə dair onunla X3 arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin əlavə olaraq göstərdi ki, İsmayıllı rayon AİK-nın 2001-ci il 27 dekabr tarixli, 129 saylı qərarı ilə (Dövlət aktı JN-0010, kod ********) rayonun ünvan 1ində yerləşən 6,01 ha torpaq sahəsi ailə üzvləri ilə birlikdə X1 mülkiyyətinə verilmişdir. 2005-ci ilin 28 iyul tarixində Rəhim Cəfərovdan qeyd edilən torpaq sahəsinin 1,65 ha hissəsini 1 milyon 551 manata (köhnə məzənnə ilə) almışdlr. Bununla bağlı həmin tarixdə Rəhim Cəfərovun ailə üzvləri hazırkı iş üzrə cavabdehlər torpaq sahəsinin ona satılmasına etiraz etməmələri barədə ərizə vermiş, həmin ərizəni İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Bölgəsi üzrə səlahiyyətli nümayəndəsi O.M.Bağırlı imzası və möhürü ilə təsdiq etmişdir. Eyni tarixdə onun, satıcının və nümayəndənin iştirakı ilə torpağın alğı-satqısı barədə akt tərtib edilmişdir. Göründüyü kimi o, razılaşdırılmış dəyəri tam şəkildə ödəməklə sözügedən torpaq sahəsini almışdır. Lakin sonradan dəfələrlə notariat orqanına getməklə alğı-satqını rəsmiləşdirərək adına çıxarış almaq istəsə də Rəhim Cəfərov hər dəfə bir bəhanə ilə rəsmiləşdirməkdən yayınmışdır. Bildirmək istəyir ki 2005-ci il tarixdən hal-hazıra kimi sözügedən torpaq sahəsi onun sahibliyində və istifadəsində olsa da cavabdehlər notariat orqanında alğı-satqını rəsmiləşdirməkdən imtina etdiklərinə görə adına çıxarış ala bilmir. Cəfərov Rəhim xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. O, alğı-satqı əsasında sahib olduğu torpaq sahəsinin digər hissəsinin kim tərəfindən istifadə edildiyini aydınlaşdırmaq üçün 28 mart 2022-ci il tarixli, 146 saylı sorğu ilə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə müraciət etmiş, müraciətə cavabda sözügedən torpaq sahəsinin 4,36 ha hissəsinin hazırkı cavabdehlərin istifadəsində olduğu və onlar tərəfindən əkib becərildiyi müəyyən edilmişdir. Bununla da cavabdehlər X4 qanun üzrə vərəsələridir. Hesab edir ki, Rəhim Cəfərovla onun arasında mübahisəli torpaq sahəsi barədə alğısatqı müqaviləsi bağlanmış hesab edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək, Rəhim Cəfərovun iddiaçı ilə onlara məxsus torpaq sahəsinin alğı-satqısı barədə xəbərləri olmamış, onlar heç bir müqaviləyə imza etməmişlər. Məhkəməyə təqdim edilmiş razılıq ərizəsindəki imzalar onlara məxsus olsa da onlar müqavilə bağlanan zaman heç bir sənədə imza etməmişlər. Atası və əri Rəhim Cəfərovla iddiaçı arasında hansı münasibətlər olmasını bilmirlər. Ona görə işə onların iştirakı olmadan baxılaraq ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını,cavabdehlərin ərizəyə münasibətini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0010 KOD 40716018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 2001-ci il tarixli 129 saylı qərarı ilə X2, Cavabdeh2 Məmmədəli qızına və Cavabdeh1 İsmayıllı rayonu ünvan 1i ərazisində 6.01 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan Cəfərova R.M, İddiaçıƏ və Bağırlı O.M tərəfindən imzalanaraq tərtib edilmiş aktdan görünür ki, 28 iyul 2005-ci il tarixdə R.M.Cəfərov xüsusi mülkiyyətində olan 1,65 ha əkinə yararlı torpaq sahəsini İddiaçı satdı və əvəzində 1,551,000 manat pul aldı. Notariat qaydada alğı-satqının rəsmiləşdirilməsi sonradan həyata keçirilməsi razılaşdırıldı. İşdə olan İsmayıllı rayon Notariat Kontoruna ünvanlanmış ərizədən görünür ki, Cavabdeh2 Məmmədəli qızı və Cavabdeh1, X2 məxsus olan İsmayıllı rayonu ünvan 1i ünvanında yerləşən torpaq sahəsinin satılmasına etiraz etməmişlər. İşdə olan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Qubaxəlilli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 203 saylı məktubdan görünür ki, ünvan 1 sakini X3 xx.xx.2007-ci il tarixdə ölmüşdür.O, öldükdən sonra onların ailəsinə məxsus 6,01 ha torpaq sahəsindən oğlu Cavabdeh1 və ailə üzvləri istifadə edir. Belə ki, onlara verilən 6,01 ha torpaq sahəsindən kənd ətrafında yerləşən 4,36 ha torpaq sahəsini mərhumun oğlu Cavabdeh1 əkir. Yuxarı Şirvan kanalının cənub hissəsində yerləşən 1,65 ha torpaq sahəsini ünvan 1 sakini İddiaçı əkib, becərir. X4 ünvan 1ində yerləşən evində onun arvadı Cavabdeh2, oğlu Cavabdeh1, gəlini Nüşabə Cəfərova, nəvələri Nicat Cəfərov, Saleh Cəfərov və Ömər Cəfərov yaşayırlar. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 2001-ci il tarixli 129 saylı qərarı ilə X2, Cavabdeh2 Məmmədəli qızına və Cavabdeh1 İsmayıllı rayonu ünvan 1i ərazisində 6.01 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmiş, bu barədə onun adına JN-0010 KOD 40716018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Mübahisəli torpaq sahəsi üzərində Rəhim Cəfərovun və cavabdehlərin dövlət tərəfindən mülkiyyət hüququ tanınmışdır. Cavabdehlər hazırda da həmin torpaq sahəsinə mülkiyyət hüququnu saxlamışlar. İddiaçı ilə Rəhim Cəfərov arasında yazılı razılaşma olmuş, 28 iyul 2005-ci il tarixdə R.M.Cəfərov xüsusi mülkiyyətində olan 1,65 ha əkinə yararlı torpaq sahəsini iddiaçıya 1,551,000 manat qarşılığında satmış və Notariat qaydada alğı-satqının rəsmiləşdirilməsinin sonradan həyata keçirilməsi barədə razılığa gəlmişlər. 2005-ci ildən sözügedən 6,01 ha torpaq sahəsinin 1,65 ha hissəsi iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Tərəflər arasında mübahisəli torpaq sahəsinin alğı-satqısı barədə sadə yazılı formada müqavilə olmuşdur. Cavabdehlər isə Rəhim Cəfərovun iddiaçı ilə onlara məxsus torpaq sahəsinin alğı-satqısı müqaviləsi bağlaması barədə xəbərləri olmadığını,heç bir müqaviləyə imza etmədiklərini, məhkəməyə təqdim edilmiş razılıq ərizəsindəki imzalar onlara məxsus olsa da onlar müqavilə bağlanan zaman heç bir sənədə imza etmədiklərini bildirirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı qeyd olunan əqdin mövcudluğu barədə sübutu məhkəməyə təqdim etdiyinə görə iddia tələbi əsaslı sayılıb təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Belə ki, hazırkı mübahisə üzrə cavabdehlərin bir başa iradə ifadəsini özündə əks etdirən mübahisəli torpaq sahəsinin alğı-satqısına dair notariat qaydasında və ya sadə yazılı formada bağlanmış müqavilənin mövcudluğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilə mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik hüquq münasibətlərini tənzimləyən və həmin vaxt (28 iyul 2005-ci il) qüvvədə olan 335.2-ci maddəsi əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərin həm ayrı-ayrılıqda, həm də məcmu halında mövcud olub-olmaması əsas götürülməlidir. Belə ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə,digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar 22 mart 2006-cı il tarixli qərarı əsasında formalaşmış hüquqi mövqeyində göstərmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli və Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 may 2012-ci il tarixli Qərarlarında) bir daha təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikası MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Məhkəmə, belə qənaətə gəlir ki, hazırkı mübahisə üzrə iddiaçının tələbinin əsaslı olması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2ci maddəsində nəzərdə tutulmuş şərtlər ilk baxımdan ayrı-ayrılıqda və məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə Rəhim Cəfərov arasında 28 iyul 2005-ci il tarixdə (MM-in 335.2-ci maddəsinin qüvvədə olduğu müddətdə) sözügedən torpaq sahəsinə dair yazılı əqd mövcud olmuşdur. Belə ki, işdə olan və “Akt” şəkilində adlandırılaraq tərtib edilən yazılı əqdən görünür ki, Cəfərova R.M, İddiaçıƏ və Bağırlı O.M tərəfindən imzalanaraq 28 iyul 2005-ci il tarixdə R.M.Cəfərov xüsusi mülkiyyətində olan 1,65 ha əkinə yararlı torpaq sahəsini İddiaçı satdığı və əvəzində 1,551,000 manat pul aldığı qeyd edilmiş, notarial qaydada alğı-satqının rəsmiləşdirilməsi sonradan həyata keçirilməsi razılaşdırılmışdır.Göründüyü kimi tərəflər arasında öhdəliyin yaranmasına dair əqd mövcud olmuşdur. İşin müəyyən olunmuş hallarından da görünür ki, X5 və cavabdehlər mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. Onların hüquqları dövlət tərəfindən tanınır və qorunur. Bu baxımdan mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konustitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Məhkəmə cavabdehlərin torpaq sahəsinin satılması barədə razılıq ərizələri olmasına baxmayaraq, 25 iyul 2005-ci il tarixli alğı-satqı müqaviləsindən xəbərlərinin olmadığını, həmin müqavilə bağlanan zaman imzalarının olmadığı barədə etiraz mülahizələrinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.5-ci maddəsinə əsaəsn paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. İş materiallarında olan JN-0010 saylı KOD 40716018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 2001-ci il tarixli 129 saylı qərarı ilə X2, Cavabdeh2 Məmmədəli qızına və Cavabdeh1 İsmayıllı rayonu ünvan 1i ərazisində 6.01 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmiş, sözügedən torpaq sahəsinə dair mülkiyyətçilərin payları müəyyənləşdirilmədiyi üçün ümumi birgə mülkiyyət əsasında həyata keçirilməlidir. Belə olan halda mülkiyyətçilərin hər birinin payı bərabər olmaqla, payları ümumi 6,01 ha torpaq sahəsinə 2,003 ha təşkil edir. X5 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin ona düşən 2,003 ha hissəsindən 1,65 ha hissəsini iddiaçıya satmış və digər mülkiyyətçilər olan cavabdehlərin bu barədə məlumatları olmaqla torpaq sahəsinin satılmasına etiraz etmədikləri (dolayısı ilə satınalmaqda üstünlük hüquqlarından istifadə etmədiklərini) barədə öz imzaları ilə ərizə vermişlər. Göründüyü kimi hazırkı tələb üzrə cavabdehlərin satınalmaqda üstünlük hüquqları da pozulmamışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı İsmayıllı rayonu, ünvan 1ində yerləşən əkinə yararlı 1,65 ha torpaq sahəsinə dair onunla X3 arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İsmayıllı rayonu, ünvan 1ində yerləşən əkinə yararlı 1.65 hektar torpaq sahəsinə dair İddiaçı ilə X3 arasında alğı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar