Məhkəmə qərarları › İş №2(037)-962/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-962/2025

31.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-962/2025 31.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyun 2010cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(037)-402/2025 nömrəli qətnaməsi, Məhkəmənin xx.xx.2025-ci il tarixli 8(037)-35/2025 nömrəli qərardadı ilə müəyyən olunmuş hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.80 misli həddinə sabit pul məbləğində müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək (azaldılaraq) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.30 misli həddində sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(037)-402/2025 nömrəli qətnaməsi ilə 04 iyun 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 85 manat məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. Təyin olunmuş alimenti vaxtında ödəmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin olunmuş 85 manat aliment indeksasiya edilərək minimum əmək haqqının 0,80 misli həddində, yəni 320 manat məbləğində müəyyən edilmişdir. Təyin olunmuş aliment məbləği həddən artıq böyük rəqəmdir. Belə ki, onun rəsmi iş yeri yoxdur, dolanışığını fərdi əməklə məşğul olmaqla təmin edir. Bundan başqa yeni ailə qurmuş və bu nikahından xx.xx.2016-cı ildə Mehman və xx.xx.2018-ci ildə Ayan adlı iki övladları doğulmuşdur. Uşaqlar azyaşlı olduğu üçün həyat yoldaşı işləmir. Yeni ailə və uşaqlarının təminatını özü tək ödəyir. Aqşin adlı uşağın saxlanması üçün təyin olunmuş 320 manat alimenti ödəməsi onun, yeni ailəsinin və uşaqlarının maddi vəziyyətinin tamamilə pozulmasına səbəb olacaqdır. Ona görə də təyin olunmuş alimentin azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.30 misli həddində sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 2(037)-432/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, 04 iyun 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay 85 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 8(037)-35/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından surətindən müəyyən edilir ki, ərizə təmin edilərək İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. AZ-İ 982500 nömrəli xx.xx.2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə X2 ilə arasında 13 fevral 2015-ci il tarixdə bağlanmış nikah İsmayıllı RİHB-nın Zərnava İƏD üzrə nümayəndəliyində 01 sayla qeyd edilmişdir. AZ-İİİ 691777 nömrəli xx.xx.2016-cı il tarixli və AZ-İV 046194 nömrəli xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, iddiaçının yeni nikahından xx.xx.2016-cı ildə X3 və xx.xx.2018-ci il tarixdə X4 adlı iki uşaqları anadan olmuşdur. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞİ/MT-0042-2025-00117 nömrəli xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-432/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə 04 iyun 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay 85 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. Cavabdeh alimentin indeksasiya olunması ilə bağlı məhkəməyə müraciət etmiş və İsmayıllı Rayon Məhkəməsinin 8(037)-35/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. İddiaçı indeksasiyadan sonra ona hesablanmış 320 manat aliment məbləğinin həddən artıq böyük rəqəm olduğunu, onun rəsmi iş yerinin olmadığını, dolanışığını fərdi əməklə məşğul olmaqla təmin etdiyini, yeni ailə qurmaqla bu nikahından Mehman və Ayan adlı iki övladının olduğunu, ailədə yeganə gəlir gətirən şəxs olduğunu, təyin olunmuş aliment yeni ailəsinin və uşaqlarının maddi vəziyyətinin tamamilə pozulmasına səbəb olacağını qeyd edərək təyin olunmuş alimentin azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.30 misli həddində sabit pul məbləğində müəyyən olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən iddia tələbinə dair fikrini öytrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2, 8.7-ci bəndlərində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi məhkəmə qətnaməsi ilə aliment müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. İddiaçının rəsmi iş yeri yoxdur, özünün deməsinə görə fərdi əməklə məşğul olmaqla gəlir əldə edir. Bundan başqa o, yeni ailə qurmuş və yeni nikahından iki övladı doğulmuşdur. Alimentin indeksasiyası aparıldıqdan sonra iddiaçı tərəfindən ödənilməli olan minimum əmək haqqının 0,80 misli, yəni 320 manat aliment hazırki vəziyyətdə böyük məbləğdir. İddiaçının rəsmi iş yeri olmadığı, himayəsində digər nikahdan olan iki azyaşlı uşağı olduğu halda Aqşin adlı uşağa ayda 320 manat aliment ödəmək iqtidarında deyildir. Bundan başqa İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiyası aparıldıqdan sonra müəyyən olunmuş 320 manat məbləğ İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentdən dəfələrlə çoxdur. Alimentin birdən-birə dörd dəfə artırılması məqsədəuyğun deyildir. Lakin Aqşin adlı uşağın yaşının artması onun xərclərinin də artmasına səbəb olmuşdur. Eyni zamanda uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifəsidir. Eyni zamanda aliment məbləğinin indeksasiya əsasında yeni qaydalarla müəyyən edilməsi zamanı əvvəlki təyin olunmuş aliment məbləğinin əsassız olaraq qeyri-mütənasib artırılmasına səbəb olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 04 iyun 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödənilən alimetin miqdarı azaldılaraq İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 04 iyun 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödənilən alimentin miqdarı azaldılaraq İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar