Məhkəmə qərarları › İş №2(037)-963/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-963/2023

29.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-963/2023 29.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə 29 noyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edədək Cavabdeh2 ilə anası X1 arasında 01 fevral 2023-cü il tarixdə İsmayıllı rayon Notariat Ofisində bağlanmış və reyestrdə 4Ə-68 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və bağışlanmış əmlakın qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı şəhəri keçmiş Ə.Məmmədov küçəsi 56 ünvanında yerləşən (hazırda Tofiq İsmayılov küçəsi ev 8) atalarından miras qalmış fərdi yaşayış evinin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsi onun və anasının birgə mülkiyyətinə verilmiş, fərdi yaşayış evi isə faktiki mülkiyyətlərində olmuşdur. Həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqları ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********42 reyestr nömrəli və ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 0,06 hektar həyətyanı torpaq sahəsini İsmayıllı rayon Notariat Ofisində 01 fevral 2023-cü il tarixdə bağışlama müqaviləsi əsasında o və anası X1 bacısı Cavabdeh2 bağışlamışdır. Bağışlamadan sonra cavabdeh əri ilə həmin bağışlanmış həyətdən kənarda yerləşən, anasının tək yaşadığı evə köçmüş, aralarında olan şifahi razılaşmaya əsasən analarına qulluq etməli olmuşdur. Lakin az müddət sonra məlum olmuşdur ki, bacısı anasına lazımı qulluq göstərməmiş, yataq xəstəsi olan anaları qapısı bağlı evdə ac-susuz qalmışdır. Dəfələrlə anası ona zəng edərək ac olduğunu bildirmiş, o, anasına yemək aparmışdır. Bu vəziyyət artıq dözülməz həddə çatdıqda o anasını öz evinə aparmışdır. Bacısı isə nəinki bu vəziyyətdən utanmış hətda əri onun evinə hücum çəkərək anasını vuraraq xəsarət yetirmək istəmişdir. Bundan sonra anası ondan bağışlamanın ləğv edilməsini tələb etmişdir. Lakin anası çəkdiyi izdirablardan və xəstəliyi səbəbindən 28 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Belə ki, ölən günə qədər anası bağışlamanın ləğvini tələb etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi ev 56 (hazırda Tofiq İsmayılov küçəsi ev 8) ünvanda yerləşən və atasından miras qalan fərdi yaşayış evinin yerləşdiyi 0.06 hektar hayətyanı torpaq sahəsi 01 fevral 2023-cü il tarixdə İsmayıllı rayon Notariat Ofisində təsdiq olunmuş və reyestrdə 4Ə-68 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi ilə könüllü olaraq ona bağışlanmışdır. Sözügedən daşınmaz əmlakı ona bağışladıqdan sonra müqavilə imzalanmış və notariat ofisində rəsmiləşdirilmişdir. Lakin X18 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra qardaşı, İddiaçıla aralarında narazılıqlar başlamışdır. Yaranmış narazılıqlardan sonra qardaşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, anası xəstəliyi səbəbindən 28 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Anası vəfat edən gündən başlayaraq müxtəlif usullarla yaratdığı şər-böhtan bu gün də ara vermir və kin dolu düşüncə sahibinə çevrilmiş, bu şəxs ona və ərinə qarşı gizli işlər planlaşdırır və bu gün də əməllərindən əl çəkmək istəmir.Ötən dövr ərzində İddiaçı kimin təsiri və təzyiqi altına düşdüyünü və onun ətrafında baş verən bütün xoşagəlməz hadisələrə son qoyulmasını istəyir. İddiaçı bu hərəkətlərinə başqa ad verməkdə çətinlik çəkir. İddiaçı sağlam düşüncəyə və aydın mövqeyə malik deyildir. İlk əvvəl qardaşının etdiyi hərəkətlərin ötəri olduğunu düşünmüş, qardaş-bacı arasında münasibətlərə xələl gəlməməsinə, aralarında baş verənlərdən evdən kənar el-obanın, qohum-əqrabanın bilməməsinə çalışmış və mübahisənin öz aralarında həll edilməsini istəmişdir. Lakin məhkəməyə iddia ərizəsi ilə müraciətindən sonra bu yolun keçəri olmadığını görmüşdür.Belə ki,mərhum X18 heç vaxt yataq xəstəsi olmayıb. Öz-özünü idarə edib və daimi evdə sərbəst hərəkət edibdir.28 noyabr 2022-ci ildə anasının vəziyyəti qəfil pisləşib və təcili yardım maşını ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır.Oradan da Bakı şəhəri Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilmiş və daha sonra Bakı şəhəri,Yasamal Qospitalı "Davinc klinikası” adlanan klinikada üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Anasının üzərində aparılan əməliyyat xərcinin ümumilikdə 3000 manatı onun tərəfindən qarşılanmışdır. X18 xəstəxanadan çıxdıqdan sonra ona lazımı qulluq göstərmişdir. Atasına məxsus iki mülk olmuş, həmin mülkin biri sağlığında iddiaçıya verilmiş, digəri isə ona verilmişdir. Atası sağlığında iki mülkü olmasını, həmin mülkin birini oğlu Asəfə və birini isə ona verməsi barədə bütün qohum-əqrabaya bildirmişdir. Əgər anasına qardaşı baxırdısa onun burda nə işi vardır. O ailəsi ilə birlikdə xaricdə yaşamışdır. Xaricdə olarkən anası ona zəng edərək tək qaldığını, ona heç kim baxmadığını bildirdikdən sonra məcbur qalaraq xaricdə olan mülklərini ataraq ailəsi ilə birlikdə anasına baxmaq üçün Azərbaycana qayıtmış və anası vəfat edənədək ona baxmışdır. Qardaşı İddiaçı və mərhum X18 özlərinin razılıqları və iştirakları ilə 01 fevral 2023-cü il tarixdə İsmayıllı rayon Notariat Ofisində təsdiq olunmuş sənədlər əsasında daşınmaz əmlakları könüllü olaraq bağışlama müqaviləsi ilə ona bağışlamışlar və qeyd edilən müqavilə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə- 68 nömrə ilə qeydə alınmışdır. Hesab edir ki, iddiaçının mübahisələndirdiyi bağışlanma müqaviləsinin ləğvi üçün hər hansı hüquqi əsas yoxdur. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh İsmayıllı rayon Notariat Ofisi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçı əri, cavabdeh isə ərinin bacısıdır. Əvvəllər cavabdehlə münasibətləri yaxşı olmuşdur. Ev bağışlandıqdan sonra cavabdeh anasına baxmamışdır. Qaynanası vəfat edənədək onun yanında yaşamış və qaynanasına o baxmışdır. 2019-cu ildə cavabdeh xaricə getmiş, sonradan isə fikrin dəyişərək geri qayıtmışdır. Cavabdehin atası sağlığında ona xeyr-dua verməyərək özünə məxsus həyətdən qovmuşdur. Mübahisəli əmlak qaynatasına məxsus olmuş, sonradan isə əri və qaynanası tərəfindən cavabdehə bağışlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki,İsmayıllı şəhərində yaşayır. İddiaçı və cavabdeh hər ikisi əmisi nəvələridir. İddiaçı və cavabdeh hər ikisi valideyinlərinə baxmışlar.İddiaçıdan bacısı ilə aralarında olan məsələ ilə bağlı maraqlanmış və iddiaçı ona ata yurdunun cavabdeh tərəfindən satıldığını eşitdiyini, ona görə də cavabdehlə aralarında bağlanmış bağışlanma müqaviləsini ləğv etdirmək istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Ərəgit kəndində yaşayır. İddiaçı və cavabdeh baldızı uşaqlarıdır. Raisənin atası sağlığında vəsiyyət edərək iki mülkü olduğunu, həmin mülkün birini oğlu Asəfə və birini isə qızı Raisəyə verdiyini bütün qohum-əqrabaya bildirmişdir. X12 vəfat edənədək qızı Raisə baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Ərəgit kəndində yaşayır. İddiaçı və cavabdeh hər ikisi bacısı uşaqlarıdır. X20 sağlığında vəsiyyət edərək iki mülkü olduğunu, mülkinin birini oğlu Asəfə və birini isə qızı Raisəyə veriyini bildirmişdir. O, mərhum bacısı Rəfiqənin sağlığında onun yanına gedib-gəlmiş, bacısının yanında olarkən ona qızı Raisənin baxdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki,İsmayıllı şəhərində yaşayır. İddiaçı və cavabdeh hər ikisi bibisi uşaqlarıdır. Bibisi Rəfiqəyə sağlığında qızı Raisə baxmışdır. Belə ki, Raisə işdə olanda ona zəng edərək anasına baxmağı xahiş etmiş, o da Raisənin xahişi ilə bibisi Rəfiqəyə Raisə işdən gələnədək baxmış, Raisə işdən gələndən sonra isə anasına özü baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçı və cavabdeh arvadının bibisi uşaqlarıdır. Raisə Almaniyada yaşayırdı. Anası xəstə düşəndə Raisəni Almaniyadan gətizdirdi. Anasına Raisə baxırdı. Raisə evdə olmayanda anasına arvadı baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçı və cavabdeh onun xalası oğlunun uşaqlarıdır. İddiaçı və cavabdehdən çox valideyinlərinə o baxmışdır. Xalası oğlu Yusif sağlığında dəfələrlə ona deyib ki, iki mülki var onun birini oğlu Asəfə və birini isə qızı Raisəyə verəcəkdir. Oğlu Asəf atasına məxsus bina evində yaşadığından həmin ev Asəfə, digər həyət evini isə qızı Raisəyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır.İddiaçı dayısı,cavabdeh isə anasıdır. O, dayısı Asəfə anasına bağışlanmış mülkü satıb xaricə gedəcəkləri barədə söz deməmiş və onunla dayısı arasında belə bir söhbət olmamışdır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, digər sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın bağışlamasına dair xx.xx.2023-cü il tarixli, 4Ə-68 reyestr nömrəli müqavilənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlaması müqaviləsinə görə X1 və Yusifov X8 şəhəri,Ə.Məmmədov küçəsi,65 ünvanında yerləşən, ümumi sahəsi 0,06 hektar həyətyanı torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini Cavabdeh2 mülkiyyətinə verib. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyesterindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İsmayıllı şəhəri, Ə.Məmmədov küçəsi, 65 ünvanında, ümumi sahəsi 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı qeyd olunanlara görə və sadalanan hüquq normalarına əsasən əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində mübahisələndirdiyi bağışlanma müqaviləsinin cavabdehin aralarındakı şifahi razılaşmaya əsasən yaşlı və xəstə anası olaraq ona baxmağı öhdəsinə götürməsi üçün xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlaması müqaviləsinə görə X1 və Yusifov X8 şəhəri, Ə.Məmmədov küçəsi, 65 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini Cavabdeh2 mülkiyyətinə vermiş, ancaq hazırda həmin şərt pozulduğu üçün bağışlama müqaviləsinin ləğv edilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün iki məsələnin mövcudluğu: Birincisi bağışlama müqaviləsinin iddiaçının istinad etdiyi şərtlə və yaxud cavabdehin hər hansı öhdəliyi müqabilində bağlanıbbağlanmaması, həmin öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilib-yetirilməməsi (pozulması), bağışlanması vəd edilmiş əşyanın itirilməsi və ya məhv olması və ya hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlanılması məsələləri araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər.Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.Əgər tərəflərdən biri,aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa,aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 661.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır; 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1 hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4 Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Məhkəmə iş materiallarında olan sübutlara, eləcə də tərəflərin izahatlarına qiymət verərək, belə qənaətə gəlir ki iddiaçı tərəfindən istinad edilən bu şərtlərdən heç birinin olması öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində həmin müqavilənin şərtlə və yaxud cavabdehin hər hansı öhdəlik götürməsi müqabilində bağlanması barədə hər hansı qeyd olmamış, bu barədə hər hansı əlavə razılaşma olmamışdır. Belə ki, işdə olan sübutlarla bağışlama müqaviləsinin iddiaçının istinad etdiyi şərtlə bağlanması müəyyən edilmədiyindən, cavabdehin də, gələcəkdə anasına baxması barədə vəd verməsi də öz təsdiqini tapmır. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlər də hazırki tələb üzrə cavabdehin anasına baxmaması, hətda ona izdirablar verməsi faktını da təkzib etmişlər. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğvi tələbi”nə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq,tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi,mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar