Məhkəmə qərarları › İş №2(037)-988/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-988/2025

22.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-988/2025 22.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 22 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 yanvar 2015-ci il təvəllüdlü X1, 08 dekabr 2015-ci il təvəllüdlü X2 və 30 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 246 (iki yüz qırx altı) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-12/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, 05 yanvar 2015-ci il tarixdə doğulmuş Nərmin, 08 dekabr 2015-ci il tarixdə doğulmuş Nəzrin və 30 aprel 2017-ci il tarixdə doğulmuş Ümid məhkəmənin qərarı ilə onun yanında saxlanılmış və hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində aliment təyin olunmuşdur. Bir neçə il sonra təyin olunmuş alimentdən imtina etmiş və icra şöbəsində icra vərəqəsinə xitam verilmişdir. Buna baxmayaraq cavabdeh uşaqları ilə maraqlanmamış və onların maddi təminatını ödənilməsində heç bir köməklik göstərməmişdir. Hazırda uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Övladı Ümid pnevmoniya xəstəliyindən əziyyət çəkir və müalicəsinə xeyli vəsait xərclənir. O, reklam işi məşğul olmaqla ayda 200 manat gəlir əldə edir. Cavabdeh fərdi əməklə məşğul olmaqla normal gəlirə malikdir. Ona görə də, uşaqların maddi təminatının ödənilməsi üçün cavabdehdən qanunla müəyyən olunmuş qaydada hər ay hər uşağa 246 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, boşandıqdan sonra bir müddət iddiaçıyla barışaraq bir yerdə yaşasalar da sonradan xasiyyətləri düz gəlmədiyindən artıq 5 aydır ki, ayrılıblar. Onun rəsmi iş yeri yoxdur. Arada fərdi əməklə məşğul olmaqla gəlir əldə edir. Buna baxmayaraq uşaqların saxlanması üçün hər ay hər uşağa 100 manat məbləğində aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Qeydiyyat şöbəsinin 18 iyun 2025-ci il tarixli arayışların surətindən müəyyən edilir ki, tərəflərin 05 yanvar 2015-ci il tarixdə doğulmuş X1, 08 dekabr 2015-ci il tarixdə doğulmuş X2 və 30 aprel 2017-ci il tarixdə doğulmuş X4 adlı üç övladı doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)- 12/2021 saylı qətnamədən müəyyən edilir ki, tərəflər arasında 03 dekabr 2014-cü il tarixdə İsmayıllı rayon İHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəliyində 21 sayla qeyd edilərək bağlanmış nikah pozulmuş, 05 yanvar 2015-ci il tarixdə doğulmuş X1, 08 dekabr 2015-ci il tarixdə doğulmuş X2 və 30 aprel 2017-ci il tarixdə doğulmuş X4 analarının yanında saxlanılmışlar. Uşaqların maddi təminatı üçün hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində aliment təyin edilmişdir. İş materiallarında olan AZ-İ 380008 nömrəli 18 mart 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edillir ki, tərəflər arasında olan nikah ləğv edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edililməməsi barədə” MŞ/İMT0xx/xx-00106 nömrəli xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütanasib olaraq müyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən müəyyən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. İddiaçı özünün reklam işi ilə məşğu olmaqla ayda 200 manat gəlir əldə etdiyini, cavabdehin isə fərdi əməklə məşğul olmaqla normal gəlir əldə etdiyini qeyd edərək uşaqların saxlanması üçün hər ay hər uşağa 246 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh rəsmi iş yerinin olmadığını, arada fərdi əməklə məşğul olmaqla gəlir əldə etdiyini qeyd edərək uşaqların saxlanması üçün hər ay hər uşağa 100 manat məbləğində aliment ödəyə biləcəyini qeyd edir. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşaqların maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni iddiaçı ilə yanaşı, həm də cavabdehin vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 23 iyun 2025-ci il tarixdən hesablanmalı, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 74 (yetmiş dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 23 iyun 2025-ci il tarixdən başlayaraq 05 yanvar 2015-ci il təvəllüdlü X1, 08 dekabr 2015-ci il təvəllüdlü X2 və 30 aprel 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 74 (yetmiş dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar