Məhkəmə qərarları › İş №2(038)-17/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-17/2024

18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-17/2024 18.01.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə. İddiaçı Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli barışıq sazişinin ləğv edilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli barışıq sazişinin ləğv edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi qaydada ailə həyatı qurmuş, birgə yaşadıqları vaxtda xx.xx.2015-ci il təvəllüdlü X1 anadan olmuşdur. Uşağın atasının Cavabdeh olması 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 may 2015-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” ilə müəyyən edilir. Bir müddət cavabdeh ilə bir yerdə yaşasalar da, sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrı yaşamağa başlamışlar. Aralarındakı ailə münasibətləri tamamilə pozulmuşdur. Cavabdehlə aralarında xx.xx.2021ci il tarixdə “Barışıq sazişi” bağlanmışdır. Həmin barışıq sazişinin şərtləri davamlı olaraq cavabdeh tərəfindən pozulduğundan artıq bu müqavilənin heç bir əhəmiyyəti qalmamışdır. Bu səbəbdən də həmin müqaviləni ləğv etmək məcburiyyətində qalmışdır. Barışıq sazişində görüş günləri müəyyən olunsa da, cavabdeh vaxt məhdudiyyəti olmadan davamlı olaraq mülkiyyətində olan evə daxil olur və bu zəmində mübahisələr yaranır. Bu isə uşağın və onun psixologiyasına mənfi təsir göstərir. Müqavilənin ləğvi ilə bağlı cavabdehə yazılı müraciət etmiş, lakin hər hansı bir nəticə əldə edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış barışıq sazişinə əsasən qızı Zəhra cümə günündən bazar ertəsi səhərə qədər atasının yanında qalmalıdır. Lakin cavabdeh aralarında bağlanmış sazişdən sui-istifadə edərək tez-tez zəng edir, onu təhqir edir, uşağı sorğu sual edib anasının nə işlə məşğul olduğunu, haralara gedib-gəldiyini maraqlanır. Hesab edir ki, uşağın atası ilə görüşü onun psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bundan başqa barışıq sazişini cavabdehin təzyiqlərinə görə oxumadan imza etmiş, şərtlərinin bu formada ağır olmasını bilməmişdir. Bu səbəbdən iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. İddiaç İddiaçı ərizəsində göstərilən əsaslar barədə, Cavabdeh onu narahat etməsi, təhqir etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göstərilənlər həqiqətə uyğun deyil. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər mediyasia prosesində iştirak edərək, uşağın saxlanılması, ünsiyyət saxlanılmasının qaydaları ilə əlaqədar qarşılıqlı razılığa gəlməklə, hər ikisinin müyyən vəzifə öhdəlikləri ilə bağlı sazişin şərtlərini müəyyən etmişlər. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2015-ci ildə anadan olmuşdur. Onun atalığı müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş təklifdən görünür ki, iddiaçı ilk öncə cavadehə müqavilə şərtlərinin dəyişdirilməsi və ya müavilənin ləğv edilməsi ilə bağlı təklif göndərmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən, ərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda həmin maddədə sadalanan şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Məhkəmə ilk öncə mövcud mübahisəyə əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü tarixli Qərarında şərh etdiyi hallara istinad etməyi zəruri hesab edir. -Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. -Mülki Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. -Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. -Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: –digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); –Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə əvvəlcə onu qeyd edir ki, hüquq nəzəriyyəsində “ləğv etmə” dedikdə əqdə və müqaviləyə əsaslanan münasibətlərin və öhdəliklərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. İddiaçı iddia ərizəsində Cavabdeh barışıq sazişinin şərtlətini pozması əsası ilə məhkəməyə müraciət etdiyini bildirsə də, məhkəmədə vermiş olduğu izahatından belə məlum olur ki, o, cavabdehin ona qarşı davranışlarına görə, eləcə də təzyiq altında sazişin şərtlərini oxumadan imza etməsi əsası ilə məhkəməyə müraciət etmişdir. Bununla belə məhkəmə hər iki halı, o cümlədən barışıq sazişinin etibarsızlığı hallarının olub-olmamasını araşdırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı sazişinin şərtlərini təzyiq altında olduğu üçün oxumadan imza etdiyini bildirsə də, o, Mülki Məcəllənin 339.6-cı maddəsinin tələbinə görə sazişin etibarsızlığı məsələsini məhkəmədə mübahisələndirməmiş, hətta məhkəmə iclasında iddianı dəqiqləşdirilməsi üçün etibarsızlıq və ləğv etmənin hüquqi mahiyyətləri izah edilmiş, lakin iddiaçı iddianın ləğv edilməsi barədə iddia qaldırdığını, məhz bu əsasa görə cavabdehə saziş münasibətlərinə xitam vermələri barədə təklif göndərməsini bildirmişdir. Belə olan halda məhkəmə etibarlı sazişin (müqavilə) iddiaçı tərəfindən birtəfəli qaydada ləğv etməsinə qanuni əsasların olub-olmamasını yoxlamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Qanunvericiliyin yuxarıda sadalanan maddi normaları müqavilənin birtərəfli qaydada ləğv etməsinin iki əsasını müəyyən etmişdir. -Müqavilədə nəzərdə tutulmuş hallarda; -Qanunda nəzərdə tutulmuş hallarda (Mülki Məcəllənin konkret maddələri üzrə digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və s. kimi hallar) Məhkəmə qeyd edir ki, müqavilənin məhkəmə qaydasında ləğvi yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, yəni Müliki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olması halında mümkündür. Çünki digər hallarda müqavilədə və konkret maddi normada bir tərəfə həmin hüquqi imkan verilir. Müliki Məcəllənin 422.2.1-422.2.4-cü maddələrinə əsasən aşağıdakı şərtlər olduqda və tərəflər qarşılıqlı razılığa gəlmədikdə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv oluna bilər: -müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; -şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; -müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; -işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə müqavilənin məhkəmə qaydasında ləğvinin icra qaydası həmin Məcəllənin 423.2-ci maddəsi ilə müəyyən edilmişdir. İşin hallarına görə iddiaçı cavabdehə müqavilə münasibətlərinə qarşılıqlı razılaşma ilə xitam verilməsi barədə təklif göndərmiş olsa da və ondan cavab almasada, onun məhkəməyə müraciət etməsi üçün yuxarıda sadalanan şərtlərin mövcud olması lazımdır. Lakin məhkəmə araşdırması ilə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı üçün qeyd olunmuş şərtlətin mövcud olması müəyyən edilməmişdir. Ona görə də iddia əsassız hesab olunmalıdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticə tələbiyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli barışıq sazişinin ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar