Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-209/2024 18.04.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X11 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X6 qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apelyasiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(106)-2663/2021 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarını artıraraq, hər ay, hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat müəyyən olunmaqla cavabdeh X4 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yardımlı Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(038)- 184/2021 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün cavabdeh X4 aliment alınıb ona verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(106)-2663/2021 saylı qətnaməsi ilə Yardımlı Rayon Məhkəməsinin qeyd etdiyi qətnaməsi dəyişdirilərək, cavabdeh X4 xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq onun xeyrinə verilməsi müəyyən edilmişdir. Övladları hazırda da onun himayəsində yaşayır. Cavabdeh alimenti hər ay tam şəkildə ödəyir. Aliment təyin edildiyi 2021-ci ildən sonra yaşayış minimumu hər il artmış və Azərbaycan Respublikasında yaşayış minimumu haqqında Qanunda 2024-cü il üçün uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Aliment təyin edildikdən sonra uşaqlar məktəbə getməyə başlamışlar. Məhkəmənin qeyd etdiyi qətnaməsi ilə müəyyən edilmiş aliment yaşayış minimumunun, bazar qiymətlərinin artdığı hazırki dövrdə uşaqların sosial və maddi tələbatının ödənilməsi üçün yetərli deyil. Himayəsində azyaşlı uşaq olduğundan işləyə bilmir, alimentdən başqa hər hansı bir gəliri yoxdur. Cavabdeh X9 pensiya alır və fərdi işlərlə də məşğul olmaqla gəlir əldə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X9 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Azərbaycan Respublikası vətəndaşının AA1837383 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE 18230399 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)- 2663/2021 №-li qətnaməsindən görünür ki, cavabdeh X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Yardımlı Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(038)-184/2021 nömrəli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, cavabdeh X4 xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməsi, Yardımlı Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(038)-184/2021 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Elektoron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh X9 270 manat pensiya alır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 adlı iki uşaqları doğulmuş, məhkəmə qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur və birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında qalır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-2663/2021 №-li qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Cavabdehin gəliri 270 manat pensiyadan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqları saxlanmasının minimum xərci kimidə 235 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən artıq 2 ildən artıq müddət keçməsi iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqlarının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-2663/2021 №-li qətnaməsi həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay 2 uşağa görə 200 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahından doğulmuş Fatimə və Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən cəmi 260 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 3120 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 51,2 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 51,2 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 51,2 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə NƏTİCƏ HİSSƏ: QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)- 2663/2021 №-li qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment cavabdeh X4 tutularaq İddiaçı ödənilsin. Ödənilməli dövlət rüsumunun məbləği 51,2 manat cavabdeh X4 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X13
Məhkəmə qərarları › İş №2(038)-209/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-209/2024
18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver