Məhkəmə qərarları › İş №2(038)-59/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-59/2023

23.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-59/2023 23.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Emnali oğlundan qızıl-ziynət əşyaları tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Emnali oğlundan qızıl-ziynət əşyaları tələb edir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 2019-cu ilin noyabr ayında evlənmiş və Əyyamın atası Cavabdeh2 Emnali oğlunun evinə gəlin köçmüşdür. Aralarında olan ər-arvadlıq münasibətləri pozulduğuna görə nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda o, azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Lakin cavabdehdən ayrıldıqdan sonra toy zamanı cavabdeh və valideyinləri tərəfindən toy hədiyyəsi kimi verilmiş qızı-zinət əşyaları ona qaytarılmamışdır. Dəfələrlə qızıl-zinət əşyalarının ona hədiyyə olunduğunu və ona məxsus olmasını bildirsə də, cavabdehlər əmlakını qaytarmaqdan imtina etmişlər. Aralarında yaranmış mübahisə ilə əlaqədar artıq mediasiya prosesi keçirilmiş, lakin cavabdeh prosesdə iştirak etmədiyinə görə ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona hədiyyə kimi verilmiş qızıl-zinət əşyaları olan 600 manat dəyərində 1 ədəd, 585 əyarlı, 8 qramlıq komplekt üzüksırğa dəsti, 400 manat dəyərində 1 ədəd, 585 əyarlı, 5 qramlıq bilərzik, 1150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 15 qramlıq sep kalya, 320 manat dəyərində 1 ədəd, 585 əyarlı, 4 qramlıq nişan üzük, 150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq üzük (hədiyyə), 150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq üzük, 200 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq üzük, 200 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2,5 qramlıq üzük (hədiyyə), 300 manat dəyərində 2 ədəd, 585 əyarlı, 4 qramlıq hədiyyə üzüklər, 150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq bilərzik (hədiyyə), 200 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2.5 qramlıq üzük (hədiyyə) hazırda cavabdehlərdədir və onların dəyəri mütəxəssis tərəfindən qiymətləndirilmişdır. Odur ki, həmin qızıl-zinət əşyalarını natura şəklində və ya 3620 (üç min altı yüz iyirmi) manat dəyərini cavabdehlərdən tələb edir. İddiaçı məhkəmə hazırlıq ərizə təqdim edərək iddianın həcmini azaltmış, məhkəmə hazırlıq iclasında tələb olunan qızıl-zinət əşyalarından komplekt boyunbağı, üzük-sırğa dəsti, 2 qramlıq bilərzik (atasının hədiyyə etdiyi), 4 qramlıq nişan üzüyü, 4 qramlıq 2 ədəd üzük, 2,5 qramlıq 1 ədəd üzüyü (atasının hədiyyə etdiyi) qaytarıldığı üçün, digər qızıl-zinət əşyalarını tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, 09 noyabr 2022-ci ildə axşam əri ilə mübahisə düşmüş və onu döymüşdür. Bu hal dəfələrlə təkrar olduğuna görə 10 noyabr 2020-ci ildə atasına zəng vurmuş və atası gəlib onu aparmışdır. Gedərkən özü ilə əşyalarını aparmamış, sonradan onların rəsmi nikahları pozulmuş və nikahları pozulduqdan bir gün sonra razılaşma ilə cehizlik əşyalarını götürmüşdür. Lakin cavabdehlər qızıl-zinət əşyalarını qaytarmamışlar. Həmin qızıl zinət əşyalarını toylarından 1 ay sonra qayınatası Cavabdeh2 ondan alaraq qayınanası Nazangülə vermiş və Nazangül onları sandığa qoymuşdur. Bu səbəblə də gedərkən qızıllarını götürə bilməmiş, cehizlərini götürəndə tələb etməsinə baxmayaraq, cavabdehlər verməmişdir. Məhkəmə hazırlıq iclası zamanı tələb etdiyi qızıl-zinət əşyalarından komplekt boyunbağı, üzük-sırğa dəsti, 2 qramlıq bilərzik (atasının hədiyyə etdiyi), 4 qramlıq nişan üzüyü, 4 qramlıq 2 ədəd üzük, 2,5 qramlıq 1 ədəd üzüyü (atasının hədiyyə etdiyi) Cavabdeh1 və Cavabdeh2 Emnali oğlu məhkəmə iclas zalında geri qaytarmışlar. Qalan komlket dəstin 5 qramlıq, 400 manat dəyərində, 585 əyarlı bilərziyi, qayınanasının hədiyyə etdiyi 150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq üzük, baldızının hədiyyə etdiyi 150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq üzük, cavabdeh Əyyamın əmisinin hədiyyə etdiyi 200 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2,5 qramlıq üzük isə qaytarılmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə hazırlıq iclasında tələb olunan qızıl-zinət əşyalarından komplekt boyunbağı, üzük-sırğa dəsti, 2 qramlıq bilərzik (atasının hədiyyə etdiyi), 4 qramlıq nişan üzüyü, 4 qramlıq 2 ədəd üzük, 2,5 qramlıq 1 ədəd üzüyü (atasının hədiyyə etdiyi) təqdim edərək bildirmişlər ki, iddiaçının qızıllarından yalnız təqdim olunanlar qalmış, digər 1 ədəd bilərzik, 2 ədəd üzük Şəhanə uşaq dünyaya gətirərkən hamısını birlikdə 550 manata satmışlar və xəstəxanada onun və uşağın müalicəsinə xərcləmişlər. Şahanənin qayınanası Nazangülün hədiyyə etdiyi üzük isə faktiki olaraq onun özünün olmuş, ailə yadigarı üzükdür, el gözünə toyda taxmış, sonra geri almışdır. Ona görə də, iddianın rədd olunmasını xahiş etmişlər. Yardımlı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(038)-61/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah qeydi pozulmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mütəxəssis rəyindən görünür ki, İddiaçı tələb etdiyi qızıl-zinət əşyaları olan 600 manat dəyərində 1 ədəd, 585 əyarlı, 8 qramlıq komplekt üzük-sırğa dəsti, 400 manat dəyərində 1 ədəd, 585 əyarlı, 5 qramlıq bilərzik, 1150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 15 qramlıq sep kalya, 320 manat dəyərində 1 ədəd, 585 əyarlı, 4 qramlıq nişan üzük, 150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq üzük, 150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq üzük, 200 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq üzük, 200 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2,5 qramlıq üzük, 300 manat dəyərində 2 ədəd, 585 əyarlı, 4 qramlıq hədiyyə üzüklər, 150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq bilərzik, 200 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2.5 qramlıq üzük mütəxəssislər tərəfindən orta bazar qıymətinə uyğun təqribi qiymətləndirilmişdir və onların ümumi dəyəri 3620 manatdır. 19 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh1 tələb olunan məhkəmə hazırlıq iclasında tələb olunan qızıl-zinət əşyalarından komplekt boyunbağı, üzük-sırğa dəsti, 2 qramlıq bilərzik (atasının hədiyyə etdiyi), 4 qramlıq nişan üzüyü, 4 qramlıq 2 ədəd üzük, 2,5 qramlıq 1 ədəd üzüyü (atasının hədiyyə etdiyi) qızıl-zinət əşyalarının bir qismini 19 yanvar 2023-cü il tarixdə cavabdehlər tərəfindən İddiaçı qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki və mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, İddiaçı el adəti üzrə gəlin köçərkən tələb olunan qızıl-zinət əşyaları ona hədiyyə olunmuşdur. 10 noyabr 2022-ci il tarixdə o, ərindən ayrılaraq atasın evində yaşayır. İşin mübahisəli halı qızıl əşyalarının satılıb-satılmaması, satıldığı halda iddiaçının razılığı ilə olub-olmaması ilə aparıb-aparmamasıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1. və 34.2.-ci maddələrinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iddia olunan qızıl-zinət əşyaları iddiaçının xüsusi mülkiyyətində olan və ona hədiyyə olunmuş əmlaklardır, ona görə də mülkiyyətində olan əmlakları tələb etmək onun qanuni hüququdur. Tələb olunan qızıl-zinət əşyalarından komplekt boyunbağı, üzük-sırğa dəstinin, 2 qramlıq bilərziyin (atasının hədiyyə etdiyi), 4 qramlıq nişan üzüyünün, 4 qramlıq 2 ədəd üzüyün, 2,5 qramlıq 1 ədəd üzüyün (atasının hədiyyə etdiyi) qaytarılması ilə sübuta yetir ki, qaytarılmamış 400 manat dəyərində 1 ədəd, 585 əyarlı, 5 qramlıq bilərzik, qayınanasının hədiyyəsi 150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq üzük, baldızının hədiyyəsi 150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq üzük və ərinin əmisinin hədiyyə etdiyi 200 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2.5 qramlıq üzük cavabdehlərdədir. Cavabdehlər həmin qızılların iddiaçının və uşağın müalicəsinə görə satdıqlarını bildirsələr də, iddiaçı bunu təsdiq etməmiş və cavabdehlər həmin halı təsdiq edən mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmişlər, eləcə də cavabehlərin etirazları işin halları ilə də təsdiq olunmamışdır. Odur ki, həmin qızıl-zinət əşyaları cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Tələb olunan qızıl-zinət əşyalarının dəyəri və çəkisi mütəxəssis tərəfindən orta bazar qiymətlərinə uyğun dəyərləndirilmiş, cavabdeh tərəf qızılın dəyəri, çəkisi və əyarını mübahisələndirməmişlər. Məhkəmə qızıl əşyalarının hansı cavabdehdən alınmasına münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi tərəflərin ailə münasibətləri pozulduqdan sonra qızıl-zinət əşyalarının saxlanılmasına cavabdehlər məsul olmuşdur. Ona görə də onlar birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işi üçün əhəmiyyətli olan hallara və onlara məlum olan faktları barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Qeyd olnumuş Məcəllənin 118.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxlsərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 400 manat dəyərində 1 ədəd, 585 əyarlı, 5 qramlıq bilərzik, 150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq üzük, 150 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2 qramlıq üzük və 200 manat dəyərində 1 ədəd, 585 əyarlı, 2.5 qramlıq üzük naturada və ya qətnamə icra olunan vaxt olmayan qızılziynət əşyalarının dəyəri, o cümlədən məhkəmə xərcinə görə 80 manat (30 manat dövlət rüsumu, 50 manat mediasiya xərci) alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar