Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-70/2024 08.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 10 oktyabr 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşaq üçün 250 manat sabit pul məbləğində aliment tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2006-cı ildə faktiki ailə münasibətlərinə girmişlər. Birgə münasibətdən xx.xx.2010-cu il təvəllüdlü X2 anadan olmuşdur. Bir müddət cavabdeh ilə mehriban ailə kimi yaşasalar da sonradan ailə münasibətiniz pozulmuşdur. Belə ki, xasiyyətləri uyğun gəlmədiyi üçün artıq 10 il olar ki, cavabdehlə ayrılmışdır. Cavabdeh hal-hazırda Rusiya Federasiyasında yaşayır. Cavabdeh, o və övladı ilə maddi, mənəvi olaraq marağlanmır. Tənha xanım olaraq övladının tələbatlarını ödəmək ona çox çətindir. Bu səbəbdən də, övladının yetkinlik yaşına çatana kimi saxlanılması nəzərə alaraq sabit pul məbləğində 250 manat alimentin cavabdehdən alınmasını istəyir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə təqdim edərək Bakı şəhərində yaşadığı və himayəsində azyaşlı uşağı olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İmişli Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, 10 oktyabr 2010-cu il tarixdə Yardımlı rayonu Tiləkənd kəndində İddiaçı doğulmuş X1 atası Cavabdeh hesab edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 14 dekabr 2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. İşin faktiki və mübahisələndirilməyən hallarına əsasən tərəflər arasında faktiki ailə münasibətləri olmuş və bu münasibətlərdən bir uşaq - 10 oktyabr 2010-cu il tarixdə X2 doğulmuşdur. Tərəflər arasında rəsmi nikah olmadığından uşağın atasının Cavabdeh olduğu müəyyən edilmişdir. Ailə münasibətləri pozulduqdan sonra uşaq İddiaçı himayəsində yaşayır. Tərəflər 10 ildir ki ayrı yaşayırlar. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Hal-hazırda iddiaçı uşaqların qayğısına qalır və işləmir. Odur ki, aliment öhdəliyi tamamilə atanın üzərinə qoyulmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları və onların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 10 oktyabr 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay uşağa görə 180 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin tutulması 14 dekabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X3
Məhkəmə qərarları › İş №2(038)-70/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-70/2024
08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver