Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1093/2021 08.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və cavabdehin xəstəlik xərclərinə cəlb etməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 15.11.2006-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və uşağın xəstəlik xərclərinin qarşılanması üçün əlavə olaraq hər ay 50 manat məbləğində xəstəlik xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2008-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə birgə nikahlarından olan 15.11.2006-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq gəlirlərinin 1/4 hissəsində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh uşaqla maraqlanmamış, heç bir maddimənəvi dəstək göstərməmişdir. Uşağın mənəvi və fiziki ehtiyaclarının hamısını o, təkbaşına qarşılamaq məcburiyyətində qalmış, artıq uşağın 15 yaşı tamam olmuşdur. Onun saxlanılması üçün lazım olan xərclər, əvvəlki kimi qeyim, yemək və bu kimi xərclər deyil. Onun təhsil alması ilə bağlı əlavə zəruri xərclər yaranmışdır. Həmçinin uşağın gözlərində problem yaranmışdır. Mütamadi olaraq həkim müayinəsinə və müalicəyə ehtiyac vardır. Maddi çatışmazlıq səbəbindən uşağın xəstəliyinin müalicəsi mümkün olmamışdır. Cavabdeh vəkillik fəaliyyəti ilə məşğuldur, maddi imkanı yaxşıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında iddiaçının tələbi ilə razı olmadığını, yenidən ailə qurduğunu yeni ailəsindən üç uşağı olduğunu, oğlu Ramalın heç bir xəstəlikdən əziyyət çəkmədiyini, onun saxlanılması üçün 80 manat məbləğində aliment ödəyə biləcəyini qeyd edərək məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etdi. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2-384/2008 saylı, 18 sentyabr 2008-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh aylıq bütün qazancının 25 faizi miqdarında alimentin 11.08.2007-ci il tarixdən başlayaraq tutulub 15.11.2006-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZE seriyalı 11424177 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin birgə nikahdan 15.11.2006-ci il təvəllüdlü Ramal adlı uşaqları var. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bərdə Regional Mədəniyyat İdarəsinin 07 №li, 18 may 2021-ci il tarixli arayışında görünür ki, İddiaçı aldığı əmək haqqı 590 manat 77 qəpik təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırıödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması iləəlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatıödəmək vəzifəsindən azad etmir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 15.11.2006-ci il təvəllüdlü X1 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər bir valideyinin uşaqları saxlamağa borclu olduqlarını, cavabdehin yeni qurduğu nikahından üç uşağının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək sabit məbləğdə tutulması barədə iddiaçının tələbi qismən təmin edilməklə, 15.11.2006-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa 120 manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia tələbinin, 15.11.2006-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, tələbin qanuni əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (maddə 81.1). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (maddə 81.2). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (maddə 81.3). Qeyd olunan maddədən görünür ki, valideynlərin əlavə xərclərə cəlb edilməsi valideynlərin aliment öhdəliklərindən fərqlidir. Belə ki, aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda (Ailə Məcəlləsinin 75-ci maddəsi), əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş müstəsna hallar təşkil edir. Bu hallara – uşağın ağır xəstə olması, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər daxildir. Eyni zamanda valideynlərin əlavə xərclərə cəlb edilməsi üçün təkcə həmin halların mövcudluğu deyil, bu hallarla bağlı xərclərin (faktiki çəkilmiş və ya gələcəkdə çəkilməli olan) mövcud olması da tələb olunur. Lakin iddiaçı tərəfindən faktiki çəkilmiş və gələcəkdə çəkilməli olan xərclərin mövcudluğunu təsdiq edən sübutlar təqdim olunmamış və o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2008-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 15.11.2006-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1093/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1093/2021
08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver