Məhkəmə qərarları › İş №2(039)-1103/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1103/2024

07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1103/2024 07.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşağı xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay uşağa görə 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan məhkəmə hazırlıq iclası zamanı iddia həcminin artırılması tələbinə dair ərizə təqdim edərək azyaşlı uşağı xx.xx.2022-ci il təvəllüdlü X5 atası olması faktının müəyyən edilməsini və uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci ildə ailə qurub evlənmişlər. Bu nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Cavabdeh uşağa atalıq verməmişdir. Birgə yaşadıqları dövürdə dəfələrlə ona müraciət etsə də o, bu proseslərdən yayınmışdır. Uşaq dünyaya gəlmiş, hal-hazırda 1 il 9 aylıqdır. Uşağına atalıq verilməsi bundan sonra atalıq faktı ilə bərabər qızına aliment təyin olunmalıdır. Onlar faktiki nikahda olmuşlar və toyları olduğunu bundan sonra 8 ay fasilsiz olaraq ailə münasibətlərində olmuşdur. Birlikdə yaşamışlar. 8 aydan sonra isə cavabdeh xx.xx.2022-ci ildə tərk edərək onları getmişdir. O, faktiki nikahda olduqları dövürdə doğulmuş uşağına atalıq faktının müəyyən edilməsini istəyir. Onların bir övladı vardır və onun saxlanması cavabdeh ilə onun birgə borcudur. Cavabdehdən uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin ödənilməsini istəyir. Cavabdeh fərdi əməklə məşğul olur və hər cür imkan vardır. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax rayonu, Balçılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda Cavabdeh Yevlax rayon Balçılı kəndində daimi qeydiyyatda olmasına baxmayaraq halhazırda Türkiyə Respublikasında yaşayır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZ-İV seriyalı 863170 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci il tarixində Mingəçevir şəhərində doğulmuşdur, onun doğulması Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində 167 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə həmin uşağın atası X9, anası İddiaçı kimi yazılmışdır. xx.xx.2023-cü il tarixli, MŞY/MT034/2023-00463 saylı arayışdan məlum olur ki, İddiaçı atalığın müəyyən edilməsi və aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Balçılı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-9-7/2-10/2024 saylı xx.xx.2024-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Yevlax rayonu, Balçılı kəndində daimi qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Türkiyə Respublikasında yaşayır. X3 Bakı şəhərində yaşadığı üçün telefon vasitəsi ilə əlaqə saxlanmış və məhkəmə bildirişinin surətinin vasab vasitəsi ilə Cavabdeh X3na göndərilmişdir. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının və babasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Doğum qeydə alınandan sonra iddiaçı atalığın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır, Cavabdeh ilə ərizəçi faktiki ailə münasibətləri qurmuş və bu münasibətdən İnci adlı uşaqları doğulmuşdur. Ərizəçinin faktiki nikahlarından xx.xx.2022-ci ildə anadan olmuş İnci adlı uşağı olduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohmudur. Ərizəçi ilə Cavabdeh faktiki ailə münasibətləri qurmuş və bu münasibətdən İnci adlı uşağı doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsindən görünür ki, atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın cavabdehdən törədiyini təsdiq edən sübutlar mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Hazırkı halda xx.xx.2022-ci il təvəllüdlü X5 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixində Mingəçevir şəhərində doğulmuş X5 atasının Cavabdeh olması müəyyən edilməli, bu barədə müvafiq akt qeydində düzəliş edilməli və Cavabdeh X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən aliment də həmin tarixdən tutulmalıdır. Həmin Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, doğulması Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində 167 nömrə ilə qeyd edilmiş X5 atasının Cavabdeh olması müəyyən edilsin. X5 doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edilərək soyadı– Verdizadə, atası – Cavabdeh göstərilsin. xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin tutulması hissəsində qətnamə darhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar