Məhkəmə qərarları › İş №2(039)-1155/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1155/2025

03.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1155/2025 03.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Kərimov Həsən Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onun əsaslandırmışdır ki, Cavabdeh ilə 13 aprel 2010-cu ildə rəsmi nikaha girib ailə qurmuşlar. Rəsmi nikahdan 25 yanvar 2011-ci il təvəllüdlü X2 və 21 iyun 2013cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqları onun (iddiaçının) himayəsindədir. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır və heç bir köməklik göstərmir. Uşaqların bütün qayğısını çəkməyə və ehtiyaclarını özü (iddiaçı) ödəməyə məcburdur. Uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də artan maddi tələbatlarını ödəmək tək qadın olaraq ona (iddiaçıya) çox çətindir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 76.1.3-cü maddələrinə istinad edərək, Cavabdeh 25 yanvar 2011-ci il təvəllüdlü X1 və 21 iyun 2013-cü il təvəllüdlü X3 saxlanılması üçün hər ay hər uşağa görə 245 (iki yüz qırx beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli nikah haqqında şahədtanmənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 13 aprel 2010-cu ildə nikahlarını bağlamışlar. İşdə olan Tomsk vilayəti VVAQ Komitəsinin Tomsk şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 25 yanvar 2011-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Tomsk vilayəti VVAQ Departamenti Tomsk rayon və Tomsk şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 iyun 2013-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah qeyd etdirməklə evlənmişlər və birgə nikahlarından 25 yanvar 2011-ci il təvəllüdlü X2 və 21 iyun 2013-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər faktiki olaraq ayrılmışlar və birgə nikahlarından doğulmuş uşaqları iddiaçının yanında qalmışdır. İddiaçı işləmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında iddiaçıya könüllü olaraq kömək etmir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 245 (iki yüz qırx beş) manat məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilməməlidir. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək cavabdehin valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, iddiaçının işləmədiyini, uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkdiyini, cavabdehin köməyinə ehtiyacının olduğunu nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay hər uşağa görə minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 07 aprel 2025-ci ildən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 07 aprel 2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 25 yanvar 2011-ci il təvəllüdlü X1 və 21 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 68 (altmış səkkiz) manat dövlət rusumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar