Məhkəmə qərarları › İş №2(039)-1166/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1166/2021

07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1166/2021 07.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «atasının razılığı və müşayiəti olmadan yetkinlik yaşına çatmamış uşağın Azərbaycan Respublikası hüdudlarından kənara çıxarmaq-qaytarmaq hüququnun verilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «atasının razılığı və müşayiəti olmadan yetkinlik yaşına çatmamış uşağın Azərbaycan Respublikası hüdudlarından kənara çıxarmaq-qaytarmaq hüququnun verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 18 aprel 2015-ci il təvəllüdlü X4 və 02 yanvar 2019-cu il təvəllüdlü X3 adlı uşaqlarının onların atası Cavabdeh razılığı və müşayiəti olmadan Azərbaycan Respublikası hüdudlarından kənara çıxarmaq-qaytarmaq hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə 26 oktyabr 2013-cü il tarixdə Türkiyə Respublikasının Antalya şəhərində ailə qurub evlənmişdir. Birgə nikahlarından 18 aprel 2015-ci il təvəllüdlü X4 və 02 yanvar 2019-cu il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Aralarında olan nikah qeydi Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Xaricdə yaşayan qohumlarının ziyarət etmək, istirahət etmə məqsədi ilə xaricə getmək istəyir. Lakin cavabdeh könüllü olaraq, uşaqları ölkədən çıxarılması üçün razılıq vermir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının uşaqların başqa dövlətlərə aparılmasına icazə vermədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA0126857 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1987-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA0126871 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X3 02 yanvar 2019-cu il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA1917749 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 18 aprel 2015-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 07 iyun 2021-ci il tarixli 1399 saylı rəyindən məlum olur ki, azyaşlı X2 və X1 analarının yanına qalması ilə bağlı qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğunu nəzərə alaraq, onların Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla anaları ilə birlində Azərbaycan Respublikasından kənara xarici ölkələrə gedib qayıtması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində isə təsbit edilmişdir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən uşaqlara qayğı göstərmək və onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 17-ci maddəsinə əsasən uşağın ailə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. 19-cu maddəsinə əsasən valideynin onların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynin əsas vəzifələridir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1 və 61.2-ci maddələrinə görə isə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının öz uşağı ilə birlikdə qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkəyə gəlmək və ölkədən getmək hüquqları pozula bilməz. Tərəflərin birgə nikahlarından 18 aprel 2015-ci il təvəllüdlü X4 və 02 yanvar 2019-cu il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. İddiaçı ilə cavabdeh ayrıldıqdan sonra, onların birgə yaşayışlarından anadan olmuş azyaşlı uşaqlar iddiaçının himayəsinə verilmişdir və uşağın ölkəyə gətirilməsinə və ölkədən çıxarılmasına cavabdeh razılıq vermir. Bu hal isə iddiaçının uşaqları ilə birlikdə sərbəst hərəkət etməklə müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək və s. məqsədlə ölkəyə gəlmək və ölkədən getmək hüququndan məhrum olması ilə yanaşı azyaşlı uşaqların mənafeylərinə də ziddir. Məhkəmə hesab edir ki, azyaşlı uşaqların Azərbaycan Respublikasından kənara çıxması onun mənafeyinə uyğun olmaqla onun müalicə, istirahət, təhsil və gəzmək hüquqlarının təmin edilməsinə, habelə onun dünya görüşünün artmasına xidmət edir. Cavabdeh tərəf bu halları istisna edə biləcək hər hansı sübut təqdim etməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, yetkinlik yaşına çatmayan uşaqların atası olaraq övladının hansı müddətə, hansı ölkəyə və nə məqsədlə aparılması barədə məlumat əldə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, himayəsində olan valideyn tərəfindən uşaqları ölkəyə gətirmək və ölkədən çıxarmaq, digər valideyni Ailə Məcəlləsinin 61.1 və 61.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlardan məhrum etmir. Azərbaycan Respublikasının 2002-ci ildə qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasının 3-cü maddəsində göstərilir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Məhkəmə azyaşlı uşaqların hüquqularının qorunması baxımından və qətnamənin icrasının təmin edilməsi məqsədi ilə hesab edir ki, qətnamənin icrası Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 18 aprel 2015-ci il təvəllüdlü X2 və 02 yanvar 2019-cu il təvəllüdlü X1 atası Cavabdeh razılığı tələb edilmədən anası - İddiaçı ilə birlikdə ölkə hüdudlarından kənara gətirilib-aparılmasına icazə verilməsi, bu barədə uşaqların atası Cavabdeh rəsmi məlumat verilməklə həyata keçirilməli, məlumatda uşağın hansı ölkəyə, hansı müddətə və nə məqsədlə aparılması qeyd edilməli, qətnamənin icrası Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi qət edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı, övladı 18 aprel 2015-ci il təvəllüdlü X2 və 02 yanvar 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək, müvəqqəti olaraq, geri qaytarmaq şərti ilə, atası Cavabdeh rəsmi məlumat verməklə (məlumatda uşaqların hansı ölkəyə, hansı müddətə və hansı məqsədlə aparılması qeyd edilməklə) Cavabdehnın razılığı olmadan Azərbaycan Respublikasından çıxarmasına və geri qaytarılmasına icazə verilsin. Qətnamənin icrası Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar