Məhkəmə qərarları › İş №2(039)-1167/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1167/2025

05.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1167/2025 05.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiaçı üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı Zeynəb Səmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Halil oğlundan hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 08 aprel 2017-ci ildə Zeynəb adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə səkkiz ayıdr ki, ayrılmışlar və birgə nikahdan doğulmuş uşağı onun (iddiaçının) yanında qalmışdır. Özü işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq ona kömək etmir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə faktiki evlənmişlər, nikahlarını isə rəsmiləşdirməmişlər. Faktiki nikahlarından 08 aprel 2017-ci ildə Zeynəb adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə iddiaçı ilə 2024-cü ilin dekabr ayında ayrılmışlar. Hazırda birgə nikahdan doğulmuş uşağı iddiaçının yanında yaşayır. Özü işləmir, ikinci dərəcəli əlildir və 393 manat pensiya alır. Hər ay uşağına görə 100 (bir yüz) manat aliment ödəyə bilər. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 08 aprel 2017-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materillarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Səmədov X4 rayonundan məcburi köçkündür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişdirlər. Faktiki nikahlarından 08 aprel 2017-ci ildə Zeynəb adlı uşaqları doğulmuşdur. Həmin uşağa münasibətdə cavabdehin atalığı müəyyən edilmişdir. Aralarındaa olan narazılıqlara görə tərəflər ayrılmışlar və yetkinlik yaşına çatmayan uşağı iddaçının yanında qalmışdır. İddiaçı işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə könüllü olaraq iddiçıya kömək etmir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 246 (iki yüz qırx altı) manat məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilməməlidir. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasını təsdiq edən gəlirləri barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh ikinci dərəcəli əlildir və 393.34 (üç yüz doxsan üç manat otuz dörd qəpik) manat pensiya alır. Məhkəmə iclasında cavabdehin başqa gəlirlərinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağına saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək cavabdehin valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, iddiaçının işləmədiyini, uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkdiyini, cavabdehin köməyinə ehtiyacının olduğunu nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 07 aprel 2025-ci ildən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Tərəflər dövlət rüsumunu ödəməkdən azad edildiklərinə görə iş üzrə ödənilməli dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 07 aprel 2025-ci il tarixdən başlayaraq 08 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar