Məhkəmə qərarları › İş №2(039)-1177/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1177/2021

20.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1177/2021 20.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Nəsirova Leyla Heydər qızının katibliyi ilə, İddiaçı Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «azyaşlı uşağın himayədə qalması və aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «azyaşlı uşağın himayədə qalması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 iyul 2008-ci il doğum təvəllüdlü X7 adlı uşağın onun himayəsində qalmasına və Cavabdeh 14 iyul 2008-ci il doğum təvəllüdlü X1 üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, o Cavabdeh ilə 10 dekabr 2013-cü il tarixində nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Bu nikahdan 05 dekabr 2005-ci il doğum təvəllüdlü X5 və 14 iyul 2008-ci il doğum təvəllüdlü X7 adında övladları doğulmuşdur. Onlar 29 aprel 2019-cu il tarixində Yevlax Rayon Məhkəməsinin 2(039)-393/2019 saylı qətnaməsi ilə boşanmışlar. Boşanmaya əsasən azyaşlı uşaqları onun himayəsində saxlanılması qət edilmişdir. Cavabdeh olan şəxs qətnamədən apelyasiya şikayəti vermişdir. X8 Məhkəməsinin mülki kollegiyasının 27 avqust 2019-cu il tarixli 2(107)-2370/2019 saylı qətnaməsi ilə 14 iyul 2008-ci il doğum təvəllüdlü X7 adlı uşaq Cavabdeh verilmişdir. Şəxs anlamaq istəmirki, uşağa ana qayğısı lazımdır. O uşağını istəyir. Cavabdeh isə alimentdən yayınmaq üçün hazırkı uşaq oyununu aparır. Hazırda 14 iyul 2008-ci il doğum təvəllüdlü X7 adlı uşaq onun yanına gələrək onun yanında yaşayır. Atasının yanına getmək belə istəmir. İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 məhkəmə iclasında izah etdi ki, iş üzrə rəyin verilməsi barədə qərardad icra olunması üçün onlara daxil olmuşdur. Qərardadın icrası ilə əlaqədar uşağın izahatı alınmışdır. Uşaq öz izahatında anasının yanında qalmaq istədiyini bildirmişdir. Uşağa heç bir təzyiq olmamışdır. Belə ki, həmin vaxt uşağın heç bir valideyini orada iştirak etməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə dindirilən X7 izah etdi ki, valideyinləri ayrıldıqdan sonra atası ilə yaşayırdı. Atası ona baxmadığından anasının yanına qayıtmışdır. İzahat verərkən anasının yanında qaldığını bildirmiş və hazırda da anasının yanında qalmaq istədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(039)-393/2019 saylı qətnamənin surətindən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında Tərtər rayon Qeydiyyat şöbəsində qeydə alınmış 10 dekabr 2013-cü il tarixli nikah qeydi pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından 05 dekabr 2005-ci il tarixdə anadan olmuş X5 və 14 iyul 2008-ci il tarixdə anadan olmuş X7 adlı uşaqlar İddiaçı himayəsində saxlanılması; 14 iyul 2008-ci il tarixdə anadan olmuş X7 adlı uşaq Cavabdeh alınaraq İddiaçı verilməsi; Cavabdeh 26 noyabr 2018-ci il tarixdən başlayaraq, 05 dekabr 2005-ci il tarixdə anadan olmuş X3 və 14 iyul 2008-ci il tarixdə anadan olmuş X4 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(107)-2370/2019 saylı qətnamənin surətindən məlum olur ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(039)-393/2019 nömrəli qətnaməsi qismən-“nikah pozularkən tərəflərin birgə nikahlarından 14 iyul 2008-ci il tarixdə anadan olmuş X7 adlı uşaqlarının İddiaçı himayəsində saxlanması, 14 iyul 2008-ci il tarixdə anadan olmuş X7 adlı uşağın Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 26 noyabr 2018-ci il tarixdən başlayaraq, 14 iyul 2008-ci il tarixdə anadan olmuş X4 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay 100 manat, cəmi 200 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması” hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahdan olan uşaqları 14 iyul 2008-ci il tarixdə doğulmuş X7 adlı uşaqları atası Cavabdeh himayəsində saxlanılması, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 13 avqust 2021-ci il tarixli 1787 saylı rəyindən məlum olur ki, 14 iyul 2008-ci il təvəllüdlü X4 anasının yanında qalmaq istəməsi ilə bağlı Qəyyumluq və Himayəçilik komissiyasına verdiyi ərizəsini əsas götürərək, anası İddiaçı yanında qalması məqsədə müvafiq hesab edilmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından 14 iyul 2008-ci il tarixdə X7 və 05 dekabr 2005-ci il tarixdə anadan olmuş X5 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləti qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlar anasının himayəsində saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin qətnaməsi qismən dəyişdirilmiş və 14 iyul 2008-ci il tarixdə anadan olmuş X7 uşaq atasının himayəsinə verilmişdir. Lakin 14 iyul 2008-ci il tarixdə anadan olmuş X7 anasının yanına qayıtmışdır. İddiaçı məhkəməyə müraciət edərək uşağın onun yanında saxlanılması və alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14 iyul 2008-ci il təvəllüdlü X7 məhkəmə iclasında anası ilə qalmaq istədiyini bildirmişdir. Qəyyumluq və Himayəçilik orqanı rəy verərək uşağın anasının yanında qalmasını məqsədə müvafiq hesab etmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahlarından 14 iyul 2008-ci il tarixdə anadan olmuş X7 adlı uşaq İddiaçı himayəsində saxlanılmalı, ididaçı məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 08 may 2021-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə 14 iyul 2008-ci il tarixdə anadan olmuş X7 adlı uşağın saxlanması üçün hər ay 100 manat məbləğində aliment tutulmalıdır. Cavabdehdən iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndinə əsasən, Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarın 7.2-ci bəndinə əsasən Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Həmin qərarın 7.4-cü bəndinə əsasən Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 7 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin qərarın 7.5-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “7 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 7 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin qərarın 7.6-cı bəndinə əsasən Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahlarından 14 iyul 2008-ci il tarixdə anadan olmuş X7 adlı uşaq İddiaçı himayəsində saxlansın. Cavabdeh 08 may 2021-ci il tarixdən başlayaraq, 14 iyul 2008-ci il tarixdə anadan olmuş X7 adlı uşağın 18 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment İddiaçı хеyrinə tutulsun. Cavabdeh iddianın təmin еdilmiş hissəsinə münasib olaraq 30 (otuz) mаnаt dövlət rüsumu аlınаrаq Dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar