Məhkəmə qərarları › İş №2(039)-1452/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1452/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1452/2020 30.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh Saləddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Saləddin oğluna qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Saləddin oğluna qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdehdən aldığı və Yevlax rayonu Duzdaq kəndində yerləşən, JN-00xx xxx 90109038 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 3,87 hektar torpaq sahəsinin tərkib hissəsi olan bir hektar torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında razılaşmaya əsasən xx.xx.2002-ci il tarixdə Yevlax rayonu, Duzdaq kəndində yerləşən Cavabdeh Saləddin oğluna və onun ailə üzvlərinə məxsus 3,87 hektar ümumi torpaq sahəsindən Cavabdeh Saləddin oğluna və cavabdehin arvadı X1 məxsus olan torpaq sahəsinin 1 (bir) hektar hissəsini alqı-satqı etməklə qarşılıqlı razılığa əsasən 1.000.000 AZM (köhnə azərbaycan manatı) ödəməklə almışdır. Qeyd olunan alqı-satqı şahidlərin iştirakı ilə (imza edən şahidlərdən Sürəyya Hüseynova və Baxış İmamquliyev hazırda vəfat etmişlər) xx.xx.2002-ci il tarixli aktda da öz əksini tapmışdır. Cavabdehin təqsiri ucbatından həmin alqı-satqı bu günə qədər rəsmiləşdirilməmişdir. Hazırda onunla cavabdeh arasında olan alqı-satqı razılaşmasını rəsmiləşdirmək istəsə də, cavabdeh buna razılıq vermir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2002-ci ildə bir hektar torpaq sahəsinin alqı-satqısı barədə cavabdehlə razılığa gəlsələr də, hazırda cavabdehin ailə üzvləri alqı-satqının rəsmiləşdirilməsinə razılıq vermir və bu hal onun hüquqlarını pozur. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Saləddin oğlu izahat verərək bildirmişdir ki, iddiaçı ilə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin ona və mərhum arvadı Sürəyya Hüseynovaya aid bir hektar hissəsinin iddiaçıya satılması barədə razılığa gəlsələr də, torpaq sahəsinin digər mülkiyyətçiləri olan ailə üzvləri oğlu, gəlini və nəvələri bu razılığa etiraz etmişlər. O da hazırda torpaq sahəsini iddiaçının adına rəsmiləşdirməyə etiraz edir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan JN:00xx xxx 90109038 saylı “torpağın mülkiyyət hüququna” dair dövlət aktından müəyyən edilir ki, Yevlax rayonu X3 xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə Yevlax rayonu, Duzdaq kəndində yerləşən 3,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və onun ailə üzvləri Mətləb Qasımovun, Sürəyya Hüseynovanın, Bəhruz Qasımovun, Ceyran İsmayılovanın və Rəqsanə Əsgərlinin ümumi birgə mülkiyyətinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxx 2002-ci il tarixli sənədin surətindən görünür ki, Cavabdeh Saləddin oğlu və həyat yoldaşı X2 onlara məxsus bir hektar torpaq sahəsini İddiaçı 1.000.000 manata satmış və bunu tərəflər və sənəddə adları göstərilən digər şəxslər imzaları ilə təsdiq etmişlər. Mülki işin materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsini digər mülkiyyətçilərin razılığı olmadan iddiaçıya satması barədə sonuncu ilə razılığa gəlmiş və bu barədə sadə yazılı formada sənəd imzalamışdır. Məhkəmə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən torpaq sahəsinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Mülki Məcəllənin 222-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin ümumi birgə mülkiyyətdə olan əmlaka dair digər mülkiyyətçilərin razılığı olmadan sərəncam verməsi və əqdin bağlanması forma və qaydasına əməl etməməsi mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh Saləddin oğluna qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar