Məhkəmə qərarları › İş №2(039)-1599/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1599/2022

27.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1599/2022 27.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məblğində aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məblğində aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan övladları 22 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 manat aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları olmuşdur. Uşaqların ikisi yetkinlik yaşlarına çatmışlar. Yetkinlik yaşına çatmayan 22 avqust 2012-ci il təvəllüdlü X3 adlı uşaq onun yanlndadır. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri cavabdehin təqsiri üzündən pozulmuşdur. Dəfələrlə ailənin dağımaması üçün təşəbbüslər göstərsə də, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş və uşaq onun himayəsində saxlanılmışdır. Bu müddətdə cavabdeh uşağına heç bir yardım göstərmir. Uşağın tələbatlarını ödəməyə artıq gücü çatmır. Özü heç bir yerdə işləmir. Ailəni dolandırmaqda çətinlik çəkir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(039)-675/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, iddiaçı X6 ilə Cavabdeh arasında Yevlax rayon Qeydiyyat şöbəsində 22 sentyabr 2000-ci il tarixdə bağlanmış nikah pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş 19 iyul 2004-cü il təvəllüdlü X4 və 22 avqust 2012-ci il təvəllüdlü X5 adlı uşaqlar iddiaçı X2 himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 iyun 2022-ci il tarixli 02285 saylı arayışdan məlum olur ki, İddiaçı alimentlə ilə bağlı mediatora müraciət etmişdir. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi ailə qurmuşlar. Birgə yaşayışlarından bir övladları dünyaya gəlmişdir. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş və uşaq anasının yanında qalmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ünvanlayaraq, uşağın saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, uşağın layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 17 iyun 2022-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün hər ay 160 manat məbləğində aliment tutulmalıdır. Cavabdehdən iddianın təmin edilmiş hissəsinə münasib olaraq 39.20 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17 iyun 2022-ci il tarixdən başlayaraq, 22 avqust 2012-ci il təvəllüdlü X3 adlı uşağın 18 yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 39.20 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar