Məhkəmə qərarları › İş №2(039)-1651/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1651/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1651/2021 24.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin tutulması tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 200 manat məbləğində sığorta ödənişi və 20 manat dövlət rüsumunun, cəmi 220 manat məbləğində pul vəsatinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “AtaSığorta" ASC ilə "xxxx" MMC arasında 21.12.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Daewoo BS 090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 03.04.2018-ci il tarixdə "Daewoo BS 090“ markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Honda CR-V” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. "xxxx" ASC 200 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xəzər RPİ DYPŞ-dən ünvanlarına 17.05.2018-ci il tarixli, TP 95965 saylı İnzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh Azərbaycan Resbublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Xəzər RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 25.05.2018-ci il tarixli, 055-13185 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. "xxxx" ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru Toğrul Fərzullayev ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. AB seriyalı 446130 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı minik avtomobil "xxxx" MMC-nin sahibiliyində olmuşdur. İş materiallarında olan “icbari sığorta müqaviləsinə” dair məlumatdan görünür ki, “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortalı "xxxx" MMC tərəfindən 21.12.2017-ci ildən 21.12.2018-cı il tarixədək "xxxx" ASC Sığorta Şirkətində sığortalanmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Xəzər rayon Polis İdarəsinin 25.05.2018-ci il tarixli arayışından görünür ki, 03.04.2018-ci il il tarixində Cavabdeh idarə etdiyi “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı minik avtomobil “Honda CR-V” markalı, **-VM-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncu avtomobil mexaniki zədə almışdır. Xəzər Rayon Dövlət X2 TP seriyalı 95965 saylı, 17.05.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. 11.06.2018-ci il tarixli sığorta aktından müəyyən olunur ki, PAA********** saylı sığorta şəhadətnaməsinə əsasən 21.12.2017-ci il tarixdən 21.12.2018-ci il tarixədək "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin 03.04.2018-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsində baş verən sığorta hadisəsi zamanı avtomobil ilə toqquşması nəticəsində zərərçəkən şəxs Qalib Əliyevə 200 manat məbləğində ziyan vurulmuşdur. 11.06.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 200 manat sığorta ödənişi edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh, "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış avtomobil ilə sığorta hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Hadisə zamanı vurulmuş ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin , dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 200 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar