Məhkəmə qərarları › İş №2(039)-1707/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1707/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1707/2020 29.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X2, X8, X5 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax rayon Ərazi İdarəsinə qarşı «çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, X8, X5 və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax rayon Ərazi İdarəsinə qarşı «çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına xx xxxx 2018-ci il tarixdə verilmiş, seriya RX ******* saylı çıxarışın ləğv edilməsi və Yevlax rayonu Əkşəm kəndində yerləşən 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin onunla Cavabdeh1 arasında bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Yevlax rayonunun Əkşəm kəndində yaşayır. Yaşadığı kənddə təsərrüfat işləri ilə məşğul olmaq üçün torpaq sahəsi almaq fikrində olduğu üçün kəndlərində kimlərinsə torpaq sahəsini satmasını maraqlandıqda məlum oldu ki, Cavabdeh1 özünə və ailəsinə məxsus olan torpaq sahəsini satmaq istəyir. Cavabdeh maddi durumunda çətinliyi olduğu üçün torpaq sahəsini satmaq fikrində olmuşdur. Bundan sonra aralarında olan şifahi razılaşmadan sonra belə qərara gəlmişlər ki, alqı-satqı müqaviləsini sənədləşdirsinlər. Şahidlərin iştirakı ilə aralarında xx xxxxxxx 2003-cü il tarixdə rəsmi sənədləşmə həyata keçirilmiş və həmin sənədi cavabdeh, onun ailə üzvləri və şahidlər imzalamışlar. Həmin sənədə əsasən Cavabdeh1 və onun ailə üzvlərinə Yevlax rayon X9 xx xxxx 1998-ci il tarixli 33 saylı qərarı ilə JN 101 saylı ******* kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən özünün, həyat yoldaşı X3, qızı X4 və oğlu X6 mülkiyyət hüquqları təsbit edilmiş Yevlax rayonu Əkşəm kəndində yerləşən 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdeh tərəfindən ailə üzvlərin razılığı əsasında ona 13000000 manata satıldı. Onun tərəfindən, şahidlərin iştirakı ilə cavabdehə 13000000 manat ödənildi. xx xxxxxxx 2003-cü il tarixdən 2020-ci ilin may ayına kimi mübahisə predmeti olan 1.08 ha torpaq sahəsi onun istifadəsində, sahibliyində və faktiki mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsini atası İlhamla birlikdə həmin vaxta kimi əkib-becərmişlər. Torpaq vergisi ilə bağlı ödəniş qəbzində Cavabdeh1 adı göstərilsə də faktiki olaraq ödəniş onun tərəfindən həyata keçirilmişdir. 2003-cü il tarixdən 2020-ci ilin may ayına kimi o, dəfələrlə cavabdehə müraciət edərək aralarında olan alqı-satqı müqaviləsini notariusda rəsmiləşdirilməsini tələb etsə də cavabdeh vaxtı olmadığını, həmin torpaqla bağlı heç bir iddia tələblərinin olmadığını ona bildirmişdir. O, 2020-ci ilin aprel ayında torpaq sahəsinin rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etdikdə, ona bildirmişdir ki, artıq 17 ildir ki, torpaq sahəsindən istifadə edir. Bundan sonra torpaq sahəsindən o istifadə edəcəkdir və torpağı geri qaytarmaq fikrindədir. Aralarında yaranmış mübahisə ilə bağlı Yevlax rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Yevlax rayon Polis şöbəsi tərəfindən verilən rəsmi cavabda qeyd olunmuşdur ki, yaranmış mübahisə mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməlidir. Yevlax rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində cavabdeh verdiyi izahatda təsdiq edir ki, həqiqətən də o torpaq sahəsini ailə üzvlərinin razdığı əsasında ona satmışdır, buna görə də onun tərəfindən ******* manat ödənmişdir. İndi isə cavabdeh 17 ildən sonra torpaq sahəsindən özü istifadə etmək istədiyini bildirmişdir. Polis şöbəsində araşdırma zamanı o da məlum oldu ki, cavabdeh faktiki aralarında alqı-satqı müqaviləsinin bağlanmasına və 17 il mübahisəli torpaq sahəsindən istifadə etməsinə baxmayaraq gizli surətdə torpağın mülkiyyət hüququna dair dövlət aktının onun və ailə üzvlərinin adına olmasından istifadə edərək 17 saylı YevlaxƏrazi Reyestr Xidmətindən qanuna zidd olaraq adına torpaq üzərində mülkiyyətini təsdiq edən çıxarış almışdır. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, ailə üzvləri ilə Yevlax rayonu, Əkşəm kəndində yaşayır. Onun və ailə üzvlərinin 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini 2003-cü ildə satmaq qərarına gəlmişdir. Bu səbəbdən də həmkəndlisi İlham Əliyevlə görüşmüş, torpağı ona vermiş və müqabilində ******* manat pul almışdır. Lakin torpağı əbədi satmamış və torpağa ehtiyacı olan zaman geri alacağını İlhama demişdir. İlham həmin torpaqdan 17 ildir istifadə edir. Hazırda özünü və ailəsinin maddi vəziyyəti çox çətindir. Bu səbəbdən də torpağını geri istəyir. Torpağı birdəfəlik satmaq fikiri olsaydı İlhamla Notariusa gedərək alqı-satqı müqaviləsi bağlayardı. Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X2, X8, X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax rayon Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər X1, X6, X4 və 3-cü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. İşə mahiyyəti üzrə baxılması xx xxxxxxxx 2020-ci il tarixə saat 12.00-a təyin edilmişdir. İddiaçı məhkəmə bildirişi qanunla müəyyən edilmiş qaydada çatdırılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən hazırkı iş üzrə iddiaçının iştirakı olmadan baxılması mümkündür. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin TB-nin xx xxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan məlum olur ki, X12 torpağın alqı-satqısına dair mübahisə məhkəmə predmeti olduğuna görə bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxx 2018-ci il tarixli ********** saylı çıxarışının surətindən məlum olur ki, Yevlax rayonu, Əkşəm kəndində Cavabdeh1, X2, X8 və X5 1.0781 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxx 2018-ci il tarixli ********** saylı çıxarışna əsasən Cavabdeh1, X2, X8 və X5 Yevlax rayonu, Əkşəm kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.0781 ha torpaq sahəsi verilmişdir. Tərəflər arasında olan razılaşma əsasında cavabdeh həmin torpaq sahəsini ******* manat X12 verilmişdir. Lakin tərəflər arasında notarial qaydada alqı-satqı olmamışdır. İddiaçı çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edərək cavabdehin notariat orqanına getməkdən yayındığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı əqdin bağlanmış hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edərək cavabdehlərin yayındığını bildirsə də, tərəflər öz aralarında müqavilə imzalayarkən notariat orqanlarına getmələrinə hər hansı bir maneə olmamışdır. Həmçinin məhəkəmə hesab edir ki, Dövlət reyestrindən xx xxxx 2018-ci il tarixli ********** saylı çıxarış verilərkən hər hansı bir pozuntu olmamışdır. Həmçinin çıxarışın verilməsinə əsas olmuş sənədlər mübahisələndirilmədiyindən çıxarışın ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X2, X8 və X5 qarşı «çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnsan Hüquqlarının və X11 HaqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vaitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşınatutulmuş (zəbtedilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsidə daxil olmaqla) torpaqları zəbtetmiş hüquqivə fiziki şəxslər tərəfindən və ya onların hesabına həyatakeçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reystrində qeydə alındığı tarixdən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik,istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 178.1-ci mad.göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi xx xxx 2006cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyışmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqeyə görə… əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır…. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması;notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsində göstərilir ki, məhkəmə əmlakın natura şəkilində alınmasını qət etdikdə onun adını, alınmalı əmlakı qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, X2, X8 və X5 qarşı «çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar