Məhkəmə qərarları › İş №2(039)-1916/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1916/2023

13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1916/2023 13.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh Yengenyeviçin iştirakları ilə, İddiaçı Cavabdeh Yengenyeviçə qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Yengenyeviçə qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Yengenyeviçlə onun birgə faktiki nikahlarından anadan olmuş övladı xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Yengenyeviç ilə onunla birgə faktiki nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 adlı bir uşaqları anadan olmuşdur. O, cavabdeh ilə oğlunun dünyaya gəlişindən təxminən bir il əvvəl tanış olmuş və faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuş və həmin tarixdən təxminən 1 il müddətinə Sumqayıt şəhərində kirayə kimi yaşamışlar. O, Cavabdeh subay bilib onunla ailə həyatı qurmuş, lakin ailə həyatı dövründə o, bilmiş ki, cavabdeh başqa bir qadınla rəsmi nikah münasibətindədir və bir övladı da vardır. Bir qədər sonra maddi vəziyyəti çox ağır olduğundan o uşağı ilə birlikdə anasının yanına qaytmışdır. Cavabdeh azyaşlı övladının saxlanılması üçün heç bir maddi yardım etməmişdir. Onun həmin dövrdə ehtiyacı olmadığı üçün cavabdehdən aliment tələbi etməmişdir. Onun və ailəsinin maddi durumu çox zəifləmişdir. Odur ki, yetkinlik yaşına çatmamış uşağını yaxşı böyütmək üçün cavabdehdən aliment tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək alimentə dair ərizə verərək Cavabdeh Yengenyeviçdən uşağın saxlanılması üçün hər ay 150 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir(müvafiq ərizə təqdim edir). Məhkəmə iclasında Cavabdeh Yengenyeviç iddianı qəbul etməyərək, izahatında iddiaçının tələbi ilə razı olmadığını, ikinci Qarabağ Müharibəsinin iştirakçısı olduğunu, özünün işləmədiyini, özünün ailəli olduğunu nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 266903 №li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh Yengenyeviç xx.xx.2014-cü il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. AZ-İİİ seriyalı 549144 №li doğum haqqında şəhadətnaməsin surətindən görünür ki, tərəflərin birgə xx.xx.2014-cü il təvəllüdlü İsmayıl adlı uşaqları var. xx.xx.2022-ci il tarixli, 01280 saylı arayışdan məlum olur ki, İddiaçı aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, Cavabdeh Yengenyeviç ikinci dərəcəli əlilldir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırkı halda xx.xx.2014-cü il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi qismən-hər ay uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutulması hissəsində təmin olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən aliment də həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq Cavabdeh Yengenyeviçdən hər ay uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi - 30 (otuz) manat Cavabdeh Yengenyeviçdən dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar